Ukraynadan Rusiyaya ağır zərbə: “Novoçerkassk” desant gəmisi məhv olunub



 
Ukrayna Hava Qüvvələri dünən Krımın Feodosiya limanına raket zərbələri endirib.
 
Siam.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, hücum nəticəsində Rusiyanın böyük desant gəmisi “Novoçerkassk” məhv olunub.
 
İlkin məlumatlara görə, gəmidə həmin vaxt 73 rus hərbçisi var imiş və onların taleyi “sual altında”dır. Rusiyanın rəsmi mənbələri isə hücum nəticəsində 1 nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib.
 
Ukrayna Hava Qüvvələri "Novoçerkassk" desant gəmisinin məhv edildiyini doğrulayıb. Məlumatda qeyd olunub ki, bu gəmi Rusiyanın Ukraynaya hücum üçün fəal şəkildə istifadə etdiyi "Şahed" tipli pilotsuz uçuş aparatlarını daşıyırdı. Vuruluş anında gəmidə 2000-dən çox “Şahed” dronunun olduğu və hamısının da partladığı ehtimal olunur.
 
Digər məlumatlara görə, Feodosiya limanı da istifadəyə yararsız hala düşüb.
 
“Azadlıq” radiosunun yaydığı peyk görüntülərindən aydın olur ki, dünənki hücumda bir yox, iki gəmi batırılıb. Vurulan digər gəminin T-43 "UTS-150" sinif təlim gəmisi ola biləcəyi təxmin edilir.
 
Mütəxəssislərin fikrincə, dünənki həmlə son zamanlar cəbhə xəttində yaranmış tıxanmanı açmaq, Ukrayna Silahlı Qüvvələrinə yeni uğurlar qazandırmaq məqsədi daşıyırdı və bu əməliyyatın ərsəyə gəlməsində Böyük Britaniyanın dəstəyi önəmli rol oynamışdır. Son zamanlar Ukrayna hərbi təyyarələrinin rus qırıcılarını daha intensiv ovlaması da bunu iddiaları təsdiqləyir.

Mənbə: Ovqat.com

Tarix: 27-12-2023, 09:01
Xəbəri paylaş





Xəbər lenti