UÇURUM - Bəşəriyyət gəldiyi yolla geri qayıdır




UÇURUM - Bəşəriyyət gəldiyi yolla geri qayıdır





Belə çıxır ki, bəşəriyyət kərtənkələdən yavaç-yavaş əl-ayağı əmələ gələn canlılara, meymunlara və insanlara çevrildiyi kimi, indi də yavaş-yavaş geriyə doğru – yəni kərtənkələyə doğru inkişaf etməkdədir…

Kütlə ilə ayrı-ayrı fövqəlzəkalar arasında beyin keyfiyyəti cəhətdən fərqin getdikcə dərinləşməsi çoxdankı faktdır. Belə ki, qədim yunanların timsalında bunu açıq-aşkar görmək olar. Ellinlər də olimpiya yarışlarına kütləvi şəkildə gedir, eyni zamanda yunanların zəka zirvəsində oturan bir məxluqun – filosoflar müəllimi Platonun (Əflatunun) olimpiya stadionuna daxil oduğunu görəndə yüz min tamaşaçının bir nəfər kimi ayağa qalxıb onu alqışlaması, məncə, dünya sivilizasiya tarixində ən parlaq hadisələrdən biridir. Bu ölkədə miladdan əvvəl VIII-I yüzilliklərdə doğulan və yazıb-yaradan filosofların və mütəfəkkirlərin sayı az qala minlərlədir. Amma işə bax ki, heç bir mətbuat vasitəsi, heç bir radio və televiziya, məktəb və dərsliklər, internet və s. olmayan bir ölkədə bir dəstə adama dərs deyən və fəlsəfi traktatlar yazan bir adamı bütün şəhər əhalisi necə tanıyır, necə onunla fəxr edir, necə sevrimişlər ki, bir nəfər kimi ayağa qalxıb onu alqışlasınlar.

Hələ indi bu qədər məktəblər, universitetlər, dərsliklər, kitablar, televiziya kanalları, internetdə dönə-dönə, görünə-görünə, danışa-danışa, stadionda gəlişi elan olunsa belə, yenə hər hansı bir filosofu kim tanıyacaq? Ya heç kim, ya da beş-on nəfər.

İkincisi, axı təkcə tanımaq əsas deyil. Filosofun kim, fəlsəfənin nə demək olduğunu bilən və qiymətləndirən lazımdır ki, ümumiyətlə on milyonluq ölkədə barmaqla sayıla bilər.

Həmin yüz min insanın ayağa qalxıb PIatonu alqışlaması o deməkdir ki, onların özləri də bir zəka adamı kimi kiçik platonlar idilər.

Qədim Afinada mərmər heykəllərin sayı əhalinin sayından çox idi. Hamısı da möcüzəli bir sənət nümunəsi kimi. Necə bu qədər adam bir parça cansız mərməri bu qədər məharətlə canlı Aristotelə və Epikura döndərə bilirdilər.

İndi bizdə, Bakıda əhali 4 milyonu keçib. Heç yüz belə heykəltəraş tapıla bilərmi? Bəli, daşyonanlar, adamabənzər heykəllər yaradanlar var. Fəlsəfə ilə məşğul olanlar boldur. Hətta iş o yerə çatıb Ağalar Qut (Məmmədov) kimi “hırla zırı bilməyənlər” internetdə xalqa dərs deyir və hətta pərəstişkarları da var. Çünki dil pəhləvanları, söz pəhləvanları ki, əllərindən başqa heç nə gəlmədiklərindən internetdə cövlan edirlər. Hərə ağzına gələni yazır, hərə o belədir, bu belədir – deyir və özü səviyyəsində olan minlərlə adama mühazirə oxuyurlar. Halbuki nəinki Platon və Aristotelin, heç ümumiyyətlə hər hansı bir söz və ifadəniin mənasını bilən çətin tapıla. Çünki zəka ilə, fövqəlşəxsiyyət, xalq beyni ilə kütlə səviyyəsi arasında uçurum elə dərindir ki, baxanda adamın gözü qaralır. Biz hər gün bunun şahidiyik. Mən hələ heç kimdən eşitməmişəm ki, peşəkar filosoflar belə, zəng vurub desinlər ki, Platon, Aristotel, Kant, Şopenhauer, Nitşe, Kafka və başqalarının dərin müddəaları, düşüncələri, hətta ayrı-ayrı ifadələri və pritçaları haqqında onların anlaşılması hədsiz çətin olan mənaları haqqında şərhləriniz, açıqlamalarınız elədir - yəni düzdür və ya mübahisəlidir. Çünki bizdə Üzeyir bəyin beynindən sonra demək olar ki, bütün maneələrdən, qapılardan, divarlardan keçən və təfəkkürün sirlərini qavraya bilən beyin yoxdur. Nə qədər qışqırırsınız, qışqırın. Anlarımız artıq belə beyin sahiblərini doğa bilmir. Çünki atalarımız belə bir beyin sahibi deyillər ki, varislərinə irs kimi versinlər. İndi artıq Ağalar Qut kimilər zamanıdır. Biz elə bir zamanda yaşayırıq ki, “28 may” meydanındakı Cəfər Cabbarlının heykəli ətrafında toplaşan cavanlardan heykəlin kim olduğunu soruşanda ya bilən olmadı, bilənlər də nə sənət sahibi olduğunu bilmədilər, qızlar isə ümumiyyətlə “russkoyazıçnı” olduqlarına görə heç cavab vermədilər. Bakı sovetindən bir az aralı kiçik bağda qoyulan Mirzə Fətəlini kiçik heykəlini isə ümimiyyətlə heç kim tanımır. Və bütün bunlar da çox təbiidir. Çünki orta məktəb dərsliklərində yazılan beş-altı sətir yazıdan başqa ümumiyyətlə Cəfər Cabbarlı və ya Mirzə Fətəli haqqlnda heç nə oxuyan yoxdur. Qaldı ki onların əsərləri ola. Halbuki, Fransada Molyerin və ya Kamyunun pyeslərini on milyonluq Paris əhalisi bildiyi kimi, bizimkilər də “Molla İbrahimxəlil kimyagər”, “Müsyo Jordan və dərviş Məstəli şah” və yaxud “Od gəlini”, “1905-ci ildə” pyeslərini eləcə əzbərdən bilməliydik. Millət onda millət olur. Yoxsa Bakı küçə və meydanlarına dolub siqaret satmaqdan və siqaret tüstülətməkdən başqa ayrı işi-peşələri olmayan bir milyon cavanın xalqı millətə çevirmək üçün imkanı varmı?

Bir halda ki, yüz nüsxə ilə çap olunan ən aktual və mübahisəli bir əsər, roman, traktat satılmırsa, həmin xalqı dünya xalqları sırasına daxil etmək, soxuşdurmaq mümkünmü? Xeyr, sənablar bu mümkün deyil. Nə qədər bağırırsınızsa, nə qədər söyüş söyürsünüzsə, söyün. Bununla özünüzü layiqli və ləyaqətli bir millətin nümayəndələri çevirə bilməyəcəksiniz. Necə ki vəziyyət elə belədir də.

Doğrudur, hələ yüz il qabaq bizdə heç kimin tanımadığı fransız antropoloq Jorj Vaşe de Lyapuj müxtəlif dövr insan kəllələrini tədqiq edib belə bir nəticəyə gəlmişdir ki, bəşəriyyət getdikcə yekəbaş olur. Başlar böyüyür, beyin və neyronlar isə kiçilir. Əksəriyyətin isə beyninin Vladimir İliç Leninin beyni kimi bir tərəfi anadangəlmə çürük olur. Amma bu çürüklük inqilab etməyə, cəfəng “fəlsəfi” məqalələr yaratmağa, hakimiyyət qəsb etməyə heç də mane olmur.

Avtobuslarda adamların başlarına baxıram. Maşallah, hamısının ölçüsü 70-75-ə çatar. Deməli, Lyapuj haqlıdır. Amma onunla təsəlli tapmaq olar ki, bu təkcə bizə aid deyildir. Elə fransızların, almanların da başı yekəlib. Əks təqdirdə hər gün stadionlara dolub 90 min adam 90 dəqiqəni anqırıb-bağırmazdı. Fransada, Almaniyada, İspaniyada, İtaliyada yüzlərlə belə şəhər var. Və hamısında 90 min adam futbol topunun qapıya girməsi üçün 90 dəqiqəni bu cür bağırırsa, deməli bu adamlar çoxdan bəli Vladimir Leninin tayıdırlar.

Belə çıxır ki, bəşəriyyət kərtənkələdən yavaç-yavaş əl-ayağı əmələ gələn canlılara, meymunlara və insanlara çevrildiyi kimi, indi də yavaş-yavaş geriyə doğru – yəni kərtənkələyə doğru inkişaf etməkdədir. Yəni bəşəriyyət gəldiyi yolla geri qayıdır. Bu da təsadüfi deyil. Görünür fiziki qanunauyğunluqların biridir. Təkamül dönə-dönə öz zirvəsinə çatıb ordan yenə üzü-aşağı qayıtdığı yerə doğru üz tutur.

Əlisa NİCAT                                           

Tarix: 15-01-2019, 13:41
Xəbəri paylaş





Xəbər lenti