Lənkəranda icra nümayəndəsi ilə bələdiyyə sədri sakinlərin mənzilinə icazəsiz hansı məqsədlərlə giriblər - VİDEO


Taleh Qaraşovun yerlərdəki nümayəndələri "qoçuluq" etməyə başlayıblar.

Bunu biz yox, Lənkəran rayonunun bəzi kəndlərinin sakinləri deyir.

"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Lənkəran rayon İcra Hakimiyyətinin qəribə qərarı barəsində məlumat daxil olub.

Mənbənin redaksiyamıza bildirdiyinə görə, İcra başçısı Məhərrəm ayında evlərdə təziyə məclislərinin keçirilməsini qadağan edib. Səbəbi barədə isə yerli sakinlər onlara heç bir məlumat verilmədiyini deyirlər.

Daxil olan məlumatda bildirilir ki, bir neçə gün əvvəl Lənkəran rayon Girdəni kənd sakini Dilrubə Quliyeva özü sahədə çiyələk yığımında olarkən, gündüz saat təqribən 15:00 - 16:00 radələrində kənd icra nümayəndəsi Ülkər İsmayılova, onun müavini Təhmasib Məmmədov və yerli bələdiyyə sədri ondan xəbərsiz evinə gedib, hətta evdə azyaşlı uşağın tək olmasına baxmayaraq, icazəsiz evə daxil olub, evdə axtarış aparıblar.

Dilrubə Quliyeva evə gəldiyində övladının qorxmuş halda olduğunu və özünün dediyinə görə evində saxladığı 500 manat pulunun yerində olmadığını görüb.

O, övladını da götürüb, ərazi icra nümayəndəliyinin inzibati binasına gedib, evindən yoxa çıxmış pulunu geri tələb edib. Belə olan halda, icra nümayəndəsi və müavini xanıma qarşı şiddət göstərməyə təşəbbüs göstəriblər.

Qeyd edək ki, bütün bu hallar audio səs yazısı formatında redaksiyamıza göndərilib. Göndərilən səs yazısında azyaşlı uşağın Təhmasib Məmmədovun yüksək səslə danışmasından, anasını hədələməsindən qorxduğu və qorxudan qışqırdığı da əks olunur.

Qeyd edək ki, məlumatla əlaqədar adıçəkilən icra nümayəndəsi Ülkər İsmayılova və onun müavini Təhmasib Məmmədovun da mövqeyini öyrənmək üçün telefon əlaqəsi saxladıq. Ülkər xanım əvvəl susdu, ardından isə gün ərzində özü bizimlə əlaqə saxlayacağını deyib, tələsik sağollaşdı.

Təhmasib Məmmədov isə dolayısıyla mudirini qorumaq üçün etdiyini deməklə özünə haqq qazandırmağa çalışdı. Dediyinə görə, Dilrubə Quliyeva Ülkər İsmayılovanı təhqir edib deyə, o, özündən çıxıb, səsini qaldırıb.

"Buna dair faktınız varmı" sualına isə verəcək cavabı olmadı. Yuxarıda təqdim etdiyimiz videoda da gördüyünüz kimi Təhmasib Məmmədovdan fərqli olaraq, Dilrubə Quliyevanın ən azından dediklərini təsdiq edən səs yazısı var.

Bundan əlavə, tutaq ki, bu qışqırmaq, şiddət göstərməyə təşəbbüs etmək, eləcə də təhdid etməyi qoyduq kənara, maraqlıdır adıçəkilən şəxslər hansı əsasla, hansı ixtiyarla vətəndaşı özü evdə olmadan, onun xəbəri, yaxud icazəsi olmadan evinə girib, axtarış aparır?

Hüquq-mühafizə orqanları belə əlində orderi olmadan, hər hansı bir vətəndaşın evinə daxil olub, axtarış aparmırlar.

İcra nümayəndəsi, bələdiyyə sədri kim olaraq axtarış aparır və ümumiyyətlə nə axtarır?

Onlara bu səlahiyyəti kim verib?

Qeyd edək ki, xanımın şikayət edəcəyindən ehtiyat edən icra nümayəndəliyi hadisə baş verən gün deyil, ertəsi günü "qara məni basınca, mən qaranı basım" düşüncəsilə Dilrubə Quliyeva barəsində polis orqanlarına şikayət edib.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Tarix: 17-07-2024, 10:22
Xəbəri paylaş





Xəbər lenti