Erməni generalın müharibə qorxusu

Erməni generalın müharibə qorxusu
Düşmən ölkənin hərbçilərinin erməniləri vahiməyə sala biləcək açıqlamalar yaymasının səbəbi nədir; polkovnik Şair Ramaldanov: “Artıq Azərbaycan Silahlı Qüvvələri ilə əvvəlki kimi danışmaq mümkün olmayacaq”

Son günlər Ermənistan ordusunun keçmiş və hazırkı zabitləri qorxuya düşdükləri təəssüratı yaradan, təlaşlı açıqlamalarla çıxış edirlər.


Bu dəfə də erməni deputatı, general Seyran Saroyan Ermənistan cəmiyyətində ötən ilin aprel ayında Azərbaycan ordusunun ələ keçirdiyi Lələtəpə yüksəkliyinin geri qaytarılması ilə bağlı müzakirələrə şərh verib. Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, məsələ ilə əlaqədar S.Saroyan deyib: “Allah göstərməsin ki, müharibə başlasın. Bir yüksəkliyə görə biz xalqı qırğına verə bilmərik. Bu yüksəklik elə də əhəmiyyətli deyil”. Bundan sonra general fantaziyalar aləminə qapılaraq qeyd edib ki, erməni tərəfi cəbhə xəttinin digər istiqamətlərində hücuma keçə və “hamını əsir götürə bilər”.

Xatırladaq ki, ötən həftələrdən erməni ekspertlər ya Azərbaycanın Türkiyə ilə birlikdə Ermənistanın paytaxtına Naxçıvandan zərbələr endirəcəyini iddia edir, ya da Azərbaycan ordusunun Qarabağla kifayətlənməyərək Zəngəzur və İrəvana da hücum edəcəyini deyirlər. Nə baş verir, ermənilər bununla nə demək istəyirlər?

Erməni generalın müharibə qorxusu

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erməni generalın Lələtəpə ilə bağlı belə bir mövqedən çıxış etməsi təbiidir: “Onlar nə qədər yalan danışsalar da, bu sözlərində haqlıdırlar. Həqiqətən də müharibə başlasa, erməni ordusu üçün fəlakət olacaq. Azərbaycan silahının gücü, ordumuzun mövqeləri, ölkəmizin iqtisadi potensialı, əsasən da insan resurslarımız düşməndən qat-qat üstündür. Bu gün Azərbaycan cəmiyyəti gözləmə mövqeyindən hücum mövqeyinə keçib torpaqlarımızın azad olunmasını istəyir. Ona görə təbii ki, belə bir durumda ermənilərin müharibəyə başlaması onların sonunu gətirə bilər”. Ekspert erməni hərbçinin bu fikirləri əbəs yerə dilə gətirmədiyini vurğuladı: “Aprel hadisələrindən sonra birinci şəxsdən tutmuş müdafiə nazirliyinin rəhbərliyinə kimi cəmiyyəti sakitləşdirmək üçün bir sıra manevrlər etdilər. Onlar bəyan etdilər ki, aprel müharibəsində itirilmiş ərazilər geri qaytarılacaq. Bu, olmasa belə, başqa istiqamətdən daha böyük əraziləri işğal edəcəkləri barədə hədələyirdilər. İddia edirdilər ki, bununla da Azərbaycana öz güclərini göstərəcəklər. Ermənistan çox istəyirdi ki, Azərbaycanı cəzalandırsın. Erməni tərəfin təmas xətti boyu təxribatlara əl atması dinamikasına baxsaq, görərik ki, onlar çoxsaylı istiqamətlərdə öz imkanlarından istifadə edib uğur qazanmağa çalışıblar. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin ayıq-sayıqlığı, qəhrəmanlığı, həmçinin şəhidlər verməsi nəticəsində düşmənin heç bir istəyi, diversiya hərəkətləri və genişmiqyaslı təxribatları həyata keçməyib. Ondan sonra düşmən ölkə rəhbərliyinin xalqına verdiyi bu vədlər aydan-aya keçirdi. Hətta səriştəsizliyinə və vədləri yerinə yetirmədiyinə görə müdafiə nazirliyinin rəhbərliyindəki şəxslər də dəyişdirildi. Ermənilərin bu durumu mənə Krılovun ”Kvartet"ini xatırladır. Necə ki, orada musiqiçilərin yerlərini dəyişirdilər ki, musiqi yaxşı alınsın. Ermənistan ordusunda da rəhbərliyin dəyişdirilməsinə baxmayaraq, heç bir uğur əldə etmək mümkün deyil".

Ş.Ramaldanov düşmənə xəbərdarlıq etdi: “Artıq Azərbaycan Silahlı Qüvvələri ilə əvvəlki kimi danışmaq mümkün olmayacaq. Hər gün təmas xəttində 150-dən yuxarı atəşkəs pozulması halı baş verir, bu, o deməkdir ki, müharibə vəziyyəti aktiv fazaya keçib, vəziyyət daha da gərginləşib. Bunun səbəbkarı isə Ermənistan tərəfdir. Məsələ burasındadır ki, Ermənistan hakimiyyəti illərdir xalqın etiraz edən təbəqəsini yerində oturtmaq üçün Qarabağdakı gərginlikdən istifadə edir. Ermənistan rəhbərliyi cəmiyyəti belə ifadələrlə qorxudur. Ona görə də bəyan edirlər ki, Azərbaycan tək Qarabağı azad etməklə razılaşmayacaq, Ermənistanın digər ərazilərinə, Zəngəzura, İrəvana da hücum edəcək”.

Erməni generalın “Bir yüksəkliyə görə biz xalqı qırğına verə bilmərik. Bu yüksəklik elə də əhəmiyyətli deyil” iddiasına gəldikdə, Ş.Ramaldanov bunları söylədi: “Lələtəpə bəlkə də onlar üçün strateji əhəmiyyət kəsb etmir. Ancaq bizim üçün önəmi çox böyükdür. Çünki Lələtəpənin azad edilməsi Horadiz, Cocuq-Mərcanlı, Tap Qaraqoyunlu istiqamətlərinə nəzarət etmək imkanı yaradır. Təbii ki, düşmən işğalında olan ərazilərdə xarabalıqlar qalıb. Həm də bu ərazi bizim üçün ona görə stratejidir ki, Azərbaycan ordusu o təpələrdən düşmənin bütün hərəkətlərini izləyə və cavabını verə bilir. Bəzi generallar ortaya çıxıb özlərinə bu yolla bəraət qazandırmağa çalışır. Məşhur misal var, ”itdən soruşurlar “niyə hürürsən?” Deyir “qorxuduram”. “Bəs niyə quyruğunu bulayırsan?” Deyir “qorxuram”. İndi erməni generallar həmin misalı xatırladır. Onlarda hər hansı istiqamətdə uğur alınmayanda artıq özlərinə bəraət qazandırmağa çalışırlar ki, bu təpələr bizə lazım deyil".

Hərbi ekspertimiz qeyd etdi ki, bu gün erməni cəmiyyəti iki yerə parçalanıb: “Bir hissə məsələni qoyur ki, Qarabağ məsələsini həll etmək lazımdır, çünki bu, Ermənistana müsbət heç nə verməyib, iqtisadiyyat bərbad gündədir, silah almaq üçün pul yoxdur, Rusiyanın ”kredit əsirinə" çevrilirik. Üstəlik, ərəb ölkələrindən investorlar cəlb edirlər ki, Ermənistana yatırım qoysunlar, əhali düşdüyü ağır vəziyyətdən çıxsın. Təsəvvür edin, Rusiyadan kreditə 200 milyonluq silah alıblar, indiyədək onun cəmi 73 milyonunu verə biliblər. Ermənistandakı sağlam insanlar deyir ki, sabah müharibə başlasa, nəinki Qarabağı saxlamaq mümkün olmayacaq, Ermənistanın özü də fəlakətlər içində boğulacaq. Bu gün hər tərəfdən Sərkisyan hakimiyyəti böyük təzyiq altındadır. Çıxış yolu üçün də generalları ortaya çıxarıblar, onlar da deyirlər ki, apreldə əldən getmiş təpələr əhəmiyyətli deyil. Bunlar hamısı cəmiyyətin təzyiqinə cavab xarakteri daşıyır. Üstəlik, bu, həm də əsgər valideynlərinin fəaliyyətinə cavabdır, cəmiyyəti sakitləşdirmək üçün manipulyasiyalardır. Hansı ki, onlar bu vaxta qədər başqa söz deyirdilər. Bir müddət əvvəl Serj Sərkisyan da Azərbaycanın silahlanması ilə bağlı həyəcanlı ifadələr işlətmişdi. Bununla da o, öz havadarlarına mesaj vermişdi ki, onlar Ermənistana yardım etsinlər".

Qeyd edək ki, həftənin ilk günü Azərbaycan ordusu Ermənistana məxsus pilotsuz uçuş aparatını məhv edib. Müdafiə Nazirliyi xəbər verir ki, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu, erməni təxribatlarının qarşısının anındaca alındığını sübuta yetirən faktdır.

E.PAŞASOY,
Tarix: 26-12-2017, 08:50
Xəbəri paylaş





Xəbər lenti