ABŞ və Gürcüstan səhv ayağı kəsən Oqtay Şirəliyevin səhiyyəsinə gülür - Video

ABŞ və Gürcüstan səhv ayağı kəsən Oqtay Şirəliyevin səhiyyəsinə gülür - Video Azərbaycan səhiyyəsi Oqtay Şirəliyev nazir təyin edildiyi tarixdən “insult keçirib”. Ölkənin tibb sahəsinin iflic olması hər gün ən yeni faktlarda öz əksini tapmaqdadır.

AnaXeber.Az yazır ki, O.Şirəliyevin idarəçiliyi vətəndaşları öz səhiyyəsindən qoparıb ayrı-ayrı ölkələrə üz tutması ilə nəticələnib.
İndi ən yüngül xəstəliyə belə düzgün diaqnoz qoyulmadığına görə insanlar yaxın ölkələrin xəstəxanalarına qaçırlar. Bu, xəcalət çəkməli mənzərədir.
Ona görə də ABŞ Dövlət Departamenti Bakıda yaşayan vətəndaşlarına apteklərdən dərman almamağa çağırış etməsi azmış kimi, indi də Gürcüstanın “Nyu Hospital” klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsini ifşa edib.
Sitat: "Azərbaycanın Gəncə adlı şəhəri var. Bir avtovağzalı var. O avtovağzalda sürücülərin hamısı əməkdaşlarımdır. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər.
Taksi sürücüləri artıq o qədər xəstə gətiriblər ki, professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır, mənə mesajla göndərirlər.


Azərbaycanlıların pulu çoxdur, böyük xəstəxanalar tikiblər. Amma hamısı müalicəyə Tbilisi şəhərinə gəlir”.
Əlbəttə, klinika rəhbərinin bu açıqlamasından sonra dərin qəbir qazıb ölüb yerə girmək lazım idi.
Onsuz da Azərbaycan səhiyyəsini çoxdan “dəfn” etmiş O.Şirəliyevin işi klinikalarda, xəstəxanalarda ölüm işlərini ört-basdır etməkdir.

Səhiyyə Nazirliyi səhlənkarlıq edən həkimləri qoruyur, həbsinə mane olur, rüşvət hallarına göz yumur, qiymətlərə nəzarət etmir.
Belə soyğunçu və etibarsız səhiyyəyə heç nazirliyin öz işçiləri də inanmır. Gürcü həkim Nikanın klinikasına ildə 8 min azərbaycanlının müraciət etməsi vəziyyəti çılpaqlığı ilə ifadə edir.

Nazirlik isə susur: nə ABŞ-ın vətəndaşlarına çağırışına, nə gürcü səhiyyəsindən səslənən fikirlərə, nə əhalinin şikayətlərinə reaksiya verir...
Əgər özünə hörmət qoyan bir ölkənin nazirliyi olsaydı, okeanın o tayından da, qapı qonşumuzdan da deyilən ittihamlara tutarlı arqumentlərlə cavab vermiş olardı.
Amma söhbət Şirəliyevin idarəçiliyi altında olan nazirlikdən gedirsə, susmaq gözəlidir. Çünki təkcə sosial şəbəkələrdə ötən gün yayılmış tragikomik kadrlar - Ağdamda təcili tibbi yardım maşınının sahədən yığılmış pambığı daşıması hər şeyi alt-üst edir.
Təsəvvür edirsinizmi, Ağdamda insanların təcili yardımına çatmalı olan maşın təcili özünü sahəyə çatdırır və toplanan pambığı aidiyyatı məntəqəyə çatdırır.
Bundan sonra ABŞ-ın vətəndaşlarına xəbərdarlığı da, gürcü klinika rəhbərinin söylədikləri də məntiqidir, anlaşılandır, acınacaqlıdır, utanvericidir.
Çünki nə Vaşinqtonda, nə də Tiflisdə xəbərsizdirlər ki, Azərbaycanın yarısı işğal altında olan bölgəsi - Ağdamda təcili tibbi yardım maşın qeyri-neft sektorunun qayğısına qalaraq pambıqçılığın inkişafına dəstək verir.


AnaXeber.Az yazır ki, ölkənin yarısı Türkiyə, Rusiya, Gürcüstan, İran xəstəxanalarında, maddi şəraiti bir az yüksək olanlar Almaniya, İsrail, Fransa və s. klinikalarında müalicə, müayinə olunurlar.

O.Şirəliyevin dövründə səhiyyədə rüşvətxorluq, həkim səhlənkarlığı, ölüm halları, səhv diaqnozlar, dərman bazarına keyfiyyətsiz məhsulların ayaq açması, xəstəxanaların baxımsız qalması, özəl klinikaların vətəndaşları soğan qabığı kimi soyması birə beş artıb.
Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə 5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.
Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsaydı, bütün məmurlar ölkə səhiyyəsinə etibar edərdi.

Tez-tez eşidirik ki, prezidnetin himayəsi ilə hansısa aktyor, müğənni, jurnalist və digər sahələrin nümayəndəsi müalicəyə göndərilib.
Bir qayda olaraq bu adamların müalicəsi xaricdə həyata keçirilir. Azərbaycanda təhsil sistemi bərbad olduğuna görə, Tibb Universiteti də bu vəziyyətdən öz payını alır.
Bir halda ki, oxumadan da diplom almaq, yuxarı kursa keçmək mümkündür, deməli kadr məsələsində də problem yaranacaq. Digər tərəfdən bu gün həkimlərin 90 faizi firmalarla işləyir və onlar üçün əsas olan odur ki, həmin firmanın dərmanını xəstəyə yaza bilsinlər. Bu gün həkimlər arasında “firma rəqabəti” gedir.
Ona görə də Azərbaycan vətəndaşı öz səhiyyəsinə etibar etmirsə, ABŞ-ın ölkəmizdəki vətəndaşları niyə inanmalıdır?!
Hətta kiçik və nefti-qazı olmayan Gürcüstan da bizi ələ salır. Hələ bu Tiflisdə bir klinika rəhbərinin açıqlamasıdır. Görün, ildə neçə milyon insan Tiflisə gedir.
Sadəcə, səhiyyə naziri Azərbaycanı dünyaya güldürür və öz fəaliyyətini rüsvay edir. Məsələn, Gürcüstanda və ABŞ-da bilmirlər ki, Azərbaycanda bir həkim yaşlı xəstənin sağlam ayağını səhvən kəsib və qanqrena olan ayağını saxlayıb.

Bir sözlə, Azərbaycan səhiyyəsi öz funksiyasını itirib və milyonlarla insanın sağlamlığı təhlükə altındadır.
Ancaq büdcədən bu sahəyə milyardlar ayrılıb, dəbdəbəli diaqnostika mərkəzləri tikilib, bahalı avadanlıqlar alınıb və s.
Bir daha təsdiq olunur ki, əsas dəbdəbəli xəstəxananın tikilməsi deyil, o xəstəxananın içində savadlı kadrların olmasıdır.
Oqtay Şirəliyev iddia edir ki, "Hazırda təcili yardım, ambulator poliklinika xidməti tam pulsuzdur". Bu sözləri eşidən hər bir vətəndaş bilir ki, nazir ictimaiyyəti aldatmaq istəyir.
Çünki Şirəliyev bu xidmətləri "pulsuz" elan edib həkimlərə adi yod belə vermir. Nəticədə Şirəliyevin apardığı "islahatlar" nəticəsində həkim alverçiyə çevrilir.

Bir müddət əvvəl də nazirin müavini Elsevər Ağayev hamının güldürən açıqlama ilə çıxış etmişdi ki, səhiyyə bizdə pulsuzdur.
AnaXeber.Az
Turan
Tarix: 4-12-2017, 09:17
Xəbəri paylaş





Xəbər lenti