Ermənilərin Qarabağ ümidi qırıldı

Ermənilərin Qarabağ ümidi qırıldı
“Rusiya Qarabağın böyük hissəsini Azərbaycanın nəzarətinə qaytaracaq”.

“Cümhuriyət” qəzeti xəbər verir ki, bu iddia ilə Ermənistanda fəaliyyət göstərən “Lragir” saytında dərc edilmiş məqaləsində erməni politoloq İqor Muradyan çıxış edib.Politoloq məqalədə qeyd edir ki, Rusiyanın mövcud həll planı Dağlıq Qarabağın Ermənistana verilməsini nəzərdə tutmur.İqor Muraydanın sözlərinə görə, Rusiyanın münaqişənin həll prosesini təktərəfli formada öz əlində cəmləməsi, ATƏT-in Minsk qrupunun ləğv edilməsinə gətirib çıxaracaq.


“Vəziyyət o yerə çatıb ki, Minsk qrupunun ləğvi və bu formatın regional vasitəçiliklə əvəzlənməsi barədə təkliflər irəli sürülür.Yəni, ABŞ-ın oyundan çıxarılması ilə bağlı Moskvanın növbəti sifarişi yerinə yetirilir.Türkiyə və İran bu vasitəçilik missiyasında yer ala bilər. Rusiyalı politoloq Maksim Şevçenko bununla bağlı bir müddət əvvəl açıqlama verdi. O, birbaşa Putinin sifarişini yerinə yetirir”, - deyə erməni politoloq qeyd edib.

“Ermənistan Qarabağa nəzarəti itirdi”

İşğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “xarici işlər naziri” Armen Məlikyan da Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılacağını bildirib. O, deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son toplantısında şura münaqişənin həllində “Madrid prinsipləri”ni dəstəklədiyini açıqladı:

“Bu, Ermənistanın Qarabağ üzərində nəzarəti itirməsi deməkdir. Bu, bir daha göstərir ki, münaqişənin yeganə həqiqi həlli 8 min kvadratkilometrin Azərbaycana qaytarılmasını nəzərdə tutur.Rəsmi Bakı bunun əvəzində ermənilərə yalnız Dağlıq Qarabağda muxtariyyət hüququ verəcək.Bu da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq”.

Münaqişə ətrafında ilginc gəlişmə

Artıq 3 aydır ki, Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin mərhələli həll planına uyğun olaraq, ətraf rayonların (5 rayon) Azərbaycana qaytarılacağı ilə bağlı müzakirələr gedir. Bununla bağlı rəsmi və qeyri-rəsmi səviyyələrdə arqumentli fikirlər səsləndirilib.

Kremlin ideoloqu, politoloq Aleksandr Duqin və Rusiyanın digər nüfuzlu politoloqu Maksim Şevçenko son açıqlamalarında əminliklə bildirdilər ki, bununla bağlı razılaşma əldə edilib.Rusiyalı politoloqların ümumi qənaətinə görə detalları açıqlanmayan yeni prinsiplər Azərbaycan və Ermənistana təqdim edilib.Azərbaycan tərəfinin qəbul etdiyi bildirilən sənədin Ermənistan tərəfinin narazılığına səbəb olduğu da iddialar arasındadır.Lakin rusiyalı politoloq Sergey Markov isə Rusiyanın təzyiqləri altında olan Ermənistanın istənilən təklifi rədd etmək kimi bir imkanının olmadığını bildirib.

Azərbaycanın ermənilərə güzəşti

Başqa sözlə, artıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya tərəfindən irəli sürülmüş bir planın olduğu təsdiq edilmək üzrədir.Ermənistanda son zamanlarda artan antiRusiya etirazları da bununla əlaqələndirilir.Lakin problemin həlli ətrafında ilginc gəlişmələrin başladığı bu nöqtədə Azərbaycanda ictimai müzakirəyə səbəb olan əsas məsələ, bu prosesdə ermənilərə hansı güzəştlərin ediləcəyi ilə bağlıdır.Bakının bununla bağlı rəsmi mövqeyi budur ki, Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız Azərbaycanın suverenliyi daxilində muxtariyyət statusu veriləcək.Yəni, heç bir halda Dağlıq Qarabağın Ermənistanın nəzarətinə verilməsi mümkün deyil. Bu fonda Rusiyanın münaqişə ətrafında artan fəallığından rəsmi İrəvanın narahat olması o ehtimalı gücləndirir ki, müəyyən şərtlər daxilində Moskva Bakının bu tələbinə nəzəri olsa da razılıq verib.

Moskvanın şərtləri və regional vasitəçilik missiyası

Moskvanın Bakıya şərtlərinə gəlincə, bu, Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə üzv olması ilə bağlıdır.İndiyədək Rusiya çalışırdı ki, Azərbaycan bu ittifaqlara üzv edildikdən sonra münaqişənin həllinə baxılsın.Lakin Azərbaycanın təkidlə buna qarşı çıxması, o ehtimalı yaradır ki, Moskva artıq Azərbaycanın maraqlarını qismən də olsa yerinə yetirmək müqabilində münaqişənin həllində yeni xətt seçməyə başlayıb.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasında münaqişənin həllinin Rusiyanın iradəsindən asılı olduğunu deməsini də bura bağlamaq olar.Mümkündür ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ərdoğana bu haqda məlumat verilib. Məhz bu görüşdən sonra istər Rusiya, istərsə də Ermənistanın ictimai-siyasi rəyində o fikir formalaşdı ki, Rusiya müəyyən şərtlər daxilində ətraf rayonları Azərbaycana qaytarmaqla yanaşı, Dağlıq Qarabağa rəsmi Bakının tələbləri çərçivəsində statusun verilməsinə razılıq verə bilər.

“Rusiyanın yeni planı Azərbaycanın maraqlarına uyğun deyil”

“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Qarabağ münaqişəsinin “Yenilənmiş Madrid prinsipləri” üzərində mərhələli şəkildə həll edilməsi, Azərbaycanın maraqlarına cavab verə bilər. Politoloq qeyd edib ki, Ermənistan da bu prinsipləri nəzəri olaraq qəbul edib:

“Lakin bu sənəddə referendumla bağlı bir sıra məqamların qeyd edilməsi, Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasını şərtləndirib. Son zamanlarda isə erməni politoloqların gündəmə gətirməyə çalışdıqları məsələlər özündə nəticəsiz danışıqların davam etdirilməsi faktorunu əks etdirir və buna görə də Rusiyanın Azərbaycan tərəfində olması rəyini yaradaraq, diqqəti əsas mətləblərdən yayındırmağa çalışırlar.

Azərbaycan maksimum şəkildə Dağlıq Qarabağda yaşayan ermənilərə ölkəmizin suverenliyi daxilində muxtariyyət verə bilər.Bura qədər isə mərhələli həll planına uyğun olaraq, 7 rayon Azərbaycana qaytarılmalıdır.Azərbaycanın bundan artıq edəcəyi güzəşt, ərazi bütövlüyü prinsiplərinə zidd olacaq”.

Lakin M.Əsədullazadə bir sıra erməni politoloqların fikirlərində Rusiyanın mövqeyi ilə bağlı ziddiyyətli məqamların olduğunu da istisna etmir:

“Çünki Rusiyanın irəli sürdüyü həll variantları “Paket həll”i nəzərdə tutur və bu, Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlik cəhddir. Lakin hesab edirəm ki, Rusiya bu planla bağlı Ermənistanda hansısa təbliğat işi aparmır.Burada əsas məqsəd, Rusiyanın öz maraqlarına uyğun olmayan mərhələli həll planlarının üzərindən xətt çəkməkdir.Buna görə də aparılan danışıqlarda irəliləyiş yoxdur.Ermənistan hərbi təlimlərin sayını artırmaqla və atəşkəs rejimini intensiv olaraq pozmaqla, danışıqlar prosesini dalana dirəyir”.(Cebhe.info)
Tarix: 8-12-2017, 20:07
Xəbəri paylaş





Xəbər lenti