Rusiyanın Avropaya müharibə elan etməsi NƏ QƏDƏR REALDIR?


Kənan Novruzov: "Medvedevin sosial şəbəkə hesabında yazdıqlarının reallıq dərəcəsi əslində Qərbin addımlarından asılıdır"
"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev teleqramda yazıb ki, Rusiya Ukraynada xarici hərbi bazalar yaradılacağı təqdirdə onları mütləq vuracaq. O, bildirib ki, Avropa İttifaqının (Aİ) Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannaməsi Kiyevə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi, həmçinin Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamağa imkan verir. Medvedev yazıb ki, Rusiya Ukraynada ehtimal edilən xarici hərbi bazanın yaradılmasına cavab verəcək". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.
Ekspert bildirib ki, Medvedev daha əvvəl nüvə silahının tətbiqi barədə Qərb ölkələrinə xəbərdarlıq etmişdi: "Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib. Ümumiyyətlə, Rusiyanın Ukraynadakı müharibə ilə bağlı ritorikası daha çox hədə və xəbərdarlıq üzərində qurulub. Rəsmi Moskva ayrı-ayrı vaxtlarda dəfələrlə sərt ritorika ilə çıxış edib. Kremlin ən loyal mövqeyi isə Rusiyanın şərtləri nəzərə alınmaqla danışaqlara hazır olmaqla bağlıdır".
Kənan Novruzovun sözlərinə görə, görünən odur ki, Rusiya hələ ki, özünə güvənir, bu səbəbdən də geri çəkilmək fikri yoxdur: "Medvedevin sosial şəbəkə hesabında yazdıqlarının reallıq dərəcəsi əslində xeyli dərəcədə Qərbin addımlarından asılıdır. İlk sual budur: Aİ Ukraynada hərbi baza yaradacaqmı? Bunun ağlabatan olduğunu inanmıram. İlk növbədə ona görə ki, ABŞ və Aİ-də hələ də Ukrayna ilə bağlı yekdil fikir yoxdur. Ayrı-ayrı Aİ dövlətləri Ukraynaya yardımla bağlı fərqli mövqe ortaya qoyurlar. Bu, rəsmi Kiyevin Aİ-yə üzvlüyü məsələsində də özünü aydın göstərir. Bu isə o deməkdir ki, Aİ-yə üzvlərdən biri və ya bir neçəsinin Ukraynada hərbi bazanın yaradılmasına veto qoyması da mümkündür. İkincisi, Avropa indiki məqamda nə Rusiya ilə müharibəyə girmək, nə də Moskavanın əlinə bəhanə vermək istəyir. Ona görə də Qərb tələsik addımlar atmayacaq. Beləliklə, Aİ Ukraynada hərbi baza yaratmayaq. Bu isə o deməkdir ki, Rusiyanın Avropaya müharibə elan etməsi hələ o qədər də real deyil. Bu, yalnız Qərbin müharibəyə birbaşa qoşulacağı təqdirdə olacaq".
Tarix: 26-12-2023, 14:28
Xəbəri paylaş





Xəbər lenti