Erməni abidəsinə görə məsələ Konstitusiya Məhkəməsinə gedir


Erməni abidəsinə görə məsələ Konstitusiya Məhkəməsinə gedir

Bu gün Gürcüstan Azərbaycanlıları Konqresində (GAK) Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyanın abidəsinin ucaldılması məsələsi ilə bağlı hüquqşünaslarla görüş keçirilib. Məsələnin Gürcüstan Konstitusiya Məhkəməsində baxılması istisna edilmir.

Bunu Cebhe.info-ya açıqlamasında, 20 yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində qoyulan Dağlıq Qarabağın işğalında iştirak etmiş Mixail Avaqyanın büstü ilə bağlı baş verən insidentə münasibətində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov deyib.

H.Yusubov bildirib ki, hadisə ilə bağlı sosial şəbəkələrdə və mediada söylənilən fikir və münasibətlərdən artıq işə keçməyin vaxtıdır:

"Buna görə də Konqresin baş ofisində hüquqşünaslarla ciddi məsləhətləşmələr apardıq. Bu məsələ Gürcüstan Konstitusiya Məhkəməsində həll olunmalıdır. Şərəfsiz erməni dığasına ucaldılan büst götürülməlidir. Abidələr böyük tarixi şəxsiyyətlərin şərəfinə ucaldılmalıdır. Alçaq separatistlər üçün olan daş parçalarının Gürcüstanda olmasını separatizmin təbliği kimi qiymətləndiririk. Bu məsələ milli və şərəf məsələsidir. Bunun sonuna kimi getməli və həmrəylik nümayiş etdirməliyik". GAK sədri Gürcüstanda yaşayan bütün soydaşlarımızın, söz və səlahiyyət sahibi olan məsul şəxslərin bu hadisəyə kəskin surətdə etiraz bildirmələrini zəruri hesab edib.

Qeyd edək ki, artıq rəsmi Bakı da bu məsələni nəzarətinə götürüb və Gürcüstan tərəfə etiraz edilib.

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalı prosesində iştirak edən erməni cəlladı Mixail Avaqyanın büstü qoyulub. Gürcüstanda atılan bu addım orada yaşayan soydaşlarımızın kəskin etirazlarına səbəb olub.


Tarix: 26-01-2019, 08:38
Xəbəri paylaş





Xəbər lenti