“Azəristilik” verdiyi vədə əməl etdimi?

“Azəristilik” verdiyi vədə əməl etdimi? “Noyabrın 20-də gün ərzində qazanxanaların 90 faizi işə düşüb”

Noyabr ayının 15-dən istilik mövsümü başlasa da, bir çox ərazilərdə mənzillərdə, eləcə də təhsil və səhiyyə ocaqlarında istilik sisteminin işə düşməsi gecikirdi. Bunun ardınca, “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlama verərək bildirmişdi ki, noyabrın 20-dən artıq heç bir ərazidə istiliyin verilməsinə problem qalmayacaq:

“”Noyabr ayının 15-dən istilik mövsümü başlamasına baxmayaraq, bütün mənzillərə eyni vaxtda istilik verə bilməmişik. Biz “Azəriqaz”a müraciət etdik ki, qazanxanaların qaz təchizatını tədricən yerinə yetirsinlər. Çünki birdən-birə 551 qazanxananın istiliklə təmin edilməsi mümkün deyil. “Azəriqaz” qaz təminatını tənzimləyir, qazanxanalar işə düşdükdən sonra biz tənzimləmə aparırıq. Bu da müəyyən vaxt alır. Amma hazırda qazanxanaların böyük hissəsi istiliklə təmin olunub, sadəcə, tənzimləmə aparılır".

Artıq bu gün noyabrın 21-dir. “Azəristiliktəchizat” rəsmisinin vəd verdiyi tarix geridə qalıb. Bəs görəsən, mənzillərə istiliyin verilməsi tam bərpa edilibmi?

“Yeni Müsavat” bu sualla yenidən “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevə müraciət edib.

R.Əliyev bildirib ki, son 3 gündür “Azəriqaz”la gücləndirilmiş iş rejimində çalışılıb və bütün qazanxanalar işə salınıb: “Demək olar ki, noyabrın 20-də gün ərzində qazanxanaların 90 faizi işə düşüb. 10 faizində isə məktəblərdə tətil olması ilə bağlı onlardan daxil olan müraciətlərə görə saxlamışdıq ki, içəridə axıntı ola bilər. Artıq bu gündən dərs günü başladığına görə, ötən gün axşamdan göstəriş vermişik ki, həmin qazanxanalar da işə düşsün. Ümumilikdə isə hər hansı problem yoxdur. Bəzi yerlərdə qazın təzyiqi ilə bağlı tənzimləmələr davam etdirilir. Qazanxanaların sıx olduğu yerdə onların hamısı kütləvi şəkildə işə düşəndə qazın təzyiqi aşağı düşür. Bununla bağlı da müraciət etmişik və tənzimləmə işləri aparılır. Elə bir ciddi problem yoxdur”.

“Azəristilik” verdiyi vədə əməl etdimi?

R.Əliyevin sözlərinə görə, abonentlərdən hər zamankı kimi şikayətlər daxil olur: “Onların hamısı araşdırılır. İstilik mövsümü təzə başlayanda daxil olan şikayətlərin xarakteri mənzillərdəki xətlərin havasının buraxılması ilə bağlıdır. Binadakı sonuncu mənzillər xətti açıb havasını buraxmalıdır. Çox mənzillərdə problem bununla bağlıdır. Çağrı mərkəzinə daxil olan zənglərin 70 faizində səbəb məhz budur. Cəmi 10 faizində qazın təzyiqinin aşağı olması səbəbindən temperaturla bağlı şikayətlər idi. Onun üçün də ”Azəriqaz"a müraciət elədik və həmin ərazidə qazın təzyiqini artırdılar. Qazanxanaların isə heç birində problem yoxdur, hamısı işə salınıb".

Nərgiz LİFTİYEVA
Tarix: 21-11-2017, 10:28
Xəbəri paylaş





Xəbər lenti