Məşhur rusiyalı siyasətçi Ermənistandakı biznesindən əl çəkdi


Ermənistanın ən böyük vergi ödəyicisi və dünyanın ən böyük 10 mis-molibden istehsalçısından biri olan Zəngəzur mis-molibden kombinatının əsas səhmdarlarından biri dəyişib.
Yeniavaz.com
xəbər verir ki, Zəngəzur mis-molibden kombinatının 12,5%-lik səhminə sahib olan Rusiyanın keçmiş səhiyyə naziri, Ukrayndakı keçmiş səfiri Mixail Zurabov kombinatdakı payını satıb.
Mixail Zurabov Zəngəzur mis-molibden kombinatındakı payını “Zəngəzur Mining” şirkəti vasitəsiylə idarə edib. “Zəngəzur Mining” şirkətinin 100%-lik sahibi Mixail Zurabov olub.
Hazırda “Zəngəzur Mining” şirkətinin iki sahibi var. Bunlar İtaliya vətəndaşı İqnasio Quaya və İsveçrə vətəndaşı Karlos Ballesterosdur.
Məlumat üçün bildirək ki, Mixail Zurabov Rusiya siyasi sisteminin məşhur simalarından biridir. 1998-1999-cu illərdə Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin sosial məsələlər üzrə müşaviri olub. Daha sonra Pensiya Fondunun rəhbəri təyin edilib. Zurabov 2004-cü ildə Rusiyanın səhiyyə və sosial naziri təyin edilib. Nazir vəzifəsindən ayrıldıqdan sonra Prezident Dmitri Medvedevin müşaviri olub. Onun sonuncu iş yeri Rusiyanın Ukraynadakı səfiri vəzifəsi olub və 2016-cı ilə qədər həmin vəzifədə qalıb. Məhz Rusiyanın Ukraynadakı səfiri vəzifəsini yerinə yetirərkən məşhur “Maydan hadisələri” baş verib və Rusiya-Ukrayna münasibətləri pisləşib.
Mixail Zurabovun qardaşı Aleksandr Zurabov “Aeroflot” şirkətinin baş direktoru olub. Hazırda Zurabovun Rusiyada bir-sıra biznes layihələri var.
Zurabovun Ermənistandakı biznesi mədən fəaliyyəti ilə məhdudlaşmayıb. Onun Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanlın qardaşı Karen Vanetsyanla biznes ortaqlığı olub. Ermənistanın ən böyük bitki yağları istehsalçısı və ixracatçısı olan “ExOil Group” şirkətinin 25%-lik payı Mixail Zurabova məxsus olub. Bu ilin mart ayında Zurabov şirkətdəki payını əsas səhmdar olan Karen Vanetsyana satıb.
Onu da bildirək ki, hazırda Zəngəzur mis-molibden kombinatının əsas sahibi Rusiyanın AEON Korporasiyasının sahibi Roman Trotsenkodur. Kombinatın səhmlərin 41%-i Roman Trotsenkonun oğlu Qleb Trotsenkoya məxsusdur. Hər iki şəxs ABŞ-ın sanksiya siyahısına daxil edilib.
Tarix: 13-11-2023, 22:01
Xəbəri paylaş





Xəbər lenti