“Savaşımız Qarabağdan başlayacaq”


Deputat: “Qarabağla bağlı “Paşinyan nə düşünür?” sualı bizim üçün qətiyyən aktual deyil”

“Paşinyanın meydan hərəkatından siyasət kabinetlərinə köçürülən hakimiyyət marafonunun ilk kilometrləri hər nə qədər uduşlu görünsə də, sonrakı mərhələlərdə gərginlikləri rahat proqnozlaşdırmaq mümkündür”.

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a Qarabağ ətrafındakı vəziyyəti, həmçinin işğalçı Ermənistandakı son durumu şərh edərkən söylədi. Onun sözlərinə görə, Ermənistan hakimiyyətini yaxşı perspektiv gözləmir: “İlk öncə Dağlıq Qarabağ separatçıları ilə münasibətin təhlükəli məcraya yönəlməsi ehtimalı böyükdür. İkincisi, sosial-iqtisadi problemlər üçün Ermənistanın regiona açıq bir dövlətə çevrilməsinin yaxın zamanlarda imkan xaricində olması gerçəyi var.  Paşinyan hakimiyyəti, əlbəttə, ABŞ və Rusiyanın müştərək təcrübə layihəsidir, ancaq hər iki dövlətin melodiyasına uyğun rəqs edə bilməsinin nə dərəcədə riskli olduğu unudulmamalıdır. Bu hakimiyyət yeni bir sosial narazılıq dalğasının boy göstərməsinə qədər duruş gətirə biləcək”.

F.Mustafa hesab edir ki, üstəlik, Qarabağ məsələsində də hansısa bizim xeyrimizə sayıla biləcək sürpriz addımlara gedəcəyi gözlənilmir: “Qarabağla bağlı ”Paşinyan nə düşünür?" sualı bizim üçün qətiyyən aktual deyil, tamamilə “Bizlər nə etməliyik?” sualına cavab axtarmağa  çalışmalıyıq".

Deputat Azərbaycan ordusunun Naxçıvan istiqamətindən irəliləməsinin düşməndə yaratdığı təşvişlə bağlı da fikirlərini bölüşdü. Yeri gəlmişkən, bəzi müşahidəçilər son ayların gəlişmələrinə nəzər yetirməklə budəfəki savaşın Naxçıvan istiqamətindən başlaya biləcəyini proqnozlaşdırırlar. F.Mustafa isə bu məsələdə daha korrekt olmağı vacib sayır:“Azərbaycan ordusunun hər bir uğuru bizi sevindirir və ordumuz üçün hər bir vətəndaşımız imkanı çatan dəstəyi verməlidir. Naxçıvan istiqamətində də bir neçə uğurlu əməliyyatın keçirilməsi  real nəticələr verdi və düşməni də xəyallar aləmindən yeni reallıqlarla hesablaşmağa məcbur etdi. Lakin ”savaşın Naxçıvandan başlaması" ifadəsi yanlış siyasi düşüncə ortaya qoya bilər. Bizim siyasi tezisimiz budur ki, hansısa ölkənin ərazisinə hücum etmək niyyətimiz yoxdur, sadəcə, işğal olunmuş ərzilərimizi azad etmək üçün hərbi əməliyyatlar keçirməyə hazırıq və bunu gerçəkləşdirməyə çalışacağıq.  Ona görə də bütün hallarda savaşımız birbaşa işğal olunmuş  Qarabağdan başlayacaq!"

E.PAŞASOY

Tarix: 11-01-2019, 09:58
Xəbəri paylaş





Xəbər lenti