Bordo qaçqınları Bərdədə


“Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağa gəlməsəydim, kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur?”

(Mirzə Fətəli Axundov, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”)

Fransada sarı jiletlilərin üsyanları davam edir, nə qədər yazıq müxalifətçini tutub dama salıblar. Keçən həftə bizim Elmar müəllimin idarəsi - Azərbaycan Xarici İşlər Nazirliyi bu haqda kəskin bəyanat verdi, Emmanuil Makron hökumətini dustaqları incitməməyə, azadlığa buraxmağa çağırdı. Deyir sarı jiletlilərdən bir nəfər KAMAZ şoferi (adı Mehmanuel Osseyn imiş) Bastiliyə türməsində 70 gündür aclıq aksiyası keçirir, ölmək təhlükəsi altındadır, hələ bəlkə bir neçə dəfə ölüb-dirilibdir. Parisdəki səfirimiz Eleonora xanım (bəlkə də onun adı artıq başqa cürdür, ancaq mənim bu səsləşmə xoşuma gəldi: Emmaunel, Elmar, Eleonora, ombudsman Elmira xanım və sairə) sürücüyə baş çəkib, Azərbaycan mətbəxinin ləziz nemətlərindən İvanovka tvaroqu aparmışdır. 

Əlbəttə, Yelisey sarayında bizim XİN-in bəyanatından narazı qalıblar, deyirlər nə üçün Azərbaycan Fransanın daxili işlərinə qarışır. Halbuki, insan haqları heç bir ölkənin daxili işi ola bilməz! Bu mənada, insan haqları əslində hər ölkənin xarici işidir. Deməli Fransada hüquqları pozulan sarı jiletliləri qorumaq elə Elmar müəllimin idarəsinin borcudur, necə ki, fransızlar da 25 ildir ATƏT-in Minsk qrupunda guya bizim Qarabağ problemini həll etməklə məşqulat edirlər. Fransa həmin qrupda 3 həmsədrdən biridir. Sözgəlişi, bizim hökumət fransızlara “Hansısa Mehmana görə narahat olursunuz, ancaq 1 milyon qaçqını fikirləşmirsiniz” iradını tutanda bu baxımdan movqeyi bir qədər zəif görünür. Nöşün ki, fransız da qayıdıb deyər qaçqınlarınıza biganə olsaydım, o qrupda nə işim vardı. Doğrudan da, qarabağlıları geri qaytarmaq üçün Fransa hökuməti çox əziyyət çəkir. Hətta Cocuq Mərcanlıda konyak zavodu açıblar. Lakin bizim camaat nəsə torpağa biganədir, qayıtmırlar.

Fransada sarı jiletlilər hərəkatı miqrasiya baxımından da bizi narahat edir. Çünki orda haqları pozulan fransızlar sığınacaq üçün Azərbaycan kimi ölkələrə üz tuturlar. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə son 3 ayda Gürcüstan, İran, Rusiya, Türkmənistan, Türkiyə və Ermənistan sərhədlərimizdən qaçqın olaraq Azərbaycana daxil olan fransızların sayı kritik həddə yüksələrək 10 min nəfəri keçmişdir. Bunlardan 3 min nəfəri Biləsuvarda fransızlar üçün çadır şəhərciyində, 4 min nəfəri Goranboyda taxta evlərdə, 3500 nəfəri (bunların içində Bordo qaçqınları çoxluq təşkil edir) Bərdədə “Le Retour” qaçqın düşərgəsində (tərcüməsi “Qayıdış” deməkdir) yerləşdirilmişdir. Binəqədidə Narxozun yataqxanasında məskunlaşan 1500 qaçqın fransızlar arasında marsellilər üstünlükdədir. Bəzi fransızlar isə - təxmini sayları 750 nəfərdir -  Əhmədlidə Bünyad Sərdarov zavodunun fəhlələri üçün tikilən binanı qanunsuz zəbt etmişlər, deyirlər sərəncam var, heç kim fransızları məskunlaşdığı müvəqqəti mənzillərdən çıxarda bilməz.

Təbii ki, biz bütün fransalı qaçqınları ərazimizdə yerləşdirə bilmərik, bizim planetar problemlərimiz özümüzə bəsdir. Misal üçün, Pakistanda məktəb tikməliyik, Misirdə park salmalıyıq, Romada papanın maşınının motoru dağılıb, onu qayırmalıyıq, Moskvada Putin qrip olub, onun belinə banka qoymalıyıq və sairə. Üstəlik, hüquq-mühafizə orqanlarımızın araşdırmalarına görə, Azərbaycanda sığınacaq axtaranlar arasında özünü fransız kimi qələmə verən başqa millətlər də vardır! Misal üçün, ingilislər, almanlar, italyanlar, isveçrəlilər, çexlər, danimarkalılar, ən dəhşətlisi isə ermənilər! Bəli. Bədnam düşmənlərimiz təxribat üçün fransız cildinə girməkdən çəkinmirlər.

Bundan başqa, bəzi fransızlar  Parisdə mitinq zamanı polisə beş-üç avro rüşvət verib özünü yalandan dubinka ilə vurdurur, həmin anın şəklini çəkdirib özləri ilə Bakıya gətirirlər. Həyasızlığa baxın. Guya müxalifdirlər, Makron hökuməti bunları incidir. Lakin bizim əlaqədar orqanlar belə halların üstünü sayıqlıqla açırlar. Onları aldatmaq mümkün deyildir.

 

Zamin HACI
Tarix: 14-01-2019, 09:27
Xəbəri paylaş





Xəbər lenti