Supergücləri üz-üzə gətirən İran

Supergücləri üz-üzə gətirən İran
Fransa prezidenti Emmanuel Makron İranda baş verən proseslərdən danışıb. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Makron İranla danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını bildirib. “İrandakı hadisələrlə bağlı ABŞ, İsrail və Səudiyyə Ərəbistanının mövqeyini bölüşmürük. Fransanın müttəfiqlərinin İranla bağlı bəyanatları müharibəyə səbəb ola bilər. İranla dialoqu davam etdirməliyik. Biz təzyiqləri artırmalıyıq, amma Tehranla münasibətləri kəsməməliyik”, - deyə Fransa prezidenti qeyd edib.

Aİ və ABŞ arasında İran qarşıdurması

Ümumiyyətlə, son illərdə Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərlə ABŞ arasında İran məsələsində ciddi fikir ayrılıqları özünü qabarıq şəkildə göstərməyə başlayıb. Xüsusilə, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra bu ziddiyyətlər daha da dərinləşdi. Tramp 2015-ci ildə “Altılıq” və İran arasında bağlanmış nüvə anlaşmasını ləğv etmək istəyini dilə gətirəndə də Brüssel buna qarşı çıxdı. Amerika prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıyanda da Aİ-dən buna etiraz gəldi. Trampın qərarına Avropada dəstək axtarışına çıxan İsrailin baş naziri Binyamin Netanyahu Brüsselə səfərində İran məsələsini masaya qoyanda da Aİ buna dəstək vermədi. Netanyahu ilə görüşündə Aİ-nin xarici siyasət komissiyasının ali nümayəndəsi Federika Moqerini İranla danışıqların davam etdirilməsinin və nüvə anlaşmasının saxlanılmasının tərəfdarı olduqlarını diqqətə çatdırdı. İsrailin baş naziri isə Brüsseldən İrana qarşı mübarizədə dəstək istəmişdi, amma istədiyini ala bilmədi. Aİ eyni mövqeni ABŞ dövlət katibi Reks Tillersonun Brüsselə səfərində təkrarlamışdı. Tillersonla görüşündə Moqerini açıq formada bildirdi ki, Avropa İttifaqı nüvə sazişinin imzalanmasından sonra ABŞ-ın İranla bağlı sərtləşən siyasətinə dəstək vermək fikrində deyil və dialoq tərəfdarıdır.

Britaniyalı nazirin müəmmalı Tehran səfəri

İranda antihakimiyyət mitinqlərinin başlanmasından bir neçə gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun Tehrana səfəri də təsadüfi sayılmamalıdır. Conson Tehranda yüksək səviyyədə qarşılandı, prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdü. Britaniyalı nazirin səfərində diqqətçəkən məqam isə bu idi ki, səfər dekabrın 8-də elan edilir, ayın 9-da isə Boris Conson Teharan gəlir. Səfərdən 20 gün sonra isə İranda məlum hadisələr baş verir.

Amerika KİV-lərində bu iki hadisə arasındakı əlaqəyə dair ilginc iddialar yer almağa başlayıb. Amerikalı mənbələrə görə Boris Conson İran hakimiyyətini xəbərdarlıq etmək üçün Tehrana göndərilib və buna görə də çevriliş cəhdinin qarşısı böyük ölçüdə əvvəldən alınıb. Mənbələr İranda baş verəcək siyasi proseslərlə bağlı ingilis kəşfiyyatının əvvəldən məlumatlı olduğunu və bununla bağlı Tehranı xəbərdar etdiyini istisna etmirlər. Boris Consonun İrana gətirdiyi məxfi dosyedə bununla bağlı kəşfiyyat məlumatlarının olduğu da iddia edilir.

Ruhani Makrona söz verdi

Avropa İttifaqından İran və digər məsələlərdə dəstək ala bilməyən ABŞ prezidenti Donald Tramp ittifaq və İngiltərəyə şübhəylə baxmağa başlayıb. Amerika başçısı Aİ-nin müttəfiqlik prinsiplərini pozduğunu iddia edir. Lakin o, buna baxmayaraq, ABŞ-ın öz maraqlarına uyğun qərarlar verəcəyini, lazım olacağı halda, İrana qarşı açıq savaş açacaqlarını da diqqətə çatdırır. Lakin ABŞ-ın İrana qarşı hansı mövqedə dayanmasından asılı olmayaraq, Aİ açıq formada islam respublikasında baş verənlərdən narahatlığını büruzə verir. İranda etiraz aksiyalarının başlamasından dərhal sonra açıqlama verən Donald Tramp bu ölkədə baş verəcək bütün demokratik dəyişikliyi dəstəklədiyini bildirdiyi halda, Brüssel bir müddət prosesləri sükutla izlədi. Nəhayət, Federika Moqerini yeni il gecəsi - Həsən Ruhaninin ilk açıqlamasından sonra sosial şəbəkə üzərindən İranla əlaqədə olduqlarını və proseslərin dialoq yolu başa çatacağına ümid ediklərini dedi.

Başqa sözlə, ABŞ-dan fərqli olaraq, Aİ İranda dəyişikliyə dəstək vermədi. Brüssel ehtimal edilən dəyişikliyin Avropa İttifaqı-İran münasibətlərini zədələyəcəyindən narahatdır. İranla imzalanmış nüvə anlaşmasının qüvvədə qalmasını, beləliklə, İranla iqtisadi və ticarət əlaqələrini genişləndirməyi planlaşdıran Aİ yeni sanksiyalara da qarşıdır və radikal addımların nüvə anlaşmasının imzalanmasından sonra yaranmış stabil vəziyyəti pozmasını istəmir.

Brüsselin narahatlığı

Digər yandan isə Avropa İttifaqı ABŞ-ın İranla nüvə sazişindən imtina edəcəyi halda, hansı addımı atacağını müzakirə edir. Bu vəziyyətdə ittifaqla İran arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi də naməlumdur. Amma Brüssel rəsmi şəkildə anlaşmanın qalmasında və ABŞ bu sazişdən imtina edəcəyi halda, Avropa İttifaqının geri çəkilməyəcəyini açıqlayıb. İranda mitinqlər yeni başlayanda Fransa prezidenti Emmanuel Makronun iranlı həmkarı Həsən Ruhaniyə etdiyi telefon zəngində də bu özünü növbəti dəfə göstərdi. Makron İran və Aİ arasında ticarət əlaqələrinin davam etdiriləcəyini dedi və bildirdi ki, nüvə anlaşmasının qorunmasında maraqlıdırlar.

Ruhani anlaşmanın saxlanılması üçün səylərini davam etdirəcəklərini diqqətə çatdırdı. Əlbəttə, indiki məqamda Brüsselin ən böyük narahatlığı İranda keçirilən mitinqlərdə iştirak edənlərə qarşı zorakılığın tətbiq edilməsini əsas gətirən ABŞ-ın nüvə sazişindən çıxması ehtimalı ilə bağlıdır. İranla yenidən qurulmuş ticarət əlaqələrinin Aİ iqtisadiyyatında canlanma yaratdığını bildirən Brüssel isə buna görə də anlaşmanın saxlanılmasını istəyir.(Cebhe.info)

Tarix: 6-01-2018, 14:29
Xəbəri paylaş





Xəbər lenti