YAP Tərtər Rayon Təşkilatının yaranmasının 31 illiyi qeyd olunub



Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı
ilə YAP rayon təşkilatının yaranmasının 31 illiyi qeyd olunub.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri,
İƏD üzrə nümayəndələr, Ərazi Partiya təşkilat sədrləri və partiya fəalları iştirak
ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək
önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Tədbirdə
öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin,
torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin 
dünyasını dəyişmiş YAP üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov rayon təşkilatının üzvlərini səmimi qəlbdən təbrik edərək, onlara
işlərində uğurlar arzulayıb.
Rayon rəhbəri Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə ümummilli
lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis
edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər kəsiminin YAP-ın
sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs edib.
Bildirib ki, Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün çətin tarixi dövrdə
yaranması heç kim üçün sirr deyil. Keçən 31 il ərzində partiyanın bugünkü
inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeydə
edə bilərik. Partiya sıralarında bütün kateqoriyadan olan insanların təmsil
olunması isə onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır.
İcra başçısı o dövrdəki ictimai-siyasi durumdan, Azərbaycanın vətənpərvər və
ziyalı insanlarının nicat yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıtmasında görürdüklərindən, onların Ulu öndərə müraciət
ünvanlamalarından, müraciəti ünvanlayan məşhur “91-lər”in öz tarixi
missiyalarını şərəflə yerinə yetirmələrindən danışıb.
Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransının
keçirilməsindən 7 ay sonra YAP-ın iqtidar partiyasına çevrildiyini qeyd edib.
Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər
Əliyevin müəyyən etdiyi dövlətçilik  idarəetmə prinsiplərinə söykənərək
müstəqil dövlətimizin qurulması yolunda çoxşaxəli fəaliyyət göstərib. Bu gün
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti
partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi
resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq
siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir
ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın
müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə
layiqli yerini möhkəmləndirdi.
Bu illər ərzində Azərbaycan gücləndi, Ordumuz yenidən təşkil edildi. Nəticədə
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun mütləq qələbəsi ilə
yekunlaşdı. Azərbaycanın malik olduğu imkanların, birliyimizin,
həmrəyliyimizin təqdimatı oldu. Torpaqlarımızın işğaldan azad edilməsi ilə
ölkə rəhbəri ata vəsiyyətini yerinə yetirdi.
Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər DAİM-in direktoru
Mehman Babayev, 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Könül
Qurbanova, YAP veteranı Zakir Qurbanov YAP-ın Azərbaycanın siyasi
həyatında əvəzsiz rolundan, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta
bütün dünyada yüksək nüfuza malik olduğunu söyləyiblər. YAP-ın sıralarının
gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu
Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu
vurğulayıblar.
Tədbirin sonunda YAP Tərtər rayon təşkilatı tərəfindən YAP sıralarına yeni
qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri və rayonun ictimai - siyasi
həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına fəxri fərmanlar
təqdim edilib.
 
Tarix: 24-07-2024, 12:34
Xəbəri paylaş





Xəbər lenti