Qarabağ konfliktinin müvəqqəti və tək qalibi - Rusiya...

Qarabağ konfliktinin müvəqqəti və tək qalibi - Rusiya... Bu “qələbə”ni saxlamaq ildən-ilə Moskva üçün çətinləşir; Ermənistan “güclə hədələməmək” şərtini sənədlərə daxil etməyə çalışmaqla yeni müharibədən sığortalanmaq istəyir; alman hüquq professoru: “Qarabağdakı 100-150 minlik erməniyə öz müqəddəratını təyinetmə haqqı istəmək absurddur”

Özünü birinci Qarabağ münaqişəsinin qalibi sayan Ermənistan əslində əlbəttə ki, qalib-filan deyil. Bu, olsa-olsa “Pirr qələbəsi”dir. Çünki əvvəla, ermənilər bu “qələbə” nəticəsində daha bədbəxt günə düşüblər, iki böyük qonşusu tərəfindən təcrid və izolyasiya ilə üzləşiblər. İkincisi və ən önəmlisi, 24 ildir bu “qələbə”ni rəsmiləşdirə bilməyiblər. Dünya birliyi bu günədək nə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, nə də “müstəqilliyini” tanıyıb. Buna heç Ermənistanın özü də cürət etməyib.

Ən əsası, müharibənin yalnız birinci fazası bitib. Ötən ilin “4 günlük” aprel savaşı da göstərdi ki, Azərbaycan qısa zamanda ən azı, Dağlıq Qarabağ ətrafındakı 5 rayonu hərb yolu ilə qaytara bilər - yetər ki, Rusiya Ermənistanın arxasında durmasın, bitərəf qalsın. Aprel döyüşlərində siçan deşiyi axtaran erməni separatçılarının liderləri də bunu indi heç vaxt olmadığı qədər yaxşı bilirlər.

Təsadüfi deyil ki, məhz aprel hadisələrindən sonra İrəvan beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı sənəd qəbul edilərkən ora ərazi bütövlüyü prinsipi ilə yanaşı, müharibə ilə hədələməmək və öz müqəddəratını təyinetmə prinsipini də saldırmağa çalışır. Ötən həftə Minskdə “Rus NATO-su”nun (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - KTMT) toplantısında erməni tərəfinin təxribatı nəticəsində qəbul olunan bəyanat buna misaldır. Bu, elə ermənilərin müharibə xofundan qaynaqlanır.

*****

Bu mənada əslində Qarabağ müharibəsinin (müvəqqəti) qalibi Ermənistan yox, Rusiyadır. O Rusiya ki, məhz bu günədək həll olunmamış münaqişə hesabına işğalçı Ermənistanın olan-qalan müstəqilliyini və suverenliyini əlindən alaraq, onu öz vassalına çevrib, Azərbaycanı da öz siyasi orbitində müəyyən mənada saxlaya bilib. Bu da müstəsna olaraq, konfliktin həllinə şimal qonşumuzun ən böyük təsir rıçaqları səbəbindən baş verib.

Lakin belə vəziyyət sonsuzadək sürə bilməz. Bunu Moskvada da yəqin ki, yaxşı anlayırlar. Nədən ki, getdikcə Azərbaycanla Ermənistan arasında balans yaratmaq çətinləşir. Həm Azərbaycana, həm də Ermənistana silah verən Rusiya Bakı və İrəvanın, Azərbaycan və Ermənistan cəmiyyətlərinin çarpaz tənqidi altındadır. Başqa yandan, əgər təcavüzkar Ermənistan Rusiyanın forpostu ola-ola Avropa Birliyi ilə hansısa çərçivə sənədi imzalaya bilibsə, Azərbaycan bunun daha çoxunu bacara bilər və Rusiya ilə bağlar günün birində zəifləyə bilər - təbii ki, Moskva Dağlıq Qarabağ məsələsinin həllində, nəhayət ki, vaxtı uzatmaq taktikasından əl çəkib, real işə keçməsə.

Status-kvonun uzanması isə ən çox təcrid vəziyyətində olan Ermənistanın iqtisadi durumunu ağırlaşdırmaqdadır. Hər necə olmasa, Rusiya işğalçı ölkəyə daxili bazar qiymətinə və ya kredit hesabına silah-sursat versə də, yekun etibarilə Ermənistanın olan-qalan maddi və maliyyə resursları Rusiyanın sərəncamına keçir, altını çəkən erməni əhalisi olur. Müharibə təhlükəsi, müharibə vəziyyəti beləcə böyük maliyyə xərcləri, maddi və canlı itkilər deməkdir. Öncəliklə Ermənistan üçün. Hələ böyük müharibə yoxdur. Olsa, yəqin ki, Ermənistan adlı dövlət olmayacaq.

*****

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı bundan sonra da regional iqtisadi layihələrdən kənarda qoyacağı ilə hədələyib. Musavat.com-un “Haberler”ə istinadən verdiyi məlumata görə, bu barədə o, hakim partiyanın forumunda çıxışı zamanı bildirib. Türkiyə liderinin sözlərinə görə, erməni diasporunun təzyiqi altında rəsmi İrəvan “Türkiyə ilə dostluq qapılarını inadla qıfılda saxlayır”.

“Nəticədə Ermənistan bölgədəki nəqliyyat, ticarət və energetik layihələrdən kənarda qalıb. Üstəlik, o, izolyasiya şəraitində olmaqda davam edir”, - deyə Ərdoğan qeyd edib və onu da əlavə edib ki, bunun qarşılığında Gürcüstan bir yandan Türkiyə və Qərb arasında, digər yandan isə Qafqaz regionu ilə Orta Asiya arasında körpüyə çevrilib. “Bu iki nümunə çox səciyyəvidir. Yəni kim ki bizimlə dostluq edir, o qazanır, kim ki kin saxlayır - itirir” - sonda Türkiyə prezidenti fikrini tamamlayıb.

*****

Türkiyədən söz düşmüşkən, işğalçı Ermənistanda üstəlik, Moskva ilə Ankara arasında son vaxtlar dərinləşən əlaqələrdən dolayı da təlaş yaşanır. Xüsusən də Suriya məsələsində iki ölkənin uğurlu əməkdaşlığı İrəvanda qorxu yaradıb ki, günün birində Qarabağ məsələsində də Türkiyə və Rusiya ortaq anlaşma əldə edə bilər.

Məsələn, erməni türkoloq Ruben Safaryana görə, hazırda tərəflər arasında pərdəarxası danışıqlar gedir. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, Safaryan deyib: “İstisna deyil ki, Suriyaya dair danışıqlar gedişindəki ”bazarlıqlar" çərçivəsində Ankara Dağlıq Qarabağın nizamlanması məsələsini də qaldırsın".

Əlbəttə ki, Türkiyənin təklif etdiyi həll variantı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq və Dağlıq Qarabağdakı bir ovuc erməni üçün heç bir öz müqəddəratı təyinetmə hüququndan söhbət gedə bilməz.

“Ümumiyyətlə, Dağlıq Qarabağ erməniləri üçün belə bir hüquqdan danışmaq absurddur”. Musavat.com xəbər verir ki, bunu “Vestnik Kavkaza” nəşrinə beynəlxalq hüquq üzrə alman professor Xaysn Yoaxim Xayntse bildirib. “Dağlıq Qarabağda yaşayan adamların hansısa öz müqəddəratını təyinetmə hüququnun olmasını iddia eləmək kökündən yanlış və tam absurddur. Çünki belə bir hüquq xalqa aiddir, Dağlıq Qarabağda yaşayan 100-150 minlik erməni isə əsla xalq deyil”, - deyə professor qeyd edib.

Hüquq professorunun fikrincə, eyni qaydada “xalqların öz müqəddəratını təyinetmə haqqı ilə ərazi bütövlüyü prinsipi arasında hansısa ziddiyyətin olmasından danışmaq da yanlışdır”. “Buna sübut kimi, İspaniyadakı (Kataloniya - red.) son hadisələri göstərmək olar” - alman ekspert bildirib.

Professor daha sonra deyib: “Əlbəttə ki, Qərb cəmiyyətləri heç də ideal deyil. Ancaq onlar öz demokratik institutları hesabına ola bilsin, başqa modellər təklif edə bilər ki, belə konfliktlər yoluna qoyulsun. Kataloniya probleminin həlli nə ola bilər? Əlbəttə ki, yaxşılaşdırılmış muxtariyyət - hansı modeldən ki, həm mərkəzi hakimiyyət, həm də region sakinləri məmnun qalacaqlar”.

Bununla yanaşı, professor Qərbi Dağlıq Qarabağ məsələsində öz passivliyi ilə hüquqi dövlət prinsipinin pozulmasına stimul verməkdə qınayıb. “Hüquqi dövlətçilik prinsipi həm də onu nəzərdə tutur ki, yekun etibarilə qərar qəbul edilməlidir. Və bu qərar 20 il, 30 il və ya 50 il sonraya saxlana bilməz. Biz bu tüstülənən münaqişənin həlli üzərində sürətli işləməliyik, nədən ki, hamı bilir ki, o, qəfildən partlaya bilər. Beynəlxalq ictimaiyyət vəziyyəti belə qəbul edə bilməz. Problemin həllinə Qərbin dəstəyi güclənməlidir”, - deyə sonda o əlavə edib.
Tarix: 6-12-2017, 10:16
Xəbəri paylaş





Xəbər lenti