“İranda aksiyalar geniş vüsət alsa...” - Əlizadədən çarpıcı açıqlamalar

“İranda aksiyalar geniş vüsət alsa...” - Əlizadədən çarpıcı açıqlamalar
İranda aksiyalar geniş vüsət alsa belə sistem və ya hökumət dəyişikliyi gözlənilmir. Çünki İran hakimiyyəti kifayət qədər güclü və qətiyyətlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Zərdüşt Əlizadə İranda neçə gündür davam edən sosial xarakterli kütləvi aksiyaları şərh edərkən deyib.


Zərdüşt Əlizadə bildirib ki, İranın müxtəlif şəhərlərini əhatə edən güclü mitinqlər hakimiyyətə açıq işarədir. Onun sözlərinə görə, İranda insanların maddi durumu o qədər də yaxşı deyil:

“İnsanlar bundan narazıdır. Tələblərdən biri də odur ki, İran xaricdə dəstəklədiyi təşkilatlara və dövlətlərə xərclədiyi pulu öz vətəndaşlarına yönəltsin. Bu, ümumi mənafe baxımından düzgün mövqedir. Əgər SSRİ bütün dünyada yüz milyardalrla pulu inqilabi hərəkatlara, sosialist ölkələrə, bəzi dövlətlərdə hakimiyyət dəyişikliyinə deyil, xalqın rifahına, infrastruktura xərcləsəydi sovet dövləti çökməzdi.

İndi İranda müşahidə olunan ciddi çıxışlar əslində İran dövləti üçün siqnaldır. Bundan nəticə çıxararaq xarici siyasətdə fəallığı və xərcləri azaltsalar, bu siqnalı qəbul etmiş olarlar”.

Politoloq əlavə edib ki, İranda qərbpərəst qüvvələrin mütəşəkkil və nizamla idarə olunduğu da hökmən nəzərə alınmalıdır:

“Aksiyaların arxasında qərbyönümlü insanlar və təşkilatlar durur. Bu da sübut edir ki, İranda belə təşkilatlar var və üstəlik də söz sahibidirlər”.

Mütəxəssis aksiyalar zamanı ölün hallarının baş verməsi faktının diqqət çəksə də, bunun dəhşətli olmadığı qənaətindədir: “Əlbəttə, insan ölümü çox pis haldır. Ancaq nəzərə almaq lazımdır ki, İranda ildə az qala üç min insan narkotik ticarətinə görə edam olunur. Dünyanın digər ölkələrində də insanlar qətlə yetirilir, intihar olur və sair. Bunların hamısı böyük siyasət üçün faciə deyil. Sözsüz ki, insan ölümü təəssüf doğuran hadisədir. Ancaq bu fakt hakimiyyətin zəif və ya möhkəm olmasının sübutu kimi çıxış etmir”.

Zərdüşt Əlizadə hesab edir ki, İranda baş verən aksiyalara həm də ölkə daxilindəki qüvvələrin hakimiyyət uğrunda siyasi mübarizəsi kimi baxmaq lazımdır: “Bu fikir həqiqətdən uzaq deyil. Görünür, hakim zümrənin daxilində müəyyən çatlar yaranıb”.
Tarix: 1-01-2018, 17:05
Xəbəri paylaş





Xəbər lenti