Özümüzə layiq təbii fəlakətlər


Yer üzündə qorxunc təbii fəlakətlər çoxdur. İndi onların hərəsindən bir cümlə yazaq, bilməyənlər də agah olsun.

Zəlzələnin xası Yaponiyada olur - il on iki ay. Bu ölkənin adaları daş yolda bərk gedən maşın kimi hey titrəyir. Amma yaponlar vərdiş eləyiblər, nə təşvişə düşür, nə də, türkün sözü, enkaz altında qalıb qırılırlar.

Sunaminin ən yekəsi İndoneziyanı vurur. 70-80 metr, bəzən 100 metr hündürlükdə dalğalar olur. Bu, sunamilər okeanın ortasında baş verən zəlzələdən əmələ gəlir. Su dolu vanna təsəvvür edin. Bax, o vannanın bir tərəfini qaldıranda, içindəki su necə ətrafa calanırsa, sunami də elə bir şeydir, okeandan çıxıb cumur şəhərlərə, nə varsa, basır altına. Bircə pis iş var ki, sunami çox can alır. Andaman dənizi sunamilər oylağıdır, Bali adası indiyəcən yeddi dəfə sunaminin altında qalıb.

Torpaq sürüşməsinin ən nəhəngi Çili, Argentina, Boliviya tərəflərdə baş verir. Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərini oxumusunuzsa, orda da nəhəng torpaq sürüşməsindən bəhs edilir. O vaxtdan bəri Cənubi Amerika torpaqları hələ də sürüşür, dayanmaq bilmir. Qorxulu fəlakətdir, can alandır.

Vulkan püskürməsinin ən qəlbisi İtaliyada olur. Etna vulkanını hamınız tanıyırsınız. Keçmişdə vulkanların yekə-yekə şəhərləri lavasının altında batırdığı olub. Son vaxtlar İslandiyadakı Eyyaflayokuldr vulkanı da fəallaşıb, özünü yaxşı aparmır. Ancaq indinin vulkanları qıraqdan qorxunc görünsə də, çox təhlükəli deyil. Onun yaxınında şəhər tikmirsən, təhlükədən qıraqda qalırsan. O bizik, Hökməli tərəflərdəki palçıq vulkanlarının üstündə qəsəbə salmışıq, bir gün o vulkan ağzının palçığı üstümüzə dağıdıb, bizə dra-dra dedirdəcək.

Musson yağışlarının ən iri şırnaqlısı Banqladeş, Hindistan, Myanma, Vyetnam tərəflərə yağır. Yazıq benqallar sırf o zəhlətökən, başlayanda kəsməyən yağışların üzündən elliklə bərələrə doluşub Avropaya, Amerikaya axışır. Çünki musson yağışı bəzən ölkənin üçdə birini suyun altında qoyur.

Səmum yeli, yəni şiddətli isti külək ərəb səhralarına məxsus təbii fəlakətdir. Qum fırtınası yaradır, göz-gözü görmür. Səmum yeli başladısa, gərək başına mələfə dolayıb bir daldabasar yerdə uzanasan, yoxsa adamı məhv edir. Buna külək zəlzələsi də deyirlər.

Qar uçqunu Himalay və Alp dağlarının təbii fəlakətidir. İldə nə qədər turist və alpinist qar uçqunlarının qurbanı olur.

Tornado deyilən dəhşətli qasırğa Amerikaya xasdır. Bu qasırğa başqa yerdə olsaydı, “Amerikanın oyunudur” deyərdilər, amma bu, Amerikanın özündə olur və oyun-zad deyil. İldə 4-5 dəfə olan şeydir. Tornadodan ən çox ziyan çəkən şəhər isə Yeni Orleandır. Atlantik okeanından start götürmüş qasırğa hərlənib-fırlanıb çox vaxt Yeni Orleandan keçir, şəhəri dağıdır, şəhər merinin qanını qaraldır.

Sel və daşqınlar dünyanın çox yerində olur - qonşu Gürcüstanda da vaxtaşırı olur, bizdə də, hətta üzünə salıb dirəşən, heç cür dağılmaq bilməyən Almaniyada da. Qar əriyəndə, yağış çox yağanda çaylar məcrasından çıxır, belə olur.

Dəhşətli isti və müdhiş şaxta bir o qədər də gözlənilməz təbii fəlakət sayılmaz, amma xoşagələn bir şey deyil. Yer üzünün ən soyuq qəsəbəsi Rusiyanın şimal-şərqindəki Oymyakandır, 70 dərəcə şaxtası olur, uşaqlar 60 dərəcədə məktəbə gedib-gəlir. Dünyanın ən isti şəhəri isə Türkmənistandakı Kuşka şəhəridir. Burada da 70 dərəcə isti olduğu olub. Amma deyirlər, Liviyada bir yer var, orada da ilin 10 ayı sauna havası olur.

Bir də var, bizim Bakıya xas olan təbii fəlakətlər:

4-5 ballıq zəlzələ olur, 7-8 bina carbanaq verir, camaat 20 il danışır;

Yağış 15 dəqiqə artıq yağır, küçələr suyun altında qalır, camaat şəhər rəhbərini biurvat eləyir;

2-3 (nadir hallarda 20-30) santim qar yağır, 147 maşın bir-birinə dəyir, 741 maşın yolda qalır, 85 430 maşın həyətdən tərpənib küçəyə çıxa bilmir, millət Yaradana asi düşür və deyir ki, Bakıya qar yaraşmır;

35 km/s sürətlə meh əsir, təşər-təşər adını “Badi-Kubə” (küləklər şəhəri) qoydumuz Bakı tab gətirmir, ağaclar avtomobillərin üstünə aşır, dayanacaqlar dağılır, sellofon torbalar havada uçuşur, xalq sosial şəbəkədə narazılıq ifadə edir.

Başqa sözlə, biz əkə-bükə təbii fəlakətlərin ən xırda variantlarına təhəmmül edə bilmirik. Görün, əsl zəlzələ, sunami, tornado, musson, səmum yeli-filan görsək, nə olar. Yenə o gözəgörünməzə şükür edək...

Samir SARI
Tarix: 18-01-2019, 08:34
Xəbəri paylaş





Xəbər lenti