Əhali bələdiyyənin qapısını qaynaqladı

Əhali bələdiyyənin qapısını qaynaqladı Göygöl rayonunun Qızılca kəndində maraqlı hadisə baş verib.

Kəndin əhalisi Göygöl rayonu Qızılca kənd bələdiyyəsinin fəaliyyətsizliyinə görə, inzibati binasının qapısını qaynaqlayıb.

Onlar bunun səbəbini bələdiyyə sədrinin və 9 üzvünün kəndin heç bir qayğısı ilə maraqlanmamasıyla əsaslandırıblar.

Bu addımı atanlar bildiriblər ki, Qızılca kənd bələdiyyəsinin inzibati binasının qapılarının hər zaman müraciət edənlərin üzünə bağlı olması, yığılıb qalan problemlərinin həlli üçün müraciət etdikləri bələdiyyə üzvlərinin və sədrinin yerində tapılmaması onları buna vadar edib.

Bu səbəbdən də qəzəblənən, narazı kənd əhalisi qaynaq aparatıyla bələdiyyənin inzibati binasının dəmir qapısını qaynaqlayıblar.

Hadisədən bir neçə saat sonra bundan xəbər tutan Göygöl rayon Polis Şöbəsinin əməkdaşları, icra hakimiyyətinin nümayəndəsiylə birlikdə kəndə gələrək, əhali ilə görüşüb, danışıqlar aparıblar.

Rəsmi şəxslərin apardığı profilaktik söhbətlərdən 1 gün sonra əhali Qızılca kənd bələdiyyəsinin inzibati binasının qapısınını açılmasına razılıq verib.

Sakinlər onu da qeyd ediblər ki, kənddə formalaşan bələdiyyənin nə sədrini, nə də üzvlərini əhali səs verib, seçib.

Həmin şəxslər Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov tərəfindən təyin ediliblər.

Belə ki, bələdiyyə seçkiləri zamanı kəndin əhalisi öz namizədlərini qeydə aldıra bilmədiklərinə görə, səsverməyə qatılmayıb və iştirak etməyiblər. (Gununsesi.info)
Tarix: 25-03-2017, 19:41
Xəbəri paylaş





Xəbər lenti