“O, HƏQİQƏTƏN DİKTATORDUR” – Bayden görüşdən dərhal sonra Çin liderini diktator adlandırdı


Çin lideri ilə danışıqlardan bir neçə saat sonra ABŞ Prezidenti Co Bayden əvvəlki ritorikasına qayıdıb. Amerika lideri Çin lideri Si Cinpini yenidən “diktator” adlandırıb.
CNN müxbiri Baydendən Cinpini əvvəlki kimi diktator adlandırıb-adlandırmayacağını soruşub. Cavabında Bayden deyib: "Qulaq asın, bu ki həqiqətən belədir".
"O, kommunist olan ölkəni idarə edən bir şəxs olması mənasında diktatordur", deyə fikrinə davam edən ABŞ Prezidenti Çin hökumətinin "bizimkindən tamamilə fərqli olduğunu" bildirib.
Bir daha xatırladırıq ki, bəyanat Baydenin "ən məhsuldar danışıqlardan biri” kimi təsvir etdiyi iki lider arasında keçirilən zirvə görüşündən bir neçə saat sonra verilib.
Qeyd edək ki, Bayden əvvəllər Cinpini diktatorlarla müqayisə edib. Bu, fevral ayında ABŞ qırıcıları tərəfindən Çin şarının vurulmasına Çin liderinin reaksiyasını müzakirə etmək üçün iyun ayında Kaliforniyada keçirilən siyasi fandreyser zamanı baş verib.
Noyabrın 15-də Çin lideri Si Cinpin son altı ildə ilk dəfə ABŞ-a səfər edib. O, San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Açılış nitqində Si Cinpin vurğulayıb ki, Çin və ABŞ-ın bir-birindən üz döndərməyə haqqı yoxdur və rəqabət üstünlük təşkil edən tendensiyaya çevrilməməlidir. Öz növbəsində Bayden bildirib ki, ABŞ və Çin “həmişə bir-biri ilə razılaşmayıb, lakin görüşlərimiz həmişə səmimi, birbaşa və faydalı olub”.
Tarix: 16-11-2023, 10:39
Xəbəri paylaş





Xəbər lenti