İranda polis məntəqəsinə hücum – 12 nəfər ölüb


İranda polis məntəqəsinə silahlı hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, bir qrup terrorçu İranın Rask şəhərində yerləşən polis məntəqəsinə hücum edib.
Bildirilib ki, hücum nəticəsində 12 polis əməkdaşı həlak olub, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun təşkilatçısının separatçı “Ceyş əl-Adl” qruplaşması olduğu güman edilir.
Qeyd olunur ki, polis məntəqəsinə hücum təxminən səhər saat iki radələrində İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib.
Regionun inzibati mərkəzi olan Zahedan şəhərinin prokuroru Mehdi Şəmsabadi terror aktı ilə bağlı danışıb. O, atışma zamanı asayiş keşikçilərinə hücum edənlərdən bir neçəsinin zərərsizləşdirildiyini bildirib.
İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Seyid Məcid Mirəhmədi də terror aktının təfərrüatları ilə bağlı danışıb və bölgənin mühasirəyə alındığını, həmçinin digər terrorçuların tutulması üçün axtarışların davam etdiyini bildirib. Mirəhmədi terrorçulardan 2-nin əsir götürüldüyünü, 1-nin yaralandığını və həbs edildiyini, digərlərinin isə qaçdığını bildirib.
DİN rəsmisi hücuma görə məsuliyyəti “Ceyş əl-Adl” terror qruplaşmasının öz üzərinə götürdüyünü  bəyan edib.
Qeyd edək ki, bu, Sistan və Bəlucistanda təhlükəsizlik qüvvələrinə qarşı törədilən ilk terror aktı deyil. Bundan əvvəl “Ceyş əl-Adl” 27 İran əsgərinin həlak olması ilə nəticələnən avtobusun partladılmasına görə məsuliyyəti də öz üzərinə götürüb.
Tarix: 15-12-2023, 17:04
Xəbəri paylaş





Xəbər lenti