“Azərenerji”ni toxunulmaz edən səbəblər

“Azərenerji”ni toxunulmaz edən səbəblər
Hesablama Palatası niyə aşkarladığı faktlara adekvat addım atmır?

Hesablama Palatasının yenidən “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini apararaq xeyli nöqsanlar aşkarlayıb.

Qurumun məlumatına görə, “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətində gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub.

Həmçinin elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları müşahidə olunub.

Maraqlıdır ki, Hesablama Palatasının Kollegiyası aşkarlanmış nöqsanlar barədə məlumat və qərarı “Azərenerji” ASC-nin özünə göndərib. Qurum bunu yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırılması ilə əsaslandırıb. ASC-yə qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi tövsiyə olunub.

Onu da qeyd edək ki, Hesablama Palatası 2015-ci ildə də “Azərenerji” ASC-də yoxlama apararaq ciddi pozuntular aşkarlamışdı. Həmin ilin dekabrında Palatanın rəsmi saytında yayılan məlumatda həyata keçirilmiş audit tədbirlərinin “Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxardığı vurğulanırdı. Bildirilirdi ki, “Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib. Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.

Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.

“Azərenerji”ni toxunulmaz edən səbəblər

Yoxlamalar nəticəsində müəyyən olunub ki, “Azərenerji” ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da, Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.

Bütün bu ciddi pozuntulara baxmayaraq, 2015-ci ildə də Hesablama Palatası “Azərenerji”də aparılmış yoxlamaların nəticəsini tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına göndərmək əvəzinə ASC-yə tövsiyə edib ki, bu pozuntuları aradan qaldırsın və belə hallara gələcəkdə yol verməsin.

Hesablama Palatasının “Azərenerji” ASC-yə qarşı bu qədər humanist davranmağının səbəbi nədir? Nədən Palata aşkarlanan nöqsanlarla bağlı məlumatı ASC-nin özünə göndərməklə kifayətlənir?



İqtisadçı-ekspert Rəşad Həsənov belə halların olmasının əsas səbəbi kimi Hesablama Palatasının səlahiyyətlərinin məhdudluğunu önə çəkir: “Bir çox hallarda Palatanın üzə çıxardığı nöqsanlarla bağlı daha kəskin qərarların qəbul olunmadığını müşahidə edirik. Bəzi hallarda isə buna Palatanın səlahiyyətlərinin məhdudluğu imkan vermir. Buna görə də biz təklif etmişik ki, Palatanın səlahiyyətləri artırılsın, ona bəzi hallarda birbaşa olaraq cinayət işi haqqında qərar vermək hüququ verilsin. Bu gün Azərbaycanda Vergilər Nazirliyinin istintaq hüququ var, Hesablama Palatasınınsa bənzər hüququ yoxdur. Düzdür, aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına araşdırılmaq üçün materiallar göndərə bilir. Lakin göndərdiyi materiallar üzrə zəruri hesab etdiyi qərarların qəbuluna təsir imkanları yoxdur”.

Hesablama Palatası haqqında yeni qanun layihəsinin hazırlandığına dair məlumatların yayıldığını deyən ekspert sənəddə qurum üçün əksini tapmalı olan səlahiyyətləri sadaladı: “Biz bilmirik ki, yeni qanunda hansı səlahiyyətlər nəzərdə tutulur. Lakin fakt odur ki, Azərbaycanda Hesablama Palatası tam müstəqil qurum deyil. Bu müstəqillik ilk öncə ölkə Konstitusiyasında əksini tapmalıdır. Palata ilə bağlı digər məqam orada çalışanların həyat təhlükəsizliyinin təmin olunmasıdır. Digər məsələ Palata üzvlərinin səlahiyyət müddətidir. Bir çox ölkələrdə Palata üzvləri üçün uzunmüddətli səlahiyyət dövrü müəyyənləşdiriblər. Bu isə onların müstəqilliyini təmin edən başlıca faktorlardandır. Məsələn, ABŞ-da Palata üzvlərinin 15 illik fəaliyyət dövrü var. Buna görə də onlar parlamentdən asılı olmurlar. Yəni parlamentin Palata üzərində təzyiq imkanı olmur. Bizdə isə bu müddət 5 ildir, bu isə üzvlərin Milli Məclisdən asılılığını yaradır”.

Konkret “Azərenerji” ilə bağlı məqama gəlincə, ekspertin fikrincə, həm Hesablama Palatası, həm də digər qurumların açıqlmalarından ASC-də ciddi pozuntu və nöqsanların olduğu açıq hiss olunur: “Lakin məlum olmayan səbəblərdən bu qurumla bağlı daha ciddi tədbirlər görülmür. Burada həm obyektiv, həm də subyektiv səbəblər ola bilər. Daha dəqiq cavabları yəqin ki, yoxlamanı həyata keçirən qurumlar verə bilərlər”.

DÜNYA,
Tarix: 21-12-2017, 08:33
Xəbəri paylaş





Xəbər lenti