Dəfninə xalq yığılan iki mer və bizim “vurulan”lar


Arif Alışanovun AzTV sədri vəzifəsindən götürülməsindən sonra cəmiyyətin köhnə xasiyyətinin bariz nümunəsini bir daha gördük: ölkədə kütləvi sevinc büsatı var və sabiq sədrə hücum edənlər çoxdur.

Xeyr, bu nə yıxılanın baltalanmasıdır, nə şəxsi-qərəzlikdən doğan qisasalmadır, nə də ifrata varmış ictimai paxıllığın püskürtdüyü nifrət lavasıdır.

Bu, sadəcə, haqq-ədalətin bərpa olunacağına ümidin közərən şöləsidir, ədalətsizliyin sona çatacağına bəslənən gümandır.

Yoxsa adı bir çox neqativ əməllərdə, hətta cinayətlərdə hallandırılan şəxslərin işdən çıxarılması nədir ki, insanları bu qədər sevindirir?

Onlar ədalət axtarırlar, adı çıxmış birilərinin harınlığına, qudurğanlığına son qoyulmasından məmnun olur, hətta bunun davamlı olmasını, başqa “pis məmurları” da əhatə etməsini istəyirlər.

Oturaq, düşünək. Elə bu günlərdə Polşanın Qdansk şəhərinə 20 ildən bəri rəhbərlik edən mer sui-qəsd nəticəsinə öldürülüb və adamın dəfnində yüz minlərlə şəhər əhalisi iştirak edib, kədərlənib, göz yaşı töküb.

O mer bizim məmurlar kimi çalışsaydı, yüz minlərlə adam onun dəfn mərasiminə qatılardımı? Əsla elə şey olmazdı.

Düzdür, bizdə də vəzifəli adamların hüzrü düşəndə gəlib-gedənlər, dəfndə, hüzr məclislərində iştirak edənlər çox olur, amma heç bir halda bunu “xalq sevgisi” adlandırmaq olmaz. Bunlar yalnız həmin vəzifəli şəxsdən işi aşanlar, hansısa zaman kəsiyində onunla oturub-duranlar, tabeçiliyində işləyənlərdir. Adamın vəzifəsinin böyüklüyünə düz mütənasib olaraq qonaqları da çox olur.

Qətlə yetirilmiş merə sevgi və rəğbət isə ona görə böyük idi ki, adam vicdanla işləyib, xalqa kələk gəlməyib, büdcəni talamayıb, şəhəri sot-sot hərraca çıxarmayıb, qohum-əqrəbasını milyonçuya çevirməyib və s. Bunları etsəydi, xalq onu bu qədər sevməzdi.

5-6 il öncə Ukraynanın Kremençuq şəhərinin meri olan həmvətənimiz Oleq Babayev (atası şuşalı olub) də bu cür işləyib. O da sui-qəsd nəticəsində qətlə yetiriləndə dəfninə bütün Kremençuq əhli toplaşmışdı. Şəhərin mərkəzi parkında mərhum Babayevin heykəli ucaldılıb.

Ancaq ötən yay Gəncədə şəhər rəhbərinin həyatına sui-qəsd olanda, nəinki gəncəlilərin, hətta bütün məmləkət əhlinin reaksiyası fərqli oldu. Ortada sevgidən, rəğbətdən, adi acımadan əsər-əlamət yox idi.

İşdən çıxarılan şəxslərə mənfi münasibətin səbəbləri üzərində düşünmək lazımdır. Bəzən hətta insanlar hansısa məmurun işdən götürülməsi ilə barışıb kifayətlənmir, onun barəsində araşdırmanın dərinləşdirilməsini, adamın həbsə alınmasını istəyirlər.

Bu, baş verməyəndə isə odioz-mafioz məmura qarşı görülmüş tədbir ictimaiyyətin gözünə yarımçıq görünür. Çünki adamlarda həmin sabiq vəzifəlinin nələr etdiyinə, qanunsuz yollarla topladığı sərvətə, mal-mülkə dair müfəssəl məlumat var. Amma onlar görürlər ki, adam sadəcə, vəzifəsindən çıxarıldı, biznesi, varidatı olduğu kimi qalır və “vurulmuş şəxs” ərəb şeyxləri kimi yaşamağında davam edir.

Yüksək mənsəbindən qovulmuş şəxsin üzərinə gecikmiş kütləvi hücum da başadüşüləndir. Adamın vəzifədə olduğu vaxt bu mümkün deyildi. O, ünvanına yüngülvari şəkildə tənqid deyənin başına oyun açdırardı, məhkəmələrdə süründürərdi, nəsl-nəcabətində bir işləyən adam qoymazdı, gecəylə evindən apartdırardı və s.

Ona görə də adamlar susur, göylə gedən məmurun bir gün hamara enəcəyini, onunla hesablaşmaq üçün əlverişli fürsət yaranacağını gözləyirlər və bir gün, necə deyərlər, Allah qismətlərini yetirir.

Sadəcə, bəzi odiozlar iş başında olarkən o qədər adama pislik, yamanlıq edirlər ki, sonradan vəzifəsiz qalanda üstlərinə gələnlər çox olur və balta səsindən qulaq tutulur. Təbii ki, ortada bir xeyli ictimai mənafe keşikçiləri də olur. Onlar həmin şəxsdən konkret ziyan görməsələr də, yıxılana təpik ilişdirməyi öz borcları sayırlar.

Bəli, bir də “yıxılan”ı müdafiə etməyə çalışanlar var. Bu da əbəs işdir. İndi “yıxılan”ın bir zamanlar “yıxdığı”, “kəsdiyi”, zülmə məruz qoyduğu adamları müdafiə etmək lazım idi, əlinin altında onlarla vəkil, hər cür qulbeçəsi olan, vəzifəsindən getsə də, yüksək mənsəblərdə arxa-dayağı, dostları qalan adamların xırda müdafiəçilərə ehtiyacı yoxdur.

Xalid KAZIMLI
Tarix: 17-01-2019, 08:40
Xəbəri paylaş





Xəbər lenti