Elxan Şahinoğlu: “Rusiya prezidentinin iştahı artdığından Qərb dövlətlərinə də girişib”

Elxan Şahinoğlu: “Rusiya prezidentinin iştahı artdığından Qərb dövlətlərinə də girişib” “Rusiyada internet texnologiyalarınin inkişafına xüsusi önəm verilir”

“Vladimir Putin 1999-cu ildə keçmiş prezident Boris Yeltsin tərəfindən Rusiyanın baş naziri vəzifəsinə təyin edildikdə kimsə onun qısa zamanda yüksək reytinqli siyasətçiyə çevriləcəyini proqnozlaşdırmırdı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürəcəyi barədə mövqeyini “Yeni Müsavat”a şərh edərkən söylədi. Ekspert qeyd etdi ki, Putinin ulduzu ikinci çeçen savaşında parladı: “Putin bəzi çeçen silahlı birliklərinin Dağıstana hücumundan istifadə edərək qoşunları Çeçenistana yeritdi. Böyük qətllər hesabına əldə edilən qələbə Putinin reytinqini yüksəltdi. Həmin ərəfədə neftin qiymətlərinin yüksəlməsi Rusiyanın maliyyə ehtiyatlarını artırdı ki, bu amil də onun işinə yaradı, prezident kürsüsündə möhkəmləndi”. E.Şahinoğlu xatırlatdı ki, Putin SSRİ-nin dağılmasını “əsrin faciəsi” adlandırmışdı: “Putin açıq deməsə də, SSRİ-nin xiffətini çəkir, Rusiyanın imperiya imkanlarını geri qaytarmaq istəyir. 2008-ci il Gürcüstana müdaxiləsi, 2014-cü ildə Krımın işğalı buna sübutdur”.

Sovet Rusiyası vaxtilə ikinci, üçüncü dərəcəli ölkələrdə siyasi proseslərə müdaxilə edirdi. Ancaq indi Putin Rusiyası ABŞ-da, İtalyada və digər Avropa ölkələrində prezident, parlament seçkilərinə, konstitusiya aktının qəbulu prosesinə öz xeyrinə müdaxilələr edir, hətta TAP layihəsinin reallaşmaması üçün İtalyada bəzi qüvvələri hərəkətə gətirir. Maraqlıdır, ölkəsi dünyanın super gücünün sanksiyası ilə üz-üzə qalan Putin bunu necə bacarır? Özü də bu kimi məsələlərdə Rusiya az qala ABŞ-ı qabaqlayır. Hətta Rusiya kiberhücumlarla da öndədir. Görün hansı vəziyyət yaranıb ki, NATO baş katibi Yens Stoltenberq alyansın çevik reaksiya qüvvələrini son üç il ərzində üç dəfə artırdıqlarını bəyan edib. Həmçinin deyib ki, bu, ciddi kiberhücum NATO-nun kollektiv müdafiə barədə 5-ci bəndinin işə düşməsinə gətirib çıxara bilər. Stoltenberq bütün bu tədbirləri Rusiyanın aqressiv hərəkətləri ilə izah edib. Görünən budur ki, Rusiya indiki halı ilə belə, NATO-ya qarşı hücum mövqeyində oynayır. Odur ki, ortaya suallar çıxır, Kreml nələrin sayəsində buna nail ola bilir? Rusiya Federasiyasının texnologiya sahəsində inkişafa nail olması sirri nədir?

E.Şahinoğlu bildirdi ki, Rusiya prezidentinin iştahası artdığından Qərb dövlətlərinə də girişib: “Mən şübhə etmirəm ki, ABŞ, Fransa və digər ölkələrin seçkilərinə internet müdaxilələri, ayrı-ayrı namizədlərin gizli dəstəklənməsi əmri Putindən gəlib. Rusiyada internet texnologiyalarının inkişafına xüsusi önəm verilir”. Politoloq bu mövzudan bəhs edərkən maraqlı bir məqamı da bölüşdü: “Mən bir araşdırma zamanı Sankt-Peterburqda, yəni prezidentin doğulduğu şəhərdə internet şəbəkəsinin varlığını təsbit etmişdim. Həmin şəbəkənin məqsədi məhz hədəf dövlətlərdə kiberhücumlar həyata keçirmək, seçkilərdə Rusiyanı tənqid edən namizədləri gözdənsalma kampaniyalarını reallaşdırmaqdan ibarət idi. Dünyada ən güclü internet texnologiyaları ABŞ-dadır. Ona görə ABŞ məsələnin üstünü açdıqdan sonra Rusiyanın kiberhücumlarını neytrallaşdırmağa başlayıb. Digər Qərb dövlətləri də Rusiyadan olan hücumlara qarşı müdafiə sistemlərini gücləndiriblər. Məncə, Putin də anlayıb ki, artıq əvvəlki kimi kiberhücumları həyata keçirə bilməyəcək”.

ELŞAD,
Tarix: 19-12-2017, 08:39
Xəbəri paylaş





Xəbər lenti