Daşnaklar 8 günlük Qarabağa toplaşdılar: İrəvan Azərbaycanı savaşa çəkir - Foto


Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində daha bir təxribatçı hərəkətə yol verib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, yanvarın 16-da Xankəndi şəhərində ARF Daşnaksütyun partiyasının 33-cü ümumi iclası öz işinə başlayıb.

Məlumatda deyilir ki, ermənilərin qatı millətçilərini öz ətrafında birləşdirən Daşnaksütyun Azərbaycan ərazilərində 16 yanvardan 24 yanvaradək toplantı keçirəcək. İlk iclasda 30 ölkədən dəvət olunmuş 100-dən çox erməni millətçisi iştirak edib. Daşnaklar qarşıdakı dövr üçün özlərinin strategiyasını və partiyanın planlarını müzakirə edəcəklər. Yekunda isə partiyanın ali icra orqanının yeni tərkibi seçiləcək. Daşnakların nümayəndəsi, Dağlıq Qarabağdakı qondarma “parlament”indəki Daşnaksütyun fraksiyasının üzvü David İşxanyan deyib ki, Daşnaksütyunun 128 illik tarixində iclasın Qarabağda keçirilməsi mühüm hadisədir. Qarabağın baş separatçısı Bako Saakyan iştirakçılara təbrik göndərib. Onun təbrikini “parlament” sədri Aşot Qulyan oxuyub. Daşnakların məhz Azərbaycan və Ermənistan XİN başçılarının Paris görüşünü keçirdiyi gün Qarabağa gəlmələri də təsadüf sayılmamalıdır. Bununla Ermənistan ikili oyun oynadığını nümayiş etdirir. Üstəlik, bunu erməni millətçilərinin Qarabağdan heç zaman imtina etməyəcəkləri barədə mesaj kimi də qəbul etmək olar.

Əgər Nikol Paşinyan daşnaklarla eyni fikirdə olmasaydı, sözsüz ki, belə bir təxribata imkan verməzdi. Amma faktiki olaraq danışıqların aparıldığı saatlarda Daşnaksütyunun hətta 30 ölkədən olan üzvlərinin iştirakı ilə Azərbaycana qarşı təxribat törədildi və beynəlxalq qanunlar növbəti dəfə pozuldu. Üstəlik, bu tədbir bir həftə davam edəcək. Əslində qulağıkəsik Andronikin varisləri öz xislətlərinə uyğun mövqe sərgiləməkdədirlər.

Ötən əsrin əvvəllərində onların cani babalarına Azərbaycan və Qafqaz İslam Ordusu ağır dərs verdi, Qarabağdan rədd elədi, görünür, bu dərs təkrarlanmalıdır. Qarabağda bir həftə rahat yığıncaqlar keçirilməsinə imkan vermək olmaz. Yəqin ki, rəsmi Bakının bununla bağlı beynəlxalq təşkilatlara, həmsədr ölkələrə müraciətləri olacaq. Əslində daşnakların Qarabağdan rədd olub getmələri üçün konkret vaxt qoyulmalıdır!

 

Cavid TURAN


  


Tarix: 17-01-2019, 08:12
Xəbəri paylaş





Xəbər lenti