Finlandiya dekabrın 14-də Rusiya ilə sərhədi aça bilər


Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrində bəzi maneələri aradan qaldırmağa hazırlaşır.
Yeniavaz.com 
ölkənin “Yle” nəşrinə istinadla xəbər verir ki, bu barədə Cənub-Şərqi Finlandiyanın sərhəd xidmətinin nümayəndəsi Heykki Axtiaynen məlumat verib.
Məlumata görə, Finlandiya hakimiyyəti miqrant axınının bərpa olunacağı təqdirdə sərhədin yenidən bağlanacağını da istisna etmir.
Axtiaynen maneələrin dekabrın 14-də qismən qaldırılacağını bildirib. Ancaq keçid məntəqəsinin yenidən bağlanmaq ehtimalı olduğu üçün hasarların bir hissəsinin yerində qalacağını qeyd edib.
“Sərhədlər açılsa da, üçüncü ölkələrdən böyük miqrant axınının davam edib-etməyəcəyini görməliyik”, - Axtiaynen deyib.
O vurğulayıb ki, Finlandiya sərhəd xidməti sığınacaq axtaranların yeni axını olacağı təqdirdə şərq sərhədində məhdudiyyətləri uzatmağa hazırdır.
Qeyd edək ki, Finlandiya Rusiya ilə sərhəddəki sonuncu keçid məntəqəsini noyabrın sonunda bağlayıb. Bununla da Finlandiya Rusiya ilə quru sərhəddini tamamilə bağlayıb. Yalnız “Vaynikkala” dəmir yolu keçid məntəqəsi açıq qalıb.
Finlandiya hakimiyyəti bu addımı Yaxın Şərq və Afrikadan Rusiya sərhədi ilə qanunsuz miqrant axını fonunda atdığını bildirib. Belə ki, Helsinki bu miqrasiya böhranını təşkil etməkdə Moskvadan şübhələnir.
Baş nazir Petteri Orpo isə şərq sərhədini bağlamaq qərarının Finlandiyanın milli təhlükəsizliyini Rusiyanın hibrid əməliyyatlarından qorumaq üçün qəbul edildiyini bildirib.
Xatırladaq ki, Estoniya hakimiyyəti də Rusiya ilə sərhədin bağlanmasının mümkünlüyünü bəyan edib.
Tarix: 11-12-2023, 21:17
Xəbəri paylaş





Xəbər lenti