Strateji obyektlərin enerji təhlükəsizliyi: Necə qorunur?


Strateji obyektlərin enerji təhlükəsizliyi: Necə qorunur?

Yayda Mingəçevirdə “Azərbaycan” İES-də baş vermiş qəza respublikanın enerji təhlükəsizliyinə risklərin mövcudluğunu göstərdi. Ötən il iyul ayının 3-də stansiyanın bloklarından birində baş vermiş partlayış nəticəsində ölkəyə elektrik enerjisinin verilişində ciddi problem yarandı. Strateji əhəmiyyəti olan qurumlarda problem xüsusi ilə kəskin formada özünü biruzə verdi. Xəstəxanalarda işıqların sönməsi ciddi çətinliklər yaratdı, metroda qatarların hərəkəti dayandı, sərnişinlər qatarlardan tunellərə çıxarıldılar.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında enerji təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. İlham Əliyev qəzadan sonra enerji sisteminin nəzarət altında olduğunu bildirib:

“Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq - o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu sahədə də çox böyük pozuntular aşkarlanıb.Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik.Ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib”.

Prezident strateji obyektlərin fövqəladə hallarda hazırlıq səviyyəsinə də toxunub:

“Keçən ilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu.İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı.İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq.Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcəkdir.

Bəs, strateji qurumlarda enerji təhlükəsizliyi ilə bağlı hansı işlər görülür?

“Bakı Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında metropolitendə enerji təhlükəsizliyinin təmin olunması istiqamətdə işlərin sürətlə davam etdiyini bildirib: 

“Baş vermiş hadisədən sonra cənab prezidentin keçirdiyi müşavirənin nəticələri təhlil olunub.Həmin vaxt “Bakı Metropliteni” QSC-nin rəhbərliyi, mütəxəssislər korpusunun iştirakı ilə məsələlər müzakirə olunub, proqram şəklində təkliflər hazırlanıb.Bu məsələ həm müvafiq dövlət sturukturları ilə müzakirə olunub.Generatorlar olmalıdır, onlar elektrik enerjisi kəsildiyi halda metropolitenin elektriklə o həddə qədər təmin etməlidir ki, qatarlar ən yaxın stansiyaya qədər hərəkət edə bilsin.Eləcə də belə olan halda eskalatorların, sərinkeşlərin, su qurğularının, ümumiyyətlə bütün infrastrukturun lazım olan enerji ilə təmin olunması ilə bağlı məsələ tam həllini tapacaq.Bu işlərlə bağlı müvafiq müqavilələr də bağlanıb”.Bəxtiyar Məmmədov bildirib ki, metropolitendə enerji təhlükəsizliyi ilə əlaqədar görüləcək işlərlə bağlı yaxın günlərdə mətbuat üçün açıqlama veriləcəyini bildirib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qurumun bütün binalarında generatorlar quraşdırılıb:

“Həmin generatorların işə düşməsi bir neçə saniyə çəkir. Elektrik kəsilərsə, 2-3 saniyəyə generatolar işə düşür və binalar tam elektriklə təhciz olunur.Bizim işimizin xüsusiyyəti belədir ki, bəzən bunker rejimi tətbiq olunur.Yəni, hamı bilir ki, imtahan var. İmtahan materialları çap olunmalıdır.Ona görə də vacib məsələdir ki, enerji kəsintisi olmasın.Bəzən 2 gün imtahan materialları çap olunur.

Bəlkə də başqa obyektlərdə işığın sönməsi müəyyən bir müddətdə onların işinə təsir etməz, amma bizdə bu işimizə dərhal təsir edə bilər. Ona görə də,  generatorların daim işlək vəziyyətdə olması diqqətdə saxlanılır ki, baş verəcək hadisələrdən sığortalanmış olaq. Bizdə demək olar ki, hər həftə imtahlar keçirilir deyə, məsələ daim diqqətdədir”.

X.Xanlarzadə bildirib ki, ötən il baş vermiş məlum hadisə zamanı da DİM-də hansısa problem olmayıb:

“İşıqlar sönsə də, generatorların işləməsi nəticəsində bunun ümumi işə təsiri olmamışdır”.

Xatirə Nəsirova
Cebhe.info


Tarix: 15-01-2019, 22:39
Xəbəri paylaş





Xəbər lenti