Qarabağ problemi: savaşa yaxın, sülhdən uzaq

Qarabağ problemi: savaşa yaxın, sülhdən uzaq Ermənistan rəhbərliyi “qırmızı xətti” növbəti dəfə keçdi; deputat Elman Məmmədov: “Sərkisyan son addımları ilə bütün beynəlxalq hüquqa meydan oxuyur”

Xəzəryanı ölkələrin xarici işlər nazirləri Rusiya paytaxtında bir araya gəldilər. Bir sıra problemlərin müzakirəsinə həsr olunmuş iclasdan sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmaq məqsədilə Vyanaya gedəcək. Avstriyanın paytaxtında Azərbaycan XİN rəhbərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü də planlaşdırılır.

Ermənistan bir qayda olaraq bu kimi görüşlər ərəfəsində Azərbaycana təsir göstərmək iddiası ilə təxribatlara əl atır, silahları işə salır. Hətta bu təxribatların bir çox hallarda digər bir qüvvənin əli ilə reallaşdırıldığını söyləmək olar. Məsələn, aprel döyüşləri də elə düşmənin və havadarlarının təxribatları nəticəsində alovlandı. Ancaq hər dəfə düşmən layiqli savabını alır. Əksər müşahidəçilər hesab edir ki, Qarabağa gəlib hərbi təlimləri şəxsən izləyən Serj Sərkisyanın əsas məqsədi 2018-ci ilin aprelində başa çatan prezident səlahiyyətlərinin ardınca baş nazir kürsüsünə sahiblənməkdir. Qeyd edək ki, gələn il həm Azərbaycan, həm Ermənistan, həm də Rusiyada prezident seçkiləri keçiriləcək. E.Məmmədyarov da bu barədə yanaşmalara reaksiyasında “gələn il seçkilərin keçirilməsi danışıqlar prosesini dayandırmağımız üçün səbəb deyil”, - deyə bildirib.

Ancaq bu, bir reallıqdır ki, Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq, bununla da həm Qarabağdakı döyüşlərdə, həm də İrəvandakı etiraz aksiyaları zamanı məhv etdirdiyi erməni gənclərə görə məsuliyyətdən yaxa qurtarmaq istəyir. İndiki durumda Sərkisyanı xilas edəcək yeganə məsələ Qarabağ faktorudur. Erməni prezident fəlakətlərə sürüklədiyi xalqına “qalib ölkənin qalib rəhbəri” fikrini aşılamaq üçün vaxtaşırı hərbi mundirini geyinib Qarabağa gəlir, burada təlimləri izləyir. Bununla da Ermənistan prezidenti sülh danışıqlarına etinasızlığını nümayiş etdirir.

Qarabağ problemi: savaşa yaxın, sülhdən uzaq

“Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə qondarma Dağlıq Qarabağ rejimi ilə ”birgə" keçirdiyi təlimlər, sadəcə, öz xalqını aldatmaq üçündür". Bunu isə hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. Onun sözlərinə görə, ermənilər həmişə olduğu kimi, yenə də qanunsuz hərəkət edirlər: “Dağlıq Qarabağ ərazisində Ermənistan silahlı qüvvələri necə təlim keçirə bilər? Bu ordunun Azərbaycan ərazisində nə işi var? Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən ”Artsax ordusu" qanunsuz ordudur. 5-6 tank göstərməklə xaotik şəkildə ora-bura hərəkət etməklə, 1-2 taboru yerindən tərpətməklə “irimiqyaslı təlim” keçirmək olmaz. Buna hər bir hərbçi də, vətəndaş da baxanda bilir ki, orada irimiqyaslı təlimlərdən söz gedə bilməz. Sadəcə, istəyirlər ki, yenə bizim hərbçilər onlara reaksiya versinlər. Amma bu, elə bir irimiqyaslı təlim deyil ki, ona reaksiya verək. Bu yalnız və yalnız öz xalqını aldatmaq üçün Ermənistan hakimiyyətinin növbəti şousudur. Onlar öz ordularında korrupsiyanı bir az da inkişaf etdirmək, vəsait silmək üçün belə bir gülünc təlim təşkil ediblər".

Generalı işğalçı ölkə rəhbərliyinin şou göstərdiyinə şübhə etmir: “Hansı irimiqyaslı təlimlərdən söhbət gedə bilər ki, bu təlimdə iriçaplı pulemyotlardan, top, artilleriya, raket sistemlərindən, zirehli texnikalardan, özüyeriyən artilleriya sistemlərindən istifadə belə edilmədi, atışlar aparılmadı. Bunlar hamısı vəsait tələb edir. Bunlarsız irimiqyaslı təlim keçirmək olmaz. Bunlar, sadəcə, gözə kül üfürməkdir. Ermənilər kiçik həcmdə məşqi şişirdib bu səviyyədə göstərməyə cəhd edirlər. Döyüş texnikasının, təlimə cəlb olunan şəxsi heyətin sayı göstərir ki, bu, irimiqyaslı təlim deyil. Çünki onlarda nə o qədər vəsait, nə şəxsi heyət, nə də texnika var. Texnikanın da istifadə edilməsi üçün Ermənistan ordusunda maddi-texniki təminat məsələlərində də ciddi problemlər mövcuddur”, - deyə Y.Aydəmirov əlavə edib.

Qarabağ problemi: savaşa yaxın, sülhdən uzaq

“Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək, düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sərkisyana olan nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir”.

Bu fikirlər isə hərbi jurnalist İsa İsmayılova məxsusdur. Ekspert hesab edir ki, nəqliyyat vasitələri də daxil olmaqla, bir tabor sayında texnika toplayan Ermənistan rəhbərliyinin bu təlimləri utanmadan “miqyaslı” adlandırması çox gülüncdür: “Azərbaycan ordusu birləşmə səviyyəsində istənilən təlimi keçirərkən belə cəlb edilən döyüş texnikasının sayı ermənilərin ”miqyaslı" təlimlərə toplaya bildiklərindən 3-4 dəfə artıq olur. Səylə montaj edilmiş videogörüntülərdə 2-3 PDM və 3 ədəd tank dağda-daşda tozanaq qaldıraraq mənasız yerə ora-bura “çapır”. Ermənistan ordusu rəhbərliyi nə qədər yalandan tərifləsə də, təlimlərə cəlb edilən texnikaya “ən müasir” döyüş texnikası deməyin də yalan olduğu yayımlanan videosujetdən aydın görünür. Dağlıq əraziyə bənzər təlim mərkəzində, təpələrin ətəyində, soyuqdan əsnəyən tamaşaçıların qarşısında ora-bura sürülən döyüş masınlarının “müasir” vəziyyəti, kiçik bir maneəni dəf edərkən nə qədər çətinlik çəkərək ətrafı qara tüstüyə qərq etməsindən və ensiz yarğanı keçmək istərkən hansı hala düşməsindən aydın görünür".

Qarabağ problemi: savaşa yaxın, sülhdən uzaq

Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısı Elman Məmmədov “Yeni Müsavat”a hazırkı durumu şərh edərkən dedi ki, Azərbaycan və Ermənistan hazırda sülhdən çox, müharibəyə yaxındır: “Ona görə ki, Sərkisyan son addımları ilə bütün beynəlxalq hüquqa meydan oxuyur. Həm BMT, həm ATƏT, həm Minsk Qrupunun həmsədrlərinə, xüsusilə də Azərbaycana meydan oxuyur. Bununla demək istəyir ki, mən heç kimi saymıram, tanklarımla gəlib Azərbaycan ərazilərində hərbi təlim keçirəm. Bunun cavabı təbii ki, sülh yolu ilə verilə bilməz”.

Şübhə yoxdur ki, S.Sərkisyan Azərbaycan ordusunun qarşısında duruş gətirməyin mümkünsüzlüyünü anlamayacaq qədər sadəlövh deyil. Düşmən ölkənin rəhbərliyi ordunun komplektləşdirilməsindən ötrü tələbələri belə möhlət hüququndan məhrum edir, silahı kreditlə, yaxud dilənərək alır. Azərbaycana gəldikdə... Almaniyanın Bonn şəhərində yerləşən Beynəlxalq Konversiya Mərkəzi 2017-ci ildə hərbiləşmə səviyyəsinə görə dünya ölkələrinin siyahısını tərtib edib (modern.az) Reytinqdə Azərbaycan 11-ci pillədə, Ermənistan isə 30-cu yerdə qərarlaşıb. Ancaq Ermənistan prezidenti Qarabağa gəlməzdən öncə Minskdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etdi. Güman olunur ki, erməni prezident öz “ağasının” təlimatlarına uyğun olaraq növbəti dəfə həyasızlıq nümayiş etdirib. Təbii ki, erməni ordusunun hərbi təlimlərinin miqyasından asılı olmayaraq, qəfildən işğalçıya sarsıdıcı zərbə vurula bilər. Bu isə tərəflərin sülhdən uzaq, savaşa daha yaxın olduğuna şübhə yeri qoymur. Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, baş verə biləcək fəlakətlərə görə Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləyən rəhbərliyi məsuliyyət daşıyacaq. Hər halda, Azərbaycan prezidenti bu ilin sentyabrında BMT Baş Assambleyasının tribunasından Ermənistanın cinayətkar prezidentinə aprel dərsini xatırlatmışdı. Deməli, “qırmızı xətti” növbəti dəfə keçən işğalçı prezidentə yerini göstərmək lazım gələcək...

E.PAŞASOY
Tarix: 6-12-2017, 09:32
Xəbəri paylaş





Xəbər lenti