Müxalifət islahatların davamlı olmasını istəyir


Əli Əliyev: “Qeyri-effektiv struktur təbii ki, hökuməti çeviklikdən, rasionallıq və optimallıqdan çıxarır”; Tural Abbaslı: “İstərdik ki, bu dəyişikliklər ciddi real müsbət nəticələrə gətirsin”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bir sıra qurumların ləğvi, bəzilərinin yenidən təşkili ilə bağlı fərmanlar imzalayıb.

Prezidentin fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Bundan başqa, dövlət başçısının fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib, əvəzində “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Struktur islahatlarına müxalifətdən də münasibət bildirilib. 

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, struktur islahatları istiqamətində atılan addımlar müsbət addımlardır:“Bu addımlara normal yanaşır, Nazirlər Kabinetinin ötən həftə keçirilən müşavirəsində dövlət başçısı tərəfindən verilən anonsların davamı kimi qavrayıram. Hesab edirəm ki, bu qərarlar çoxdan verilməli idi. Ümumilikdə, Azərbaycanın icra hakimiyyəti orqanlarında şişirtmə, qeyri-rasionallıq göz ”çıxarır". Bütövlükdə paralellik də aradan qaldırılmalıdır. Prezident Administrasiyasındakı şöbələrlə bir sıra hökümət strukturları bir-birini təkrarlayır. Onsuz da hamı bilir ki, dövlət əsasən administrasiyadan idarə olunur. O zaman bir sıra hökumət strukturlarına ehtiyac yoxdur. Hökumətdə şişmiş aparat kimə lazımdır? Yaxud başqa məsələyə baxaq. Ləğv olunmuş qondarma fond və mərkəzlər bir yana, hökumətin strukturunda müxtəlif adlar altında, 44-45 qurum fəaliyyət göstərir. Nəhəng Avropa dövlətlərinin hökumət portfellərinin sayı 20-dən artıq deyildir.

Belə qeyri-effektiv struktur təbii ki, hökuməti çeviklikdən, rasionallıq və optimallıqdan çıxarır. Bu baxımdan da hesab edirəm ki, struktur dəyişiklikləri lazım idi və vacibdir. Fikrimcə, proses davam etməli və köklü dəyişikliklərə gedilməlidir. Bütövlükdə hökumət yenidən biçilməli, dizayn edilməlidir. Funksional dəyişikliklərdən fundamental islahatlara keçilməlidir. Bu olsa, ümid edək ki, Azərbaycan dövləti normal effektiv hökumət strukturuna və idarəçiliyə sahib ola biləcək".

AÄ Partiyanın sÉdri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, struktur dəyişikliklərini bu dəyişikliklərin hansı nəticələr verəcəyi bəlli olduqdan sonra dəyərləndirmək daha düzgün olardı: “Çox istərdik ki, bu dəyişikliklər ciddi real müsbət nəticələrə gətirsin və kosmetik dəyişikliklərdən olmasın. Müdafiə Sənayesi Nazirliyinin statusunun dəyişdirilməsi bu sırada ən nəzərəçarpan dəyişiklik oldu. Digərlərinə münasibət nəticələri olduqca ortaya qoyulacaq. Dəyişikliklərin nəticələrinin necə olacağını zaman göstərəcək. Əminəm ki, bu zaman müddəti də çox uzun müddət olmayacaq”.


Tarix: 17-01-2019, 09:43
Xəbəri paylaş





Xəbər lenti