Qəbələ RİH-nin ətrafında zibillik - BAŞÇI TƏNQİD EDİLDİ - RƏSMİ CAVAB - VİDEO
Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasının 30 metrliyində görüntülənən zibillik sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.
Pravda.az xəbər verir ki, sakinlərin sözlərinə görə, uzun müddətdir, qalaqlanan zibil ətrafda anti-sanitar vəziyyət yaradıb.
Konteynerlərin vaxtında təmizlənməməsi səbəbindən yayın isti günlərində həmin ərazidə üfunət qoxusu qalxır, ağcaqanad, milçək yığılır.
Bu isə ətraf ərazidə yaşayan sakinləri ciddi narahat edir.
Mövcud vəziyyətlə bağlı görüntülər sosial şəbəkələrdə geniş şəkildə paylaşılıb, icra başçısı Səbuhi Allahverdiyevin fəaliyyəti önə çəkilib, başçı ciddi tənqidlərə tuş gəlib.
Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. RİH ərazinin təmizlənməsi barədə görüntüləri göndərərək məsələyə aydınlıq gətirib: “Qəbələ şəhəri ərazisində məişət tullantılarının atılması üçün zibil qutuları quraşdırılmış və müvafiq ərazi müəyyən edilib, aidiyyəti qurumlar tərəfindən gündəlik işlər aparılmaqdadır. Qeyd olunan əraziyə vətəndaşlar və rayona səfər edən turistlər tərəfindən tullantılar atılıb, dəfələrlə aidiyyəti orqanlar tərəfindən təmizlik işlərinin aparılmasına və sakinlərə xəbərdarlıq olunmasına baxmayaraq bu kimi hallara yenə də rast gəlinir. Məlumat üçün bildiririk ki, artıq həmin ərazi yenidən tullantılardan təmizlənib”.
Qeyd: S.Allahverdiyev 2010-cu ildən bəri Qəbələ RİH-nin başçısı vəzifəsində çalışır. RİH-nin rəsmi saytının “Aparatın strukturu” bölməsində isə nə icra başçısının adı, əlaqə nömrəsi, nə də onun birinci müavinin adı qeyd edilib. Həmin bölmələr boş saxlanılıb.