Bulvar Dövlət Universiteti


“Öz aramızdır, siz yaramaz, pis tərbiyə olunmuş və o qədər alçaq adamlarsınız ki, səyyah cəngavər yaraqçılarına olan nifrətinizi gizlədə bilmirsiniz”

(Migel de Servantes, “Lamançlı Don Kixot”)

Dünyada sorğu keçiriblər, ən ağıllı camaatın Yaponiyada yaşadığını tapıblar. Prinsipcə, bu sorğunu keçirənlərin idiot olduğunu düşünə bilərik, çünki yaponların ağıllı olması rəhmətlik nənəmə də məlum idi. Elementar bir misal: Tokioda görürsən 7 bal zəlzələ oldu, 7 nəfərin burnu qanamadı, eyni zəlzələ İranda olur, bütöv şəhər batır. Yaxud, texnika, maşın almaq istəyəndə hamı istəyir yapon istehsalı olsun. Çünki bunlar bir işi görəndə ağılla görürlər. Özü də sizə deyim ki, “yapon alimi” əslində bir az şişirdilmiş ifadədir, yaponlar daha çox başqalarının, ayrı xalqların nəzəriyyəçi alimlərinin kəşflərini qanuni şəkildə mənimsəyib praktikaya tətbiq edirlər.

Uzun sözün qısası, yaponların intellektual millət olmağı aləmdə məşhurdur. Hamının bildiyi şeyi tapmaq haçandan sosioloji sorğu olubdur? Əgər o sorğuda, misal üçün, Azərbaycan Dəymədağıldı orta məktəbinin şagirdləri birinci yeri tutsaydı, bax bunu aləmə yaymağa dəyərdi. Bu olardı sensasiya. Belə sensasiya isə baş verməyibdir, hətta biz heç o siyahıya düşməmişik. Səbəb isə paxıllıq, qabağa gedən, alim olanlarımızın ayağından dartmaqdır.

Dünən bütün camaat orda-burda mızıldanırdı ki, Bakı Dövlət Universitetinin Abel müəllimdən sonrakı şefi kadrlar şöbəsi müdiri (el dilində, təmiz azərbaycanca yazsaq otdelkadr) vəzifəsinə bulvarın rəis müavinini qoyubdur. Guya bu, mənfi haldır. Guya BDU-nun bulvara dəxli yoxdur. Təhsildən, pedaqoqikadan, metodikadan, canım sənə desin, misirmərdanoqikadan və kurrikulumdan xəbərsiz insanlar belə danışanda adam yanıb tökülür. Çox da əsas partiyamızı Yaponiyanın şərəfinə adlandırmışıq, bizdən yapon olmaz, atam. Ya da şair demişkən: “atam balası”. Bulvarın gənclərimizin təlim-tərbiyəsində böyük rolunu danmaq mümkün deyildir. Nə qədər insan orda qucaqlaşıb, öpüşüb, sevgilisi ilə əl-ələ tutaraq Yeni Azərbaycanımızı qurmağa mətin addımlar atmışdır, bu zaman onları dövlət tərəfindən ayrılan xüsusi polis nəfərləri müşayiət etmişdir.

Bəli, dövlətimiz bulvarın milli əhəmiyyətini dərk edərək ora Milli Park adı vermiş, dəfələrlə ərazisini uzatmışdır. Nəinki uzatmış, eninə də vermişdir. Məhz bu artımlar sayəsində indi milli dənizkənarı bulvarımız Qarabağdan Dərbəndə, Kərkükdən Uyğur Sintszyan Muxtar Vilayətinə, Gəmiçatdayan-dan (Kamçatka) Rotterdama (bu şəhəri Almaniyadan maşın gətirməyə gedən ağdamlı uşaqlar salıblar) qədər uzanmaqdadır. Bulvarda baobab, sekvoyya, ekvalipt, banan, meskalin kaktusu və sairə flora nümunələri ilə yanaşı anakonda, begemot, kaftar, antilop qnu, Monqolustan çöl eşşəyi, Asiya fili, Qalapaqos kərtənkələsi və başqa fauna nümayəndələri ilə rastlaşırıq. Bunlar isə tələbə gənclərimizin, həmçinin BDU zoologiya, botanika, filologiya, yurfak, jurfak, fizfak və sairə fak-ultələrin bakalavrları, magistrləri üçün əyani tədris vəsaiti rolunu oynayır.

Sosiologiya fakültəsinin tələbələri bulvarda özünü dənizə atıb boğan insanlarımızı müşahidə edirlər. Bu da Bolonya prosesinə qoşulmuş universitetlərimiz üçün vacibdir. Nəinki vacibdir, həm də zəruridir.

Ümumiyyətlə, biz insana diplomuna görə deyil, bacarığına görə qiymət verməliyik. Misal üçün, görürsən adam karateistdir, ancaq yaxşı deputat olur, seçicilərin hamısı şpaqat açır. Yaxud, manıslar jurnalistika ilə məşğul olub yaxşı mətbəx verilişi aparırlar, studiyada qlobal istiləşmədən Amerikada seçkilərə qədər müzakirə gedir. Jurnalistlər isə əvəzində mahnı oxuyurlar, klip çəkdirirlər. Narxozun nazirlik ixtisasını qurtaran adam qul bazarında laqonda dalında durub, sərbəst halda iki eşşəyin arpasını bölə bilməyən isə nazir işləyir. Deməli, əsas iş bacarmaq, qabiliyyətdir. Bu temada yaxşı ata sözü də vardır: “Ağız yeməklə, insan əməklə sınanar”. Hərçənd, bunu indicə özümdən uydurdum, bu da mənim qabiliyyətimdir.

Zamin HACI
Tarix: 15-01-2019, 10:09
Xəbəri paylaş





Xəbər lenti