"Gələcəyi olmayan Ermənistan"a Qərbdən xəbərdarlıq

"Gələcəyi olmayan Ermənistan"a Qərbdən xəbərdarlıq
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyana qulaq asmayan Serj Sərkisyan əcnəbi ekspertlərin dediklərinə məhəl qoyacaqmı? Politoloq: “İşğalçı ölkəyə qarşı sanksiyaların tətbiqi mümkündür...”

Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlamasına baxmayaraq, Ermənistanı böyük fəlakətlərin gözlədiyini artıq beynəlxalq icmalçılar da söyləyir. Bir müddət öncə işğalçı ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan Sərkisyan hakimiyyətini ölkəni xilas naminə Azərbaycanla güzəştli danışıqlara getməyə çağırsa da, Qarabağ cinayətləri nəticəsində hakimiyyəti qəsb etmiş erməni prezident onu eşitmədi. Budur, indi də bənzər fikirləri amerikalı ekspert dilə gətirir.

“Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur”. Bunu “Trend”ə müsahibəsində “Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Louri Kontreras deyib. Onun kitabı Xocalı soyqırımı haqqında ABŞ-da nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır. Müəllif qeyd edib ki, 1992-ci ildə, bu hadisələr baş verərkən ABŞ-da cəmiyyət prezident seçkiləri ilə məşğul idi və dünyada nələrin baş verdiyindən xəbəri yox idi: “Mən Dağlıq Qarabağ barədə ”New York Times"da “dondurulmuş münaqişələr” haqqında oxuyarkən xəbər tutdum. Həmin illər ermənilər tərəfindən girov götürülmüş iki qadınla söhbət etdim və onların dedikləri əsasında kitab yazdım. Qadınlardan birinin danışdığı o qədər təsirli idi ki, mən ağladım. Çünki onların hansı çətinliklərdən keçdiyini təsəvvür etdim".

ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində necə kömək edə biləcəyi sualına cavab verən R.L.Kontreras deyib ki, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: “Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Qarabağ münaqişəsinin həlli ABŞ-ın marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli və ABŞ tərəfindən heç bir yardım almayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaqlar”.

Amerikalı müəllifin sözlərinə görə, hazırda Azərbaycan torpaqlarının işğalı ilə bağlı Ermənistan bütün əhəmiyyətli nəqliyyat və enerji layihələrindən təcrid olunub: “Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqla böyük səmərə əldə edə bilərdi. Ermənistan həmin layihələrə qoşula və tranzit ölkə kimi dividentlər əldə edə bilərdi. Amma indiki şərtlərdə Ermənistanın gələcəyi yoxdur”.

Bu fikirləri şərh edən politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat” bildirdi ki, Raul Louri Kontrerasın dedikləri münaqişənin perspektiv həlli, həmçinin qlobal və regional proseslərin gələcək inkişafı baxımından yeni deyil: “Xatırlayırsınızsa, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da ötən ilin mart ayında oxşar fikirlərlə çıxış etmişdi. Qlobal və strateji düşünməyi bacaran bütün siyasətçilər və analitiklər başa düşürlər ki, Ermənistan kimi kiçik və zəif bir dövlətin Azərbaycanın və müttəfiqlərinin regionda yaratdığı reallıqların qarşısında uzun illər davam gətirməsi mümkün deyil. Əlbəttə, ola bilsin ki, bəziləri Ermənistanın Azərbaycan torpaqlarını uzun illərdir işğal altında saxladığını nümunə gətirə bilərlər. Amma bu, müəyyən qədər dayaz yanaşma təsiri bağışlayar. Çünki geridə qalan illərdə nələrin baş verdiyini nəzərə almaq lazımdır. Unutmaq olmaz deyil ki, Azərbaycan bu illər ərzində Ermənistanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Ermənistanı regional və qlobal nəqliyyat dəhlizləri sistemindən kənarda qoyan proseslər əsasən 2017-ci ildə özünü daha qabarıq şəkildə büruzə verib. Bura Cənub-Qərb nəqliyyat dəhlizinin önəmli bir hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin təhvil verilməsini, Şimal-Cənub dəhlizinin yeni marşrutunun diversifikasiyası ilə bağlı Azərbaycan, Rusiya və İran arasında əldə olunan razılaşmanı, bu anlamda Astara-Rəşt dəmir yolu xəttinin inşasını aid etmək olar”.



Politoloq qeyd etdi ki, Azərbaycan tədricən Ermənistanın bütün nəfəsliklərini bağlamada davam edir: “Bir il öncə Levon Ter-Petrosyan da Raul Louri Kontreras kimi Ermənistanın torpaqları sanksiyalar yolu ilə qaytaracağından danışmışdı. Ola bilsin ki, indi bu, bir o qədər də real görünmür. Amma işğalçı ölkəyə qarşı sanksiyaların tətbiqi mümkündür və bu faktın reallaşması üçün çox da böyük zaman kəsiyinin sərf olunacağını düşünmürəm. 2018-ci ildən başlayaraq Ermənistanın təcrid olunması prosesinin işğalçı ölkənin həyatında özünü daha qabarıq şəkildə büruzə verəcəyini düşünürəm”.

E.Mirzəbəyli əmindir ki, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq blefi də bu məsələdə İrəvanın köməyinə gəlməyəcək: “Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramının Brüsseldə keçirilən sammitində dövlətlərin ərazi bütövlüyü ilə bağlı qəbul olunan qərar sıradan bir hadisə deyil. Bu, önümüzdəki illər üçün Aİ-nin MDB məkanındakı münaqişələrlə bağlı prioritetlərinin müəyyənləşməsidir. Bundan sonra ərazi bütövlüyü faktoru üzərindən ikili standartlara yol vermək asan olmayacaq. Yəni Aİ Gürcüstanın, yaxud Ukraynanın ərazi bütövlüyü kontekstində hansısa ölkəyə qarşı sanksiya tətbiq etmək qərarı verəcəksə, o zaman eyni yanaşmanı Ermənistana qarşı sərgiləməyə də məcbur olacaq. Aqressiv separatizm və işğal artıq Avropa İttifaqının özü üçün də ciddi təhlükəyə çevrilib və bu baxımdan məsələdə güzəşt limitinin əvvəlki qədər olmadığını düşünürəm”.

*****

Bu ərəfədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ilə bağlı anons edilib. “Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var”. APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş Avropa ölkələrindən birində baş tutacaq. “Vyanada müxtəlif fikir mübadilələri apardıq. Həmsədrlər müzakirələri dəyərləndirəcəklər və qərar verəcəklər. Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun”, - deyə o qeyd edib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə danışıqlardan hər hansı nəticə gözləmir. Diplomat hətta Ankara və Moskva arasındakı Qarabağla bağlı məsləhətləşmələrin də Azərbaycan üçün məqbul nəticələr vəd etmədiyi qənaətindədir: “Saziş indiki vəziyyəti gələcək vəziyyətə bağlayan şərtlərdir. Hər bir sazişdə o əksini tapır ki, indiki vəziyyəti gələcək vəziyyətə necə gətirib çıxaraq. İlin əvvəlində Lavrov bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil və indi bu, beynəlxalq problemdir. İkincisi də deyirdi ki, 5 rayonun azad olunmasının əvəzinə, status məsələləri həll olunmalıdır”.

"Gələcəyi olmayan Ermənistan"a Qərbdən xəbərdarlıq

Eks-nazir deyir ki, lap indi ermənilər 5 rayonu azad etdilər, o halda işğalçı ölkənin bu ərazilərin əvəzində nə alacağı barədə düşünmək lazımdır: “Birincisi, həmsədr dövlətlərin qarantiyalarını alacaqlar. Yəni sazişdə xüsusi bənd olacaq ki, arada hərbi əməliyyatların bərpası baş verərsə, həmin fövqəldövlətlər bunun qarşısını öz hərbi imkanları ilə alacaqlar. İkincisi, buna təminat verən BMT-nin xüsusi qətnaməsi olmalıdır. Həmin qətnamədə isə göstəriləcək ki, əgər bu saziş pozularsa, ya da hansısa tərəf gücdən istifadə edərsə, BMT qətnaməsi tələb edəcək ki, buna qarşı hərbi əməliyyatlar başlasın, özü də BMT-nin bayrağı altında. Üçüncüsü isə 5 rayon, yaxud ondan az - çünki müxtəlif mənbələr deyirlər ki, heç 5 rayon da olmayacaq - azad olunandan sonra ermənilər hərbi cəhətdən təminat alacaqlar. Yəni ondan sonra sülh prosesindən imtina edəcəklər və ikinci mərhələ olmayacaq. Deyəcəklər ki, yox, biz danışıqlar aparmırıq, bu, bizə lazım deyil. Ya da danışıqlar elə aparılacaq ki, onun heç bir nəticəsi olmayacaq. Deməli, Azərbaycan həm Dağlıq Qarabağı, həm də digər işğal olunmuş əraziləri əbədi itirəcək”.

T.Zülfüqarov bu səbəbdən hesab edir ki, indiki masada olan variant ideal sayıla bilməz: “Bu, ideal variant deyil. Sadəcə olaraq, vasitəçilər gərək ən azı Madrid prinsiplərinə qayıtsınlar. Deyirik ki, 7 rayon azad olunsun, Laçın rayonu daxil olmaqla və onlara müvəqqəti olaraq yol verilsin. Ondan sonra Dağlıq Qarabağın gələcək statusu müzakirə olunsun. Həmçinin bu prosesdə Azərbaycan icmasının qayıdışı və danışıqlarda iştirakı təmin olunsun. Bu, Madrid prinsipləridir”.

Bir məqam da diqqət çəkir və təəccüb doğurur. Ermənistanda bir-birindən fərqli mövqelər davamlı şəkildə sərgilənir. Əvvəlcə Sərkisyan Ermənistanı ağrılı güzəştlər gözlədiyini dedi. Ardınca XİN rəsmisi Ş.Köçəryan bunun əksini söylədi. Eks-nazir deyir ki, biz düşmənin strategiyasının nədən ibarət olduğunu başa düşməliyik: “Onlar adətən vəziyyətə baxırlar, amma biz baxdığımız kimi yox. Ermənilər deyirlər ki, Dağlıq Qarabağ, işğal olunmuş digər ərazilər bizim əlimizdədir. Ona görə də çalışaq ki, işğal olunmuş ərazilərin bir hissəsini qaytaraq və bunun əvəzində mən dediyim təminatları alaq. Yəni BMT-nin qətnaməsi və həmsədr ölkələrin hərbi təminatları olsun. Ondan sonra təbii ki, ermənilər torpaqların bir hissəsini verə bilərlər. Amma heç də Kəlbəcərdən, Laçından, bəlkə də Zəngilandan söhbət getmir. Yəni söhbət oyundan gedir. Ona görə də mən inanmıram ki, danışıqlar hansısa nəticə verəcək. Çünki qapalı danışıqlar istər-istəməz hansısa mərhələdə açılmalıdır. Açılandan sonra hər şey bəlli olacaq. Amma orada təzə bir şey gözləməyin. Mən bir neçə adamla görüşdüm, məlumatım var. Demək olar ki, söhbət dediyim sxemdən gedir”.

Elşad PAŞASOY
Tarix: 21-12-2017, 10:40
Xəbəri paylaş





Xəbər lenti