Yazarın Tramp - sionist təəsübkeşliyi, ya indoktrinasiya?

Yazarın Tramp - sionist təəsübkeşliyi, ya indoktrinasiya?
Azərbaycan mediasında özünə hörmət qazanmış isimlərdən biri də Samir Sarıdır. Mövqeli, ədalətli olmağa çalışan, dürüstlüyə can atan bir performansı olan qələm adamıdır. Təəssüflər olsun ki, mövzu İsrail rejiminə gələndə, bütün bu performans kənara atılır və qəribə, çox qərəzli bir obrazda meydana çıxır. Müxtəlif illərdə ölkə ictimai rəyini izləyən diqqətli oxucular bunun fərqinə varmamış olmaz. Sonuncu dəfə bu, özünü ““Bir millət-iyirmi dövlət” olanlar susursa, biz niyə cəng edirik?” yazısında bariz şəkildə göstərmiş oldu.

Yazı təqribən 549 sözdən və 7 arqumentdən təşkil olunub. 1-ci arqumentdə (247 söz) Azərbaycanın kiçik bir dövlət olmasına vurğu edilir. Başa düşülən budur ki, bu, əsas arqumentdir. Yəni, nəyimizə qalıb onun-bunun davaları. Başımızı salıb, birtəhər keçinək. Öncəki illərdən fərqli olaraq, Azərbaycan ictimai rəyi daha İsrail rejimi ilə bağlı mövzulara stereotipli yanaşmır. Üstəlik də, Trampı müdafiə etmək o qədər də populyar görsənə bilməz. Bu mənada üslub olaraq qəbul edilən olmasa da, ən pis seçim deyil. Burada Türkiyənin də net mövqeyi, üstəlik Azərbaycan dövlətinin də mövqe sərgiləməsi də, sözsüz ki, təsirsiz ötüşməyib.

Lakin 2-ci arqument kimi gətirilən çox qısa bölüm (29 söz), başdan-ayağa gerçəkliyin tam əksidir. Qüds mövzusunda separatimzdən söz açmaq – ya bilgisizlikdən əmələ gələ bilər, ya da güclə ictimayi rəyi kütləşdirməyə (indoktrinasiya) etməyə çəhd kimi dəyərləndirilə bilər. Birinci ki, 100 faiz deyil. Samir Sarı bu mövzuda tarixi həqiqəti çox gözəl bilir, BMT qətnamələri ilə də gözəl tanışdır. Ortada işğalçı varsa, o da İsrail rejimidir. Belə zəif arqumentə Samir Sarı tərəfindən əl atılması, hətta gözlənilməzdir. Görsənən budur ki, bu durumda müdafiə etmək üçün gerçəkdən ciddi arqument yoxdur. Sonrakı arqumentlər ya yeni deyil, ya da intellektual yükdən çox, emosional yükə malikdir.

Misal üçün, ənənəvi Yasir Arafatın ermənipərəst olması. Yasir Arafat o cür olubsa – ona ayıb, olmayıbsa da – bizim üçün bir şey dəyişmir. Biz Qüdsü Yasir Arafatlara görə sevmirik, müdafiə etmirik. İnsan olaraq, Allah bəndəsi olaraq, haqq ardıcılı olaraq edirik. Necə ki, Qarabağı orada yaşayanların necə davranmasına görə deyil, Vətən olaraq, Allah qatında bir məsuliyyətimiz olduğu üçün keçilməz qırmızı xəttimiz bilirik və şəhid qanları ilə suvarılmasını özümüz üçün şərəf bilirik. Eləcə də, Kərkükü. Bu cür misalları artırmaq da olar.

Sayın Samir Sarı. İsrail rejimi mövzusunda stereotipli davranmanız, sizi, həmişəki halınızdan çox fərqli performansa salır. Sizi Trampı müdafiə edəcək obrazda görmək çətin təsəvvür edilir. Dünyanın hər yerində Trampın bu avantürist qərarına etirazlar sərgiləndiyi bir zaman, Azərbaycanın da bunu pisləməsi – zatən ən normal və təbii addımdır.

Ümid edirəm ki, bu dostyana qeydlərimiz hörmətli Samir Sarı tərəfindən anlayışla qarşılanacaq.
Yeni-yeni yarıdıcılıq uğurları diləyi ilə.

İlqar İbrahimoğlu
Tarix: 10-12-2017, 09:13
Xəbəri paylaş





Xəbər lenti