"Ukrayna işğal olunsa, Rusiya postsovet respublikalarını özünə birləşdirəcək" - XAQANİ CƏFƏRLİ


"Ukraynadan sonra Moskvanın hədəfi olacaq postsovet respublikaları isə Rusiyanın məğlub olmaması üçün sanksiyalardan yayınmasına yardım edərək öz fəlakətlərini hazırlayırlar"
"Rusiyalı yazıçı və "Ədalətli Rusiya" partiyasının həmsədri Zaxar Prilepin Özbəkistanın və keçmiş SSRİ-nin digər ərazilərinin Rusiyaya birləşdirilməsini təklif edib. Putinin körüklədiyi rus şovinizminin öncüllərindən və Ukrayna qarşı müharibənin ilk təxribatçlarından olan Prilepin hesab edir ki, Kiyevdə parad keçirdikdən sonra Avrasiya ərazisində onlara kimsə nəyisə qadağan edə bilməyəcək? "Ədalətli Rusiya" partiyasının həmsədri belə düşünürsə, "Vahid Rusiya"çıların niyyətlərinin nədən ibarət olduğunu müəyyən etmək çətin deyil". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq hesab edir ki, Ukrayna məğlub ediləcəyi halda Rusiyanın Avrasiyada istədiyini etməkdə ona maneə olacaq bir gücün olmaması ilə bağlı məsələdə Prilpin haqlıdır: "Əgər Ukrayna işğal olunsa, Rusiya Avrasiyada istədiyini edəcək və postsovet respublikalarını qısa zamanda Rusiyaya birləşdirəcək. Moskvada hesab edirlər ki, Ukraynanın məğlubiyyətindən sonra Moldovanı işğal etmək üçün bir gün vaxt lazımdır. Moskva Gürcüstanın işğalına 3 gün, Mərkəzi Asiyanın beş respublikasının Rusiyaya birləşdirilməsinə isə 14 gün vaxt lazım olacağını düşünür. Ukraynadan sonra Moskvanın hədəfi olacaq postsovet respublikaları isə Rusiyanın məğlub olmaması üçün sanksiyalardan yayınmasına yardım edərək öz fəlakətlərini hazırlayırlar".
Xaqani Cəfərli əlavə edib ki, Prilepinin dövlətə məxsus informasiya agentliyinin kürsüsündən səsləndirdiyi bədnam açıqlamanın diqqət çəkən bir məqamı da postsovet xalqlarına qarşı aşağılayacı münasibətdir: "Bu yalnız Prilepinin yanaşması deyil. Rusiyanın siyasi və hərbi elitasının postsovet respublikalarına, xalqlarına münasibəti bundan ibarətdir".
Tarix: 22-12-2023, 20:56
Xəbəri paylaş





Xəbər lenti