“Gürcüstandakı donuz qripi Azərbaycana sirayət edə bilməz” - baş epidemioloq əmin danışdı, amma...


Donuz qripi Gürcüstanda qış turizmini çökdürmək üçün qəsdən yayılıb?

“Azərbaycanda donuz qripinin virusları aşkar edilməyib”. Bu barədə “Yeni Müsavat”ın facebook üzərindən canlı yayımlanan verilişinə qonaq olan Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib. Onun sözlərinə görə, Gürcüstan və Ermənistanda bu virusdan dünyasını dəyişənlərin sayı artsa da, bu, Azərbaycana sirayət etməyib.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əks-epidemik tədbirlərin həyata keçirilməsini tələb edir.

Müsahibimiz eyni zamanda qonşu ölkələrdə epidemiyanın yayılmasının Azərbaycana da təsirsiz ötüşməyəcəyi ilə bağlı fikirləri təkzib edib. Onun sözlərinə görə, tibdə belə bir qayda yoxdur. O, eyni zamanda əhaliyə maariflənməyi, diqqətli olmağı və müntəzəm olaraq dezinfeksiya tədbirləri görməyi məsləhət edib: “Xəstəlikdən sığortalanmağın yolları xəstələnən şəxsin dərhal bülleten açdırıb evdə oturması, sağalana qədər kollektiv arasına çıxmamasıdır. Bundan başqa, müayinə olunmadan aptek işçilərinin məsləhəti ilə dərman almaq da çıxış yolu deyil. Mütləq həkim müayinəsi və resepti olmalıdır. Tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib”.

Ä°badulla AÄayev canlı yayın ile ilgili görsel sonucu

Bu arada Gürcüstanda donuz qripinə yoluxanların sayı azalır. Gürcüstan Səhiyyə Nazirliyinin Sağlamlığın Müdafiəsi Departamentinin rəhbəri Marina Daraxvelidze bu haqda məlumat verib. Onun sözlərinə görə, son ölüm halı yanvarın 14-də baş verib - 10 aylıq körpə vəfat edib. Bununla da qripdən dünyasını dəyişənlərin sayı 18-ə çatıb. Həmçinin təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayında azalma var.

Son məlumata görə, Gürcüstanda hər 100 min nəfərdən 256 nəfəri qrip virusuna yoluxub. Ölkədə 9 min nəfər virusa yoluxub, onlardan 42 nəfərinin vəziyyəti ağırdır.

“Azərbaycanın bütün gömrük-keçid məntəqələrində donuz qripi əleyhinə xüsusi avadanlıq quraşdırılıb”.

Report xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir: “Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir”.

Gürcüstanda donuz qripinin yayılmasının təxribat məqsədi olması da yayılan versiyalalar sırasındadır. Xüsusən son illər Gürcüstanda qış turizminin (Bakuriani, Qudauri) geniş inkişafı bu hücumun gerçəkləşməsində əsaslı rol oynamış ola bilər. Bunun Rusiya tərəfindən həyata keçirilməsi də komplo-nəzəriyyələr arasında yer alır. Amma İ.Ağayev əməkdaşımıza açıqlamasında bu versiyanı inkar etdi və dedi ki, müasir dünyada bu mübarizə silahından istifadə halları yoxdur.


Tarix: 16-01-2019, 08:36
Xəbəri paylaş





Xəbər lenti