Prezidentə dosyesi gedən hansı başçıların “qələmi qırılıb”? - Siyahı

Prezidentə dosyesi gedən hansı başçıların “qələmi qırılıb”? - Siyahı
Bu gün 15 dekabrdır. Prezidentin icra başçılarına verdiyi möhlət bitir. Artıq yekun qərar veriləcək

Palitika.Az-a daxil olan xəbərə görə, Prezident Administrasiyasında kuratorlar rayon icra hakimlərinin arayışlarını dövlət başçısına təqdim ediblər.


Ölkə başçısı rayon icra başçılarının investorların cəlb edilməsi, sakinlərə xidməti, gördüyü işlər, mediada adı qalmaqallarda hallanması meyarlarını nəzərə alaraq onların fəaliyyətinə qiymət verəcək.

Eyni zamanda himayəçilərini itirən icra başçılarının vəzifədən çıxarılması gözləniləndir. Bu sırada sabiq nəqliyyat naziri Ziya Məmmədova yaxın icra başçıları və keçmiş vergilər naziri Fazil Məmmədovun kurasiyasında olmuş məmurlar işdən azad olunacaq.

Əldə etdiyimiz bilgilərə görə, Ucarın icra başçısı Mənsur Məmmədov, Zərdabın icra hakimi Lütvəli Babayev, Binəqədi icra hakimi Xaləddin İsgəndərov, Şəmkirin rəhbəri Alimpaşa Məmmədov işdən azad oluna bilər.

Nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar:

“Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “İlin sonunda – dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək.

Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Məlumata görə, Prezident Administrasiyasından (PA) bu məsələdə məsul PA-nın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Palitika.Az-a daxil olan xəbərə görə, Qaradağ rayon icra başçısı Süleyman Mikayılov, Lənkəranın icra başçısı Taleh Qaraşov, Beyləqanın icra başçısı Vaqif Abdullayev, Ağcabədinin rəhbəri Şahin Məmmədov vəzifəsindən azad oluna biləcək məmurlar siyahısındadır.

Habelə, Şəki, İsmayıllı, Masallı, Lerik, Ağdam, Nəsimi rayonlarının icra başçılarının fəaliyyəti yoxlanır.

Artıq uzun müddətdir ki, rayonların oliqarxlar-məmurların nəzarətindən çıxarılması və birbaşa mərkəzi icra aparatına tabeçiliyi prosesi gedir ki, bu məsələdə əsas ağırlıq şəxsən Z.Nağdəliyevin üzərindədir.

Təsadüfi deyil ki, əvvəllər dövlət başçısını səfərlərində o rayona məsul nazir və deputat gözə dəyirdisə, indi bu cür görüşlərdə Z.Nağdəliyev iştirak edir, əsas təşkilatçılıq da onun məsuliyyətindədir.

Sözsüz, bu cür iş prinsipi birbaşa dövlət başçısının tapşırığı ilə gerçəkləşir ki, bu da artıq öz səmərəliliyini göstərməkdədir.

Bu baxımdan prezidentin icra başçılarının taleyini həll edəcək arayışı məhz PA və İqtisadiyyat Nazirliyinə həvalə etməsinin səbəbi aydındır.

İkinci tərəfdən, əyalətlərin birbaşa mərkəzi hakimiyyətə tabe edilməsi prezidentə obyektiv informasiya verilməsini də hədəfləyir.

Sirr deyil ki, “qubernator” rolunu oynayan nazirlər bəzi hallarda öz adamlarını qorumaq üçün dəridən-qabıqdan da çıxırdılar ki, bu proses də artıq əngəllənib.

Yaxın iki ayda əyalətlərin tam olaraq nazirlərin nəzarətindən çıxarılması prosesi yekunlaşacaq.

Vaxtilə mərkəzi hakimiyyətin yükünü azaltmaq üçün tətbiq edilmiş bu idarəçilik artıq köhnəlib, iqtidarın işinə yaramır və hətta inkişaf prosesini əngəlləyir. Üstəlik, əyalətlərdə də geniş səlahiyyətlər almış bəzi məmurlar eyforiyaya girir.

Özlərini əvəzedilməz və hətta məğlubedilməz hiss edir, özlərinə “balaca padşah”lardan “komanda” belə yaratmaq niyyətinə düşür.
Tarix: 15-12-2017, 00:39
Xəbəri paylaş





Xəbər lenti