30 ildir davam edən haqq davası

30 ildir davam edən haqq davası
2018-ci il-Dağlıq Qarabağ savaşının 30-cu ili

2018-ci ilin gəlişi ilə Dağlıq Qarabağ savaşının yaşı 30 ilə yüksəldi. 1980-ci illərin ortalarından etibarən Sovet İttifaqının daxilində baş verən mürəkkəb və ziddiyyətli proseslərdən istifadə edən Ermənistan SSRİ Azərbaycan SSRİ-in daxili işlərinə müdaxilə edərək coğrafi-siyasi, etnik-mədəni, tarixi baxımdan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı ilhaq etmək üçün əsassız iddialar irəli sürdü.


SSRİ rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və 1987-ci il noyabrın 18-də “Humanite” qəzetində dərc edilmiş çıxışı gərginlik yaratdı. O, guya Dağlıq Qarabağın əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə M. Qorbaçovun razılığını aldığını bildirdi. 1988-ci ilin fevral ayının əvvəllərində Ermənistandan bir qrup adam Moskvaya gedərək əsassız tələblərini irəli sürdülər. Fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti doğurmamışdı. Azərbaycan daim Dağlıq Qarabağ regionunun sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirmişdi. Münaqişə Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi nəticəsində yarandı.

1988-ci il fevralın 18-də çıxış edən M.Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxmağın vacibliyini söylədikdən sonra Ermənistan rəhbərləri daha da ruhlandılar. Ermənistanın bilavasitə müdaxiləsi ilə fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azər­baycanlı deputatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSRİ-dən Ermənistan SSRİ-ə verilməsi haqqında Azərbaycan SSRİ və Ermənistan SSRİ ali sovetlərinə müraciət edildi.

Bu qərarın ardınca Dağlıq Qarabağda ilk qan töküldü. DQMV Xalq Deputatları Sovetinin ayrılma haqqında qərarına etiraz edən dinc azərbaycanlılara fevralın 22-də Ağdam-Xankəndi şose yolu ətrafında yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlı şəxslərin atəş açması nəticəsində iki gənc öldürüldü. Onlar münaqişənin ilk qurbanları oldular. Bununla da hadisələrdə silahlar işə salınmış oldu. Azərbaycan xalqı öz torpaqlarının bütövlüyü uğrunda haqq davasına qatıldı.



Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində qeyd etdi ki, bu dava başlayanda heç kim təsəvvür etmirdi ki, 30 il keçəcək lakin hələ də bitməyəcək: “Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq planı hələ 1988-ci ildən xeyli öncəki illərdən işə salınmışdı. Krımın Rusiyadan ayrılıb Ukraynaya verilməsindən sonra Kremldə toplaşmış ermənilər, məsələn SSRİ Ali Sovetinin sədri Mikoyan, SSRİ dövlət plan komitəsi sədrinin birinci müavini Sitaryan və digər yüksək vəzifəli ermənilər Dağlıq Qarabağın da iqtisadi nötqeyi-nəzərdən ayrılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışdılar. Onlar əvvəl bu məsələni SSRİ rəhbəri Xruşşovun dövründə həyata keçirməyə çalışdılar. Xruşşov Azərbaycandakı o zamankı rəhbərliyin barışmaz mövqeyini görüb buna son qoydu. Amma illər sonra Mixail Qorbaçovla başlayan yenidənqurma dövründə bu məsələ yenidən aktuallaşdırılmağa başladı. Qorbaçovun ətrafındakı ermənipərəst qüvvələr bu bölgənin Azərbaycandan ayrılıb Ermənistana verilməsi ilə bağlı məsələni iqtisadi cəhətdən vacib addım olduğunu gündəmə gətirdilər. Bunun ardınca Dağlıq Qarabağda erməni separatçıları Miatsum (Birləşmə) adlı separatçı hərəkata başladılar. Onlar 1988-ci ilin fevralında Xankəndi Partiya Komitəsinin binasının qarşısında mitinqlərə başladılar. Bu mitinqlərin başlanması ilə Bakıda və digər bölgələrimizdə azərbaycanlıların da siyasi fəallaşması başlandı. Bu mitinqlər ilk vaxtlar Sovet ordusunun köməyi ilə Bakıda yatırıldı. Ardınca da həm Azərbaycanda, həm də Ermənistanda siyasi rəhbərlik dəyişdirildi. Azərbaycana Əbdürrəhman Vəzirov birinci katib gətirildi. Amma Vəzirov millətçi görüşlərə malik deyildi və Dağlıq Qarabağın əldə saxlanması üçün təsirli tədbirlər görmürdü. O hətta dostluqdan, qardaşlıqdan danışırdı. Lakin SSRİ KQB-s-nin təşkilatçılığı Sumqayıtda ermənilərə qarşı hücumlar edildi. Onlar bununla Azərbaycan xalqının təcavüzkar və ermənilərlə bir arada yaşamasının mümkün olmadığı görüntüsünü yaratmağa başladılar. Ardınca isə Ermənistandan ilk qaçqınlar Azərbaycana qovulmağa başlandı. Sayı 200 mindən yuxarı azərbaycanlını tarixi vətənlərindən deportasiya etməyə başladılar. Həmin dövrdə belə bir cəhd oldu ki, Ermənistandan deportasiya edilən azərbaycanlılar Dağlıq Qarabağa yerləşdirilsin. Onların təxminən 7-8 mini Dağlıq Qarabağa yerləşdirildi. Amma Moskvanın əmrindən sonra Vəzirov bu prosesi dayandırdı. Bundan sonra Dağlıq Qarabağ erməniləri separatizm hərəkətlərini daha da genişləndirdilər. Onlar artıq silahlanmışdılar. İki nəfər dinc Ağdam sakinini öldürməklə ilk azərbaycanlı qanının tökülməsinə səbəb oldular. Ağdam hadisəsi vəziyyəti ciddiləşdirdi və artıq bu prosesin təhlükəli həddə çatdığından xəbər verdi. Azərbaycanda mitinqlər yenidən başladı və 1990-cı ilin 20 yanvar qırğını Kremlin sifarişi ilə həyata keçirildi. Bundan sonra Vəzirov hakimiyyətdə qala bilmədi Moskvaya qaçdı. Ayaz Mütəllibov hakimiyyətə gətirildi. Moskva Dağlıq Qarabağda gedən prosesləri gizli şəkildə qızışdırırdı. Lakin bir qədər sonra Moskva Ermənistanı və Dağlıq Qarabağ separatçılarını açıq-aşkar müdafiə etməyə başladı”.

Politoloq hesab edir ki, Dağlıq Qarabağ hadisələrinin ilk dövründə onu cilovlamaq mümkün idi. Məsələn, Miatsum hərəkatı başlayanda və ilk mitinqlərində uzağı 2-3 min adam var idi. Həmin adamların güc yolu ilə meydandan qovulması, bir qisminin həbs edilməsi mümkünüydü: “Amma Azərbaycan KPMK-nın ikinci katibi Viktor Polyanişçko buna imkan vermədi. Bunun nəticəsində də separatçılar əl-qol açdılar, silahlı dəstələr yaratdılar. Onların öncüllüyü ilə Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başladı. Bütün dövrlərdə Azərbaycan xalqını düşmən qarşısında əliyalın qoyan təkcə Moskva yox, həm də Azərbaycanın fərasətsiz rəhbərləri oldu. Ermənilərin separatçılığı, silahı hücumları başlayandan sonra azərbaycanlıların hətta ov tüfəngləri də əhalidən yığışdırıldı və onların özünü müdafiə imkanları əlindən alındı. Nəticə etibarilə Dağlıq Qarabağda ermənilərin silah baxımından üstünlüyü yarandı. Əliyalın azərbaycanlı əhaliyə qarşı qırğınlar törədildi. Xocalı soyqırımı həyata keçirildi. Bundan sonra Ayaz Mütəllibov hakimiyyətdən istefa verdi və Xalq Cəbhəsi hakimiyyətə gəldi. Həmin hakimiyyət dövründə bir sıra uğurlu əməliyyatlar həyata keçirildi. Həmin əməliyyatlar axıra qədər davam etdirilsəydi erməni separatizminin kökünü kəsməyə qadir idi. Amma təəssüf ki, bilavasitə Surət Hüseynovun günahı ucbatından həmin əməliyyatlar axıra qədər davam etdirilmədi. Surət Hüseynov cəbhə xəttindən zirehli texnikanı və hərbçiləri geri çəkməklə erməni qoşunlarının irəliləməsinə şərait yaratdı. Nəticədə ermənilər təkcə Dağlıq Qarabağ yox, onun ətrafındakı daha 6 rayonu da itirdi. Azərbaycan xalqının erməni təcavüzünə qarşı dirənişi 1988-ci ildən davam etsə də bu dirənişin separatizmin qarşısını almasına xarici düşmənlər və daxildəki xainlər mane oldular. 30 ildir davam edən haqq davamız bu gün də davam edir”.

Q.Hüseynli vurğuladı ki, bu gün də bir sıra beynəlxalq güclər və dövlətlər bu davanın öz məntiqi nəticəsinə varmasına imkan vermirlər: “1994-cü ildən yaradılan ATƏT-in Minsk qrupu, əsasən də Rusiya Qarabağ məsələsinin həllinə faktiki olaraq maneədir. Nəticəsiz sülh danışıqları davam edir və vasitəçi kimi çıxış edənlər nəticəsiz danışıqların sonsuza qədər uzanmasında maraqlı görünürlər. Amma mən inanıram ki, Azərbaycan dövləti onların bu planını alt-üst edəcək. Ümid edək ki, Dağlıq Qarabağ davası daha 30 il çəkməyəcək və tezliklə Azərbaycanın haqq işi qalib olacaq, torpaqlarımız azad ediləcək. Bunu ümid etməyə bir sıra daxili və xarici faktorlar əsas verir. Artıq Azərbaycanın güclü ordusu var. Əgər kənardan müdaxilə və maneə olmasa Azərbaycan ordusu qısa zamanda torpaqlarımızı azad edə bilər”.

Etibar SEYİDAĞA,
Musavat.com
Tarix: 4-01-2018, 21:09
Xəbəri paylaş





Xəbər lenti