Harya gedersən... hökumət bilermi?

Harya gedersən... hökumət bilermi? Sən demə, Vüsal Rzayev “Ayə, harya gedersənq, ayə” oxuyana qədər hamımız Motsart dinləyirdik. Məktəbə, universitetə qulaqlarında qulaqcıqla, dünyanı unudaraq gedən uşaqlar sən demə, o telefonlarına klassik muqisi, Üzeyir Hacıbəyovun əsərlərini köçürüblərmiş. Evlərində axşam yeməkləri də bu musiqinin sədaları altında yeyilirmiş sən demə. İndi bu qardaş çıxdı, o asi üslubunda oxuyaraq bunların bütün musiqi zövqlərini korladı...

Bu günə qədər Üzeyirə (cır səsli olana) qulaq asıb, Elzanın şeirləri ilə əylənənlər bunlar deyildi sanki. Kitab mağazalarının yanından sürətlə ötən, girəndə də ancaq “sarı ədəbiyyat” nümunələrilə maraqlanan, kriminalı gözlərinə təpən uzaq Afrika diyarlarındakılardır elə bil. Halbuki rok musiqisi hər zaman olub da, olacaq da. Açın Amerika telekanallarını, gedin Qərb ölkələrinə. Çox normal tərz deyilmi? Cırıq şalvarda, qulağında sırğa... Yəni, dünyanın 8-ci möcüzəsi ilə falan qarşı-qarşıya deyilik. O zaman bu təəccüb, bu isterika niyə?

Məni bu məsələdə ən çox təsirləndirən nədir, bilirsizmi? Bu mahnını ifa edən gəncin Pantomim Teatrının aktyoru olması. Bəlkə kimlərsə ömründə bu teatrın qapısını açmayıblar. Amma ora olduqca istedadlı aktyorların bir araya gəldiyi məkandır. Baxmayın ordakı aktyorların pul xətrinə tum reklamlarında çəkilməsinə, şou proqramlarında iştirak etməsinə, həmin məkanda gerçək sənət icra olunur. Zamanında dəfələrlə ora tamaşaçı kimi getdiyimdən belə əminliklə yazıram.

İndi nə acı ki, bu cür gözəl bir teatrın aktyorunu biz belə situasiyada tanıdıq. Elzanın “Tikim sizin ağzınızı” sözləri günlərlə ağzımızın saqqınıza çevrildiyi kimi, Vüsalın mahnısının da bir neçə günlük ömrü var. Biz xalq olaraq gerçək sənətçiləri də bəzən qalmaqallar, ucuz söhbətlər, yüngül mövzularda tanımağa meylliyik. Elza Seyidcahanın səsi əslində çox gözəldir, mən onun ilk albomunu 2000-ci illərin əvvəllərində dinləmişəm. Amma biz cəmiyyət olaraq onu belə şeirciyəzlərlə tanıdıq. Nəyi yaxşıdır ki?

Nə təhər hay-həşir saldılarsa, mahnının yayımlandığı Mədəniyyət Kanalından da həyəcanlı açıqlama gəldi. AzTV-nin nəzdində olan Mədəniyyət kanalının Müasir Azərbaycan Gənci (MAG) adlı verilişi ilə bağlı MZ productionun rəhbəri təkzib verdi. Üzlüfət Qasımova adlı xanımın açıqlamasından öyrəndik ki, sözügedən kadrlar AzTV-də getməyib: “Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq”.

Açığını deyim ki, bu açıqlamaya qədər içimdə AzTV-yə qarşı yüngülvari bir simpatiya yaranmışdı. Hərdən “Azərbaycan” qəzetində bəzi məmurlarla bağlı şok xarakterli yazılar kimi. Yəqin izləmisiz, həmin yazılarda həlləm-həlləm müxalifət qəzetinin, saytının yazmadığı informasiyalar, dəhşətli ifşalar olur. Üstəlik, əksəriyyətinin həqiqiliyi də şübhə doğurmur. Çünki birbaşa “mətbəx”dən gəlir. İndi Vüsal Rzayev məsələsində də insanı sevindirən bir olay vardı: AzTV-nin nəhayət toy müğənnilərindən, “qəstüm-şalvarlı”, ütülü, ənlikli-kirşanlı manıslardan qurtulub, roka (azad musiqiyə) yer ayıracağına sevinmişdik. Məşhur məsəllə desək, pişik olalı bir siçan tutma məsələsi... AzTV-nin bu günə qədər edib-edə biləcəyi bir yaxşı hərəkət olacaqdı, amma heyhat...

Odur ki, isterikaya da, hay-küyə də gərək yoxdu. Belə mahnılar, “şeir”lər zaman-zaman cəmiyyətin qulağına qar suyu qaçırmaq, onu qıdıqlamaq üçündür. Kim nə qədər oyaqdır deyə. Şükür ki, o qədər də qış yuxusuna getməmişik. Hərdən belə səsləri dinləyib, “harya getdiyimizi” görürük.

Amma qorxuram, bir azdan hökumət bu cür mahnılara da yasaq qoyar. Oğru dünyasından yazdığı üçün mətbuata göz ağardan iqtidar belə ifalarla bağlı yazmağı qadağan edə bilər. “Cəmiyyətin əhvalını korladığı” üçün, məsələn. Zarafat deyil, ölkədə mühacir dalğası var. Başını götürən qaçır. Yetkinlik yaşına çatmayan qızlar evdən gedir. Üstəlik “anası bilmədən”. Necə deyərlər, bu mahnıda bir siyasi yük var. Mesaja bax bir: harya gedersən, anan bilermi... Nırç... Ciddi söhbətdi...



Sevinc TELMANQIZI
Tarix: 27-11-2017, 10:16
Xəbəri paylaş





Xəbər lenti