Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”


Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı reaksiyalar; Elxan Şahinoğlu: “XİN deməliydi ki, biz Ermənistandan konkret addımlar gözləyirik”

Hazırda Azərbaycan və Ermənistanda əsas müzakirə mövzularından biri xarici işlər nazirlərinin Parisdəki 4 saatlıq görüşüdür. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində beynəlxalq vasitəçilər - ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərlə danışıqlar prosesinin əsas prinsip və parametrlərini, həmçinin danışıqlara güclü təkan vermək məqsədilə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək imkanlarını nəzərdən keçiriblər. Həmsədrlər yaxın vaxtda hər iki ölkənin liderləri ilə görüşməyi planlaşdırır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Paris  görüşü ilə bağlı açıqlama yayıb. “Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb” - açıqlamada deyilir. O da bildirilir ki, tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Əhalinin sülhə hazırlanması məsələsi xeyli suallar doğurub və geniş diskussiyalara meydan verib. Belə ki, 2019-cu ilin ilk günlərindən başlayaraq Ermənistan-Azərbaycan sərhədində təxribatlar ara vermir, hətta mülki əhali, kənd təsərrüfatı və mühəndis işləri ilə məşğul olan texnika hədəfə alınır. Yanvarın 16-dan başlayaraq qatı millətçiləri öz ətrafında toplayan Daşnaksütyun Partiyası Qarabağda 8 günlük ümumi iclasına başlayıb ki, bu da beynəlxalq hüquqa tüpürməkdir. Təqribən eyni saatlarda Parisdə keçirilən danışıqlar zamanı bu məsələlərin bir kənara qoyularaq xalqların sülhə hazırlanması məsələsinin əsas vəzifə kimi ortaya qoyulması birmənalı qəbul olunmur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında  dedi ki, xarici işlər nazirlərinin son Paris görüşünün uğurlu olmadığı qənaətindədir: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdır. Hansı sülhə? Axı işğal faktına son qoyulmadan sülh mümkündürmü? Mərhələli həll planı işə düşmədən xalqları sülhə hazırlamaq mümkün olmayacaq. Belə bəyanatları və ”xalqları sülhə hazırlamalıyıq" cümlələrini 20 ildə çox görmüşəm. Quru sözlər nə sülhü yaxınlaşdırıb, nə də işğal faktına son qoyub. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ danışıqları ilə bağlı optimist açıqlamalarına son qoymalıdır. XİN-in bəyanatlarını oxuduqda belə görüntü yaranır ki, danışıqların gedişi Azərbaycanın xeyrinədir. Məsələn, XİN-in bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki görüşü ilə bağlı yaydığı bəyanatdakı bu cümləyə diqqət yetirin: “Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir”. Bu tip cümlələr işğalçının başının altına yastıq qoyur". E.Şahinoğlu qeyd etdi ki, 25 ildir eyni bəyanatlar, eyni açıqlamalar, işğal isə davam edir: “XİN-in bəyanatında göstərildiyi kimi ”müzakirələr faydalı və müsbət istiqamətdə" gedirsə nədən yerimizdə sayırıq? Tam əminliklə deyirəm ki, bu tip açıqlamalar Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın xeyrinədir. O, hazırda daxili problemlərlə üz-üzədir, ona görə də Qarabağla bağlı status-kvonu uzatmağa imkan verir və belə çıxır ki, biz ona bu imkanı yaradırıq. Halbuki XİN deməliydi ki, biz Ermənistandan konkret addımlar gözləyirik, Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlanılması üçün heç bir əsas yoxdur və sair".

Politoloq Arzu NaÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev isə  “Yeni Müsavat”a Paris şəhərində keçirilən görüşlə bağlı bunları bildirdi: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilən görüşdən münaqişənin həlli ilə tam gözləntim olmasa da, bu görüşün keçirilməsində əsas məqam yeni yaradılan erməni hakimiyyətinin Dağlıq Qarabağla bağlı planlarına aydınlıq gətirmək üçün bir imkandır. Buna görə də növbəti görüşün fevralda keçirilməsinin nəzərdə tutulması və bundan sonra hansısa proqnozların verilməsi mümkün olardı. Bu görüş danışıqlar naminə olmasa da, yenə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin deklorativ bəyanatları ilə yadda qaldı”. A.Nağıyev qeyd etdi ki, danışıqlar zamanı hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirə edilməsi haqqında bəyanatlar da ümumi sözlərdən ibarətdir: “Azərbaycan buna daim hazırdır və diqqət yetirir. Ermənistan tərəfi düşünməlidir ki, bu bəyanatlarla münaqişə həll edilməyəcək və bunun sonu Azərbaycan tərəfinin öz ərazilərini hərbi yolla azad etməsi ilə nəticələnə bilər və bu variant kimi gündəmdədir. Bunu ən çox Rusiya düşünməlidir, çünki açar fiqurdur və mühüm regional aktyordur. Azərbaycan da öz tərəfindən hücum diplomatiyasını davam etdirəcək”. Politoloq dedi ki, tərəflərin sülhə hazırlanması məsələsi, sadəcə, bir bəyanatdır: “Bu, çoxpilləli bir proses olduğuna görə vaxt tələb edir. Regional inkişafa gəldikdə isə Paşinyan hakimiyyəti hakimiyyətdə qalmaq üçün separat və milliyyətçi fikirlərdən əl çəkməlidir”.


Tarix: 18-01-2019, 10:18
Xəbəri paylaş





Xəbər lenti