Qarabağ probleminin həlli üçün yeni şərait yaranıb – Ekspert

Həqiqətən də son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin xeyrinə müsbət dəyişikliklərin baş verməsi üçün çox əlverişli imkan və şərait yaranıb. Bu da ilk növbədə Azərbaycan diplomatiyasının məzmunlu fəaliyyəti ilə bağlıdır. Burada Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin apardığı balanslı xarici siyasət kursunu qeyd etmək lazımdır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, bunu həmçinin, region ölkələri ilə aparılan yaradıcı və böyük nəticələri olan siyasətlə bağlamaq lazımdır:
“Nəhayət, bu, Azərbaycanın hücum diplomatiyasını gücləndirərək Ermənistanın təcrid olunmasını daha da genişləndirməsi ilə bağlıdır. Faktdır ki, bu gün Azərbaycan regionun ən yaradıcı, ən aktiv ölkəsidir. Ölkəmiz regionda dövlətlərin çoxlu sayda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarını yaradıb ki, bu formatlar regionun bütün dövlətlərinə praktik şəkildə ancaq fayda verir və onların imkanlarını müsbət mənada üzə çıxarır. Buna görə region dövlətləri də Azərbaycanın bu siyasətinə rəğmən, ölkənin üzləşdiyi Qarabağ probleminin mümkün qədər tez həll olunmasında maraqlıdırlar ki, bu yolla Azərbaycanın potensial imkanları ilə daha sıx təmasda ola bilsinlər. Diqqət yetirirsinizsə, regionda bir sıra ölkələrin, o cümlədən İranın, Rusiyanın Ermənistana münasibəti kəskin şəkildə dəyişib. Dünənədək Rusiya Ermənistanın strateji müttəfiqi kimi nəzərdən keçirilirdisə, bu gün Ermənistan Rusiyanın ən etibarsız müttəfiqlərindən birinə çevrilib və əksinə Azərbaycanın müttəfiq kimi mövqeləri möhkəmlənib”.
A.Quliyev qeyd edib ki, eyni sözləri İran ali hərbi rəhbərlərindən birinin Qarabağın Azərbaycan torpağı olması ilə bağlı birmənalı bəyanatının timsalında rəsmi Tehran üçün də demək mümkündür:
“Beləliklə, region prosesləri Azərbaycanın Qarabağ probleminin həll olunması üçün çox gözəl şərait yaradıb. Dünya ölkələri ilə aparılan balanslı xarici siyasət kursu da bu prosesi xeyli dərəcədə yaxşılaşdırıb. Faktdır ki, bu gün məhz Azərbaycanın və cənab prezidentin apardığı siyasət nəticəsində həm ABŞ, həm də Rusiya Qarabağ probleminin həll olunmasında eyni dərəcədə maraqlı olmağa başlayıblar. Bəlkə Qarabağ məsələsi ABŞ-la Rusiyanın münasibətlərində bu gün yeganə nöqtədir ki, problemin həll olunmasında iki dövlət demək olar, eyni mövqedədir. Başqa bütün məsələlərdə onların mövqeləri fərqlidir. Yaxud, Azərbaycanın Ermənistanı təcrid vəziyyətinə salmasını götürək. Faktdır ki, Azərbaycan prezidenti Ermənistanı təcrid vəziyyətində saxlamağın rəsmi Bakının təbii haqqı olmasına bütün dünyanı inandıra bildi. Çünki Azərbaycan təcavüzə məruz qalıb və bu təcavüzün bütün nəticələrini aradan qaldıranadək Azərbaycan təcrid siyasətini davam etdirəcək. Bax sadalanan bu faktorlar həqiqətən Qarabağ probleminin həllində yeni şərait yaradıb və bu şəraitin yaranması əsasən, Azərbaycan diplomatiyasının fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir”.
Tarix: 18-01-2019, 09:11
Xəbəri paylaş





Xəbər lenti