Qarabağda başlayan erməni təlimlərinin pərdəarxası - TƏHLİL

Qarabağda başlayan erməni təlimlərinin pərdəarxası - TƏHLİL İşğalçı Ermənistanın sülh danışıqlarına nə dərəcədə “sədaqətli olduğu” ötən gün bir daha təsdiqini tapdı. Belə ki, Ermənistan ordusu Azərbaycanın işğal atındakı Cəbrayıl və Füzuli rayonlarının ərazisində taktiki hərbi təlimlər keçirib. Bununla da işğalçı ölkə Azərbaycanı savaşa çəkməkdən ötrü növbəti təxribatçı addımını atmış olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərdə tank hissələri iştirak edib. Xatırladaq ki, bundan əvvəl ermənilər daha çox Ağdam ərazisində hərbi təlimlər keçirməyə üstünlük verirdilərsə, artıq təlim ərazisini genişləndiriblər. Özü də bu azğınlıq Serj Sərkisyanın Brüssel sammitində iştirak etdiyi zaman baş verib. Hansı ki, bəzi erməni mənbələri Ermənistan prezidentinin “Şərq Tərəfdaşlığı” sammitində Qarabağı Azərbaycan ərazisi olaraq tanıyacağı barədə hay-küylü xəbərlər yayıblar.

Məntiqlə düşmən ölkə ən azı bu günlərdə daha ehtiyatlı davranmalı, gərginlik yaradan hansısa addımlardan çəkinməli idi. Ancaq görünür İrəvanın, həmçinin Bakının Avropa təşkilatı ilə əməkdaşlıq istiqamətində addımlar atmağa qərar verdiyi bu dövrdə bir sıra dairələr, o cümlədən Kreml ciddi şəkildə narahatdır. Əgər belə olmasaydı, Ermənistan, həmçinin Dağlıq Qarabağdakı separatçılar öz ağalarının iradəsindən kənara çıxıb gərginliyi tətikləyən addımlar atmazdı.

Bu yerdə xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri də Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da səfərdə olduğu zaman başladı. O zaman bu iki ölkənin Vaşinqtonla əməkdaşlığı da şimal qonşumuzu qane etmirdi. Bu mənada ermənilərin təxribatı təsadüfə bənzəmir. Yeri gəlmişkən, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvana səfərinin də Qarabağ anlaşmasına hazırlıqdan daha çox, Rusiyanın Avropanın paytaxtında gözlənilən zirvə kontekstindən yanaşanlar daha çox idi. Elə Rusiyadan gələn bəyanatların növbətçi xarakter daşıması da bunu göstərir.

“Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində”.

Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirmişdi. Diplomatın sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur. Ancaq ortada bir yenilik yoxdursa, hansı prioritetdən söhbət gedə bilər?

Bu arada xəbər yayıldı ki, İrəvana səfəri zamanı Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistan Prezidenti Serj Sərkisyanla bağlı qapılar arxasında gərgin danışıqları olub. Ermənistan mətbuatı iddia edib ki, Lavrov Sərkisyana Kremlin 5 yox, 2-3 rayonun Azərbaycana qaytarılmasına razı olduğu haqqında informasiya verib. Guya bu da Azərbaycanın Avrasiya İttifaqına üzvlükdə sürpriz olmalıdır. “Mənbələrimiz təsdiq edir ki, Sərkisyan Lavrovla ağır danışıqlardan sonra ciddi düşünüb. İrəvanın müqavilənin imzalayıb-imzalamayacağı haqqında Sərkisyanın qərarını biz Brüsseldə görəcəyik” - erməni mənbəyi qeyd edib.

Dünən isə Ermənistan XİN başçısının müavini S.Köçəryan növbəti sərsəm açıqlamalar səsləndirib və deyib ki, Azərbaycan Avrasiya Birliyinə daxil olmaq üçün Ermənistanın blokadasına və hərbi təhdidlərinə son qoymalıdır. Göründüyü kimi, həyasızlığın son həddidir. Bu, o deməkdir ki, Lavrovun səfərində Azərbaycanını Avrasiya Birliyinə üzvlüyü məsələsi daha çox önəm kəsb edib, nəinki işğala son qoyulması. Mümkündür ki, Lavrov 2-3 rayonun azad olunmasının mümkünlüyü barədə danışsın. Bu, faktdır ki, ermənilərin nəzarətindəki ətraf rayonların hamısının azad olunmasında heç Rusiya da maraqlı deyil.

“Daha öncədən proqnozlaşdırdığım kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri nəticə vermədi. Sergey Lavrov Bakıda və İrəvanda münaqişənin həllini sürətləndirəcək heç nə demədi. Tam əksinə, söylədikləri münaqişənin həllinin uzanmasına xidmət edirdi”. “Atlas” Araşdırmalar və Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu “Yeni Müsavat”a açıqlaması zamanı söylədi.

Politoloq Rusiya XİN başçısının səfəri zamanı diqqətçəkən məqamları xatırlatdı: “Birincisi, Sergey Lavrov işğal altındakı torpaqların boşaldılmasıyla bağlı BMT qətnamələri barədə Bakıda bunu dedi ki, bu istiqamətdə səyləri davam etdirmək lazımdır. Halbuki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yekdilliklə qəbul olunub və icrası məcburi xarakter daşıyır. İkincisi, Sergey Lavrov İrəvanda dedi ki, münaqişənin həllini bəndlərə bölmək doğru deyil, problemin həllinə kompleks yanaşmaq lazımdır. Bu elə rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Onlar da münaqişənin həllinin paket həllini dəstəkləyirlər. Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması Dağlıq Qarabağda keçiriləcək referendumla əlaqələndirilir”.

Ancaq E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan bu varianta razı deyil: “Rəsmi Bakı münaqişənin həllində mərhələlilik prinsipini dəstəkləyir. Lavrov isə bu barədə bir kəlmə də demədi. Rusiyanın xarici işlər naziri Bakıdakı görüşləri sırasında bircə dəfə də ”Azərbaycanın ərazi bütövlüyü" ifadəsini işlətmədi. Rusiya siyasətçiləri eyni problemə fərqli prizmalardan yanaşırlar. Rusiya xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfər etdiyi günlərdə Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matviyenko Serbiyada səfərdə idi. Matviyenko Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşündə dedi ki, Rusiya Kosovo məsələsində birmənlı olaraq Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla Rusiya separatizm məsələsində Serbiya ilə Azərbaycan arasında fərq qoyduğunu göstərdi".

Politoloq Sergey Lavrovun Moskvaya qayıdışından sonra erməni mətbuatında yayılan məlumatların da məqsədli xarakter daşıdığını vurğuladı: “Belə xəbərlər yayıldı ki, guya Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun əvəzinə 2 və ya 3 rayonun boşaldılmasını istəyir. Bunun da adını qoyublar ”Putin planı". Əslində nə “Lavrov planı”, nə də “Putin planı” mövcuddur. Sadəcə, Rusiya rəsmilərinin münaqişənin həlliylə bağlı parça-parça şəklində müəyyən təklifləri var. Bu təkliflər isə Azərbaycanın maraqlarına cavab vermir. Bu arada Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan ikinci dəfə eyni cümləni təkrarladı: “Dağlıq Qarabağ münaqişəsinin həlli Vladimir Putindən asılıdır".

E.Şahinoğlu hesab edir ki, Ərdoğan bununla hamıya iki mesaj göndərir: “Birinci mesajın əhəmiyyəti odur ki, Putin istəsə, münaqişəni həll edə bilər, sadəcə, indiki mərhələdə Kremlı sahibinin bu münaqişəni həll etməyə marağı yoxdur. İkinci mesajın əhəmiyyəti isə odur ki, münaqişə və onun həlli Rusiyanın tam nəzarəti altındadır, ATƏT və Minsk Qrupu, o cümlədən Türkiyə təkbaşına heç nə edə bilməz. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son günlər intensivləşən səfərlər və danışıqlar heç bir nəticə vermədi. Bu vəziyyət Azərbaycanı qane etmir. Bu, o deməkdir ki, cəbhə bölgəsində gərginlik azalmayacaq. Tam əksinə, Azərbaycan ordusunun snayperləri və kəşfiyyat qrupları işğal altındakı torpaqlarda yerləşən postları neytrallaşdırmaqda davam edəcəklər. Böyük dövlətlər bölgədə müharibə imkanlarının qarşısını almağa çalışsa da, Azərbaycan ordusunun işğalçı ordunun itkisinin artmasına mane olmurlar, mane ola da bilməzlər. Hazırkı mərhələdə əsas məqsəd işğalçı dövlətin resurslarını zəiflətməkdir. Bu, elə belə də davam edəcək”.

İndi bütün nəzərlər Brüssel zirvəsinə yönəlib. Azərbaycan prezidenti öncədən bəyan etmişdi ki, Şərq Tərəfdaşlığı Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe ortaya qoymalıdır. Baxaq, görək Avropanın aparıcı qurumu işğala dəstək verəcək, yoxsa onu cəzalandırmaq xətti yürüdəcək. Bakının növbəti addımları atması, həmçinin, Ermənistanın sülhə vadar edilməsi baxımından bu mövqe çox önəmlidir.

Hər halda Brüssel sammitinin keçirildiyi zaman işğalçı Ermənistan ordusunun Azərbaycan torpağında təlimlərə başlaması sadə məsələ deyil, həm də Avropa Birliyinə güc nümayişidir. \\musavat.com\\
Tarix: 25-11-2017, 10:22
Xəbəri paylaş





Xəbər lenti