Bankı batıranlar

Bankı batıranlar
“Dəmirbank”ın lisenziyasının ləğv edilməsi, bankın müştərilərinin kartlarının bloklanması və onların məlul-müşkül, pulsuz qalması hadisəsi yadıma bu bankla bağlı bir əhvalatı saldı. Onu qısa şəkildə sosial şəbəkədə yazmışam, indi burda daha müfəssəl yazıb, sonra mətləbə keçəcəyəm.

Hadisə belədir: 1994-cü ildə bir dəfə “Fioletov” adlanan elektrik qatarı stansiyasından düşüb “Şərq bazarı”nın yaxınlığında yerləşən “Azdəmiryolbank” bankına getmişdim. Dayım bankın ofisini sıfırdan təmir edən briqadanın iş icraçısıydı. Getdim, çatdım, gördüm, ustalar və fəhlələr bir aradadırlar, nəyisə müzakirə edir, gülüşürlər. Tezliklə aydın oldu ki, gecə banka oğrular girib, əllərinə keçən qiymətdə ağır, vəzndə yüngül şeylər aparıblar. İnşaat meydançasında nə olacaq ki...

Hamı oğruların ən azı dörd nəfər olduğuna inanırdı. Ortada bunu sübut edən “iz”lər vardı. Bankın girişdəki ən iri otağının dörd küncünün dördündə də, siz də məni bağışlayın, insan nəcisi kütləsi vardı. İş icraçısı bu “isti izləri” görəndə əvvəlcə pərt olub, hesab edib ki, bu, kimin işidirsə, konkret sataşmaqdır, xəbərdarlıq etmək, mesaj verməkdir. Amma sonradan yaşlı ustalardan biri deyib, elə deyil. Adam təcrübəliymiş, güman ki, gəncliyində oğru dünyasına bələdliyi-zadı da olub. O deyib ki, siz bilmirsiniz, bu sataşmaq məsələsi deyil, sadəcə, bu, oğruların ilk işidir, güman ki, gəncdirlər, bu işə ilk dəfə qol qoyduqlarından möhkəm həyəcanlanıb, qorxublar və qarınağrısına düşüblər, ona görə də bankın binasından çıxmadan, hərəsi bir küncə oturub. Ağsaqqal fəhlə deyib ki, oğurluğa ilk dəfə gedənlərdə belə olur, amma sonrakı oğurluqlarda elə olmur. Hətta o gənc oğrular küncə çöküb rahatlanmasalar, ola bilərmiş ki, özlərini batırsınlar. O dərəcədə.

Sonradan o bankın adı dəyişdirilib “Dəmirbank” qoyuldu, uzun illər də effektiv işlədi. Ancaq belə görünür ki, 23 il öncə bu bankın ortasına qoyulmuş nəcis kütləsinin mistik qüvvəsi onu bu günlərəcən təqib edib ki, indi bankın lisenziyası ləğv olunub.

Təbii ki, bu, zarafatdır, ciddi söhbət deyil. Ona qalsa, Beynəlxalq Bankın mərkəzi binası tikiləndə mühafizəsi güclüydü, ora nəinki oğrular girib otura bilmirdilər, heç göydə uçan quşun binanın interyerinə zıl atması da mümkün deyildi. Amma bu bankın sabiq müdiri Cahangir Hacıyev neylədi? Gül kimi bankın ortasına zibil qoydu, milyardları sağa-sola, tanış-bilişə, ayı xidməti göstərənlərə, ceyranlara, quşlara dağıtdı, axırda da zibilə batıb qaldı. Bu, bəlkə də onun ilk oğurluğuydu, ona görə belə oldu. Yaşlı usta 1994-cü ildə demişdi axı, ilk dəfə oğurluğa gedənlərin əvvəlcə qarnı ağrıyır, sonra - başları.

İndi deyirlər, Cahangir müəllim türmədə hamam, tualet növbəsində durur. Əlbəttə, onun dövlətin bankından çırpışdırdığı xalq pulunun 99 faizini əlindən almış olsalar, 1 faizi qalmış olsa belə, ona bəs edərdi. Adam türmənin içində özü üçün ayrıca bir tualetli, hamamlı, 5 ulduzlu türmə tikdirib “cəza çəkə-çəkə” yaşaya bilərdi. Amma nəyə görəsə müəllimə hələlik bu imkanı verməyiblər. Bəlkə gələcəkdə cəza çəkməyin bir kef çəkmək mərhələsi də gələcək, kim bilir.

Yuxarıda nəql etdiyim hadisədən çıxış edərək bu fikrə gəlmək olar ki, oğurluq olan yerdə mütləq xirtdəyə çıxan zibil də olur. Yəqin elə ona görədir ki, əksər sahələrdən zibil iyi gəlir. İlk dəfə oğurluq edənlər rəhbərlik etdikləri strukturların baş binalarının künclərinə oturur, gül kimi sahənin içinə zibilə qoyub, bəzən hətta divarına suvayıb gedirlər.

Hazırda camaat səbirsizliklə sabiq vergilər naziri Fazil Məmmədovun qoyub getdiyi “zibil izləri”nin açılacağını gözləyir. Tez olsaydı, yaxşı olardı. Xəlayiq danışmağa, müzakirə etməyə, “pah atonnan, dövləti nə təhər dağıdırmışlar” deyə təəccüblənməyə mövzu tapardı. Yoxsa indilikdə kimin haranı necə dağıtdığını bilmirik. Hətta durub desək, adamı “böhtançı” deyə məhkəməyə verib tutdurarlar. Ona görə də gərək gözləyək, “xəyanət edən”lərin, öz sahəsini batıranların (hər mənada) adını özləri açıqlasınlar.

Samir SARI
Tarix: 27-12-2017, 08:21
Xəbəri paylaş





Xəbər lenti