Göyçay sakini torpağının ələ keçirilməsində icarəyə verdiyi şəxslə yanaşı, bəldiyyə, notarius və məhkəməni də ittiham edirGöyçay rayonu, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun adına olan torpaq sahəsini saxtakarlıqla ələ keçiriblər:“Mən, İsrafilov Əlövsət Əjdər oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırasınız.
Belə ki, 1998-ci ildə ölkəmizdə torpaq islahatı keçirilən zaman bizim də ailə üzvlərimizə Aqrar İslahat Komissiyasının qərarı ilə, JN 349 saylı dövlət aktına əsasən 1.46 ha torpaq payı verilmişdir. Həmin torpaq sahəsi qonşu kənd olan Veysəllinin yaxınlığında yerləşir. Torpaq sahəsi yaşadığımız evdən çox uzaqlarda olduğundan, Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu bizimlə icara şərti ilə razılaşaraq, torpağın dövlət aktını bizdən aldı. 2000-2003-cü illərdə normal şəkildə Mehman biza icarə haqqı verdi. Sonrakı illərdə icarə haqqını vermədi. Səbəbini soruşanda bildirdi ki, məhsul götürə bilməyib.
Sənədlərimizi Mehmandan tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdi. 2023- cü ildə torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın 16 saylı idarəsinə müraciət etdim. 16 saylı ərazi idarəsindən 349 saylı dövlət aktına əsasən 1.46 ha torpaq sahəsinin olduğu barədə dövlət reystrindən arayış təqdim etsələr də, sonradan bizim torpaq sahəmizə çıxarış və plan-ölçü sənədlərinin verilməsindən imtina etdilər.
İmtina ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciətim zamanı bizə məlum oldu ki, mülkiyyətimizdə olan torpaq sahəsini Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu Göyçay rayon Ləkçılpaq kənd sakini Fəttayev Məzahir Yusif oğluna 30 000 ABŞ dollarına satmışdır(cəmi 46.46 ha).
Belə ki, Göyçay rayon Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu Ləkçılpaq kənd sakini Fəttayev Məzahir Yusif oğlu ilə qabaqcadan əlbir olaraq mülkiyyətçilərin torpaq sahələrini bizdən və mülkiyyətçilərdən xəbərsiz, bu barədə heç bir notariat sənədləri aparılmadan, 2024-cü ildə Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə qanuniləşdirmişdi.
Şəki Apellyasiya Məhkəməsinin hakimi saxtakarlıq faktlarını təsdiq etsə də, saxtakarların cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarmadı. Etibarımızdan sui-istifadə edərək cinayət törətmiş saxtakar barədə tədbir görən yoxdur.
Sizdən xahiş edirik ki, qabaqcadan əlbir olaraq bizim (o cümlədən 40 nəfər mülkiyyətçinin cəmisi 44.43 ha) torpaq payımızı sataraq dələduzluq edən Göyçay rayonu, Veysəlli kənd sakini Fətdayev Məzahir Yusif oğlu barəsində qanuni tədbir görülməsinə köməklik edəsiniz.
Qeyd edim ki, rayonda bu hadisə tək mənim başıma gəlməyib. Rayon sakinlərinin əksəriyyəti aldadılıb. Lakin onlar imkanları olmadığı üçün məhkəmələrə müraciət edə bilmirlər. Deməli, bizim əlimizdə sənəd var, amma qarşı tərəfin əlində sənəd yoxdur. Mənim torpaq sahəm 2 nəfərə satılıb, amma heç birinin əlində sənədi yoxdur. İcarəyə verdiyim şəxs saxtakarlıq edərək, bəzi qurumlarla birgə torpağı satıb.
Hakim düzgün qərar verə bilmir, bu səbəbdəndə qərardadı ləğv edir. Yəni açıq-aydın bildirir ki, biz bu məsələyə baxa bilmirik. Çünki, baxsa düzgün qərar verməyə məcbur olacaq.
Məsələ ilə bağlı Baş prokurorun qəbulunda da olmuşam. Problemi açıq -aşkar danışmışam. Baş prokuror dedi ki, işi “Korrupsiya İdarəsi”nə verəcəyik. Ordan qayıdandan 1 həftə sonra mənə “Korrupsiya İdarəsi”ndə zəng gəldi. Amma necə oldusa, işdə olan cinayət faktı ləğv edildi.
Bu hadisədə Bələdiyyənin, Notariusun və İcra Hakimiyyətinin qanunsuzluqları var. Çünki mənim adıma olan torpaq sahəsi bu qurumların əli ilə başqasına satılıb.
Onu da deyim ki, qətnamənin biri tamamilə gizlədilirdi. Fərhad Əfəndiyevin sağlığında verilmiş qərar o, rəhmətə gedəndən sonra üzə çıxdı. Yəni saxtakarlıq buradan da bəllidir. Çünki sənəddə sübutlar açıq-aşkardır.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Tarix: 9-07-2024, 10:58