zəlzələ, terror təxribatını yayanları cəza gözləyir
Yanvarın 16-sı və 17-si günlərində Bakıda bir ajiotaj yaşandı. Xüsusi təhlükəli külək olacağı xəbər verildi. 

Məktəblər dayandı, xəstəxanalar hazırlandı, sığınacaqlar quruldu, şirkətlərə xəbərdarlıq edildi, neftçilər dənizdən çıxarıldı, sürücülərə diqqətli olmaq tövsiyyə edildi.

Cahan.info iki günün təfsilatını hazırlayaraq yazır ki, bu vəziyyətdən sui-istifadə edənlər oldu.

Anonim şəxslərə sosial şəbəkələrdə və “WhatsApp” messencerində təxribat xarakterli məlumatları kütləvi şəkildə yayaraq, əhali arasında təşviş doğuran şayiələr yaymağa çalışdılar.

Misal üçün, insanları Bakıda baş verəcək zəlzələ, terror aktları və “donuz qripi” epidemiyası ilə qorxudurlar.

Öz sözlərinin sübutu kimi araqarışdıranlar KİV-də dövlət xidmətlərinin gücləndirilmiş iş rejiminə keçmələri barədə yayılan xəbərləri göstərirlər.

Virtualaz.org-a Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə və təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar. Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Eyni zamanda, söhbət yalnız Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin hava şəraitinin pisləşməsi və güclü külək haqqında xəbərdarlığından gedir.

Xatırladaq ki, son güclü fırtına nəticəsində Xəzərdə neftçilər faciəvi şəkildə həlak olmuşdular. Məhz buna görə də, ölkə rəhbərliyi əhalini hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdar etmək məqsədilə bütün qabaqlayıcı tədbirləri görüb.

Amma küləyin sürəti proqnozlaşdırıldığı kimi "ifrat təhlükəli" həddə olmadı. Yəni söhbət Bakı və Abşeron yarımadası üçün payız-qış aylarında xarakterik olan adi hava şəraitindən gedir.

Bununla belə şəhərin küçələrində nəqliyyat xeyli azaldı, insanlar da az gözə dəydi. Görünür "ifrat təhlükəli" hava ilə bağlı xəbərdarlıqlardan sonra şəhər sakinləri mümkün olduqca evdən çölə çıxmamağa çalışırdılar.

Əfsus ki, hansısa fürsətcillər, təxribatçılar xoşagəlməz şaiyələr yayır, panika yaradır, əhalini təşvişə salmağa çalışırdılar. Amma dövlət strukturları zamanında rəsmi məlumatlar yaymaqla, operativ fəaliyyətlə bütün prosesi nizamladılar.

Yanvarın 17-də günün ikinci yarısından sonra şimal-qərb küləyinin sürəti 33-38 m/ saniyəyədək qalxacaq.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.G.Məmmədova qeyd edib ki, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək:

“Əsasən güclü külək dənizdə və havanın yuxarı qatında müşahidə edilir. Biz məlumtı yayan zaman da bildirmişdik ki, ən güclü külək dənizdə müşahidə ediləcək.

Səhər saatlarından etbarən dənizdə güclü küləklə əlaqədar dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Gün ərzində küləyin zəifləməsi gözlənilmir. Külək ancaq sabah günorta saatlarına doğru nisbətən zəifləyəcək”.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi proqnozlaşdırılıb. Temperaturun anomal gedişi gözlənilir.

Bakıda və Abşeron yarımadasında enerji təchizatı normaldır. ASC hava proqnozu ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. Bakı və ətraf ərazilərin enerji ilə tam təmin edilməsi həyata keçirilib.

Bu sözləri Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. ASC sözçüsü bildirib ki, hava ilə əlqədar olaraq hər hansısa stansiyada qəza hadisəsinin baş verməməsi üçün əvvəlcədən önləyici tədbirlər görülüb:

"Küləklə əlaqədar hər hansısa ərazidə kəsinti qeydə alınmayıb və bu barədə müraciət daxil olmayıb. Haradasa enerjinin verilişində fasilə yaranarsa, vətəndaşlardan xahiş olunur ki, bu barədə bizə məlumat versinlər.

"199" nömrəli məlumat nömrələrimiz daim fəaliyyətdədir. Problem yaranacağı təqdirdə bu nömrə ilə əlaqə yaradılsın ki, operativ şəkildə müdaxilə edilsin və problem aradan qaldırılsın”.