AST TELMAN NİYƏ ÇÖKDÜRÜLÜR ? - MİLYARDERİ YAXINDAN TANIYAN EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

AST TELMAN NİYƏ ÇÖKDÜRÜLÜR ? - MİLYARDERİ YAXINDAN TANIYAN EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI İlqar Altay:"Öz səhvidir, ayaq tutub inkişaf etdiyi mühitin, cəmiyyətin, ölkənin ümumi qaydalarına riayət etmədi”.
"Onun Rusiyadan kənarda heç vaxt biznesi və həminki imkanları baş tutmaz. Bu adamın inkişaf və bacarığı Rusiya mühitinə və standartlarına uyğun olub, Qərbə yox”




"Telman İsmayılov bacarıqlı və çox riskli bir iş adamıdır. Bu risk və bacarığı da qısa müddətdə Rusiya kimi münbit mühitdə sürətli inkişafı üçün ona yardımçı oldu”.

Bunu "Sherg.az”a Telman İsmayılovun Fransa hökumətinə müraciət edərək siyasi sığınacaq istəməsindən danışarkən kriminalist- ekspert İlqar Altay deyib.

İş adamını yaxından tanıdığını vurğulayan İ.Altayın sözlərinə görə, o, əlindən gələni əsirgəmədən imkanını xüsusi əliaçıqlıqla yuxarı instansiyalara, tanınmışlara, hətta aşağı işçilərlə də paylaşa biləndir:

"Bu da həmin mühitdə ona xeyli üstünlük gətirdi. Amma onun Rusiya siyasi mühitinə bir uyğunsuz cəhəti vardı ki, həddən artıq özünəməxsus qeyri-standart insan idi. Mühitlə, ümumi qaydalarla hesablaşmadan, beyninə yerləşən istənilən sərbəst, gözlənilməz addım ata bilməsi baxımından Rusiya mühitinə uyğun deyildi. Amma Rusiya kənardan göründüyü kimi də buraxma ölkə deyil. Öz yazılmamış daxili siyasəti, davranış qaydaları var. Düzdür, qanunlar pozulur, məmur özbaşınalığı, oliqarxiya, korrupsiya, kriminal aləm, cinayət çoxdur. Amma orada yazılmamış qanunlar bütün bu müxtəlifliyi, ziddiyyət bir sistem halına qəlibə salıb o boyda ölkəni vahid əldə mərkəzləşdirib idarə etməyə imkan verir.

Telman əvvəl həmin qeyri-standart addımları ilə Rusiya daxilində baş girələyirdi. Buna bir qədər imkan verilir və göz yumulurdu. Elə ki, imkanları çoxaldı, beynəlxalq arenaya çıxdı və bu qeyri-standart, razılaşdırılmamış hərəkətlərini beynəlxalq səviyyədə edəndə artıq bu o mühit idarəedicisinin marağına toxundu. Həmçinin Rusiyanın xüsusi qısqanclıqla yanaşdığı xarici imic və s. kimi maraqlarına təsir etdi. Bu səbəbdən də onun əl - ayağının yığışdırılması və yerində oturdulmasına, sonra da çökdürülməsinə start verildi. Səbəb budur. Öz səhvidir, ayaq tutub inkişaf etdiyi mühitin, cəmiyyətin, ölkənin ümumi qaydalarına riayət etmədi”.

Ekspertin sözlərinə görə, iş adamının Fransadan sığınacaq istəməsi müsbət reallaşa bilər:

"Bir halda ki, Rusiyada haqqında cinayət işi qaldırılıb, çətin, onu Rusiyaya təhvil versinlər. Çünki Berezovski və başqa mühacir iş adamları kimi bir sıra açıqlamaları, addımları ilə məsələni siyasi müstəviyə çəkəcək. Ancaq onun Rusiyadan kənarda heç vaxt biznesi və həminki imkanları baş tutmaz. Bu adamın inkişaf və bacarığı Rusiya mühitinə və standartlarına uyğun olub, Qərbə yox”.

Qeyd edək ki, T. İsmayılovun sözlərinə görə, onun əlində Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar var və o, bunları Fransanın xüsusi xidmət orqanlarına verə bilər.
Məlumata görə, İsmayılov hazırda Antiba şəhərində yaşayır və Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.


Aysel Aslan
Tarix: 24-11-2017, 20:23
Xəbəri paylaş





Xəbər lenti