QƏBƏLƏDƏ ŞƏKƏR XƏSTƏSİ OLAN YAŞLI QADINA İNSULİN VERİLMİR – “82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib” / Şikayət
Qəbələ rayonu, Bum qəsəbəsinin sakini Teymurov Rahim Vaqif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş iddia edir ki, şəkərli diabet xəstəsi olan anası Teymurova Səmərrux Bəhərçin qızına mütəmadi olaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasında vurdurduğu insulini artıq əldə etmək haqqının olmadığı deyilib. Şikayətçi əczanədən bu dərmanı almaq imkanının olmadığını deyir. Hansı ki, həmin dərman hər gün 3 dəfə istifadə olunmalıdır... Qeyd edək ki, insulin mədəaltı vəzidə sekresiya olunan hormondur. Hər dəfə qida qəbulundan sonra, xüsusi ilə də karbohidratlarla zəngin qida qəbul etdikdə mədəaltı vəzi daha çox insulin ifraz edir ki, yeyilən qidanın tərkibindəki şəkəri hüceyrə daxilinə ötürüb qanda qan şəkərlərini normallaşdırsın. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada 422 milyon insan diabetdən əziyyət çəkir, onların 150 milyonu hər gün insulin vurdurmağa məcbur olur. Diabetlə bağlı son araşdırmaya görə, sürətlə artan piylənmə və bunula əlaqəli səbəblərdən 2050-ci ilə qədər dünyada diabet xəstələrinin sayı iki dəfədən çox artaraq 1,3 milyardı keçə bilər. Teymurov Rahim Vaqif oğlu heç bir yerdən köməyi olmadığını vurğulayır: “Mən, Teymurov Rahim Vaqif oğlu, yazaraq nəzərinizə çatdırıram ki, anam Teymurova Səmərrux Bəhərçin qızı Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yüksək dərəcəli şəkər xəstəsi kimi qeydiyyatdadır. Bu ilin iyun ayına kimi hər ayda 2 flakon olmaqla, insulin ilə dövlət hesabına təmin olunub. Gündə ona 3 dəfə iynə vurulur. Sözügedən xəstəxanada artıq 82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib. Deyirlər ki, baş nazirin qərarına əsasən, hər bir şəkər xəstəsi il ərzində 12 flakondan artıq insulin istifadə etməsin. Nə düşünürlər? Bunlar elə bilirlər ki, biz bu insulini içirik. Mənim anam 380 manat təqaüd alır. Aptekdə insulini 23 manata satırlar. Bizi məcbur edirlər ki, gedib pulla alaq. Allaha and olsun ki, çox çətin vəziyətdə yaşayırıq. Dolanışığımız güclə çatır, bu dərmana necə pul çatdıraq? Bu insanlar xəstələrin haqqını yeməkdən çəkinmirlər”.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ceyhun Əhmədov mövzu ilə bağlı Hurriyyet.az saytına açıqlama verib. Onun sözlərinə görə, dövlət hər xəstə üçün 1 il ərzində cəmi 14 sayda insulin ayırır: “Respublika Endokrinoloji Dispanserin qərarı ilə şəkərli diabet xəstələrinə 1 il ərzində 14 qutu insulin vurmaq olar. Bizə də xəstə sayına uyğun şəkildə gəlir. Vətəndaşı tanıyıram, bir neç dəfə qəbul etmişik. Qərarda bildirildiyi kimi, dövlətin ayırdığı 14 sayda dərmanı əldə edib. Əlimizdə artıq insulin yoxdur. Başqa xəstələrin haqqını ona verək? Qanuna görə, həmin xəstələr də kəsdiyimiz insulin iynəsini bizdən tələb edər axı. Gərək şikayətçi Endokrinoloji Dispanserdən əsaslı bir sənəd, epikriz və ya başqa bir şey gətirsin ki, ona əsasən, vətəndaşa əlavə insulin ayrılsın. Məsələn, ayağı amputasiya olan, vəziyyəti ağırlaşmış xəstələr var ki, onlar müəyyən sənədləri gətirirlər, dərmanları sifariş veririk, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə həmin dərmanlar gəlir. Biz də xəstələri təmin edirik”. Huriyyet.az saytı olaraq TƏBİB-dən aldığımız cavaba görə, məsələ araşdırılacaq.