26 yanvar mitinqinə icazə verilmədi - müxalifət icazəsiz aksiyalara gedəcəkmi...


Qabil Hüseynli: “Uzaq olmayan bir zamanda mitinqlərin keçirilməsinə icazə veriləcək”

Milli Şuranın 26 yanvar mitinqinə icazə verilməməsi gündəmin müzakirə mövzularından biridir. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidovun Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatətinin ardından belə bir cavabın verilməsi ətrafında müxtəlif fikirlər səslənir.

Bundan sonra nələrin ola biləcəyi də müzakirə edilir. Eyni zamanda, ölkə müxalifətinin icazəsiz aksiyalara başlayıb-başlamayacağı gündəmə gəlib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli icazəsiz aksiyaların keçirilməsinin tərəfdarı deyil: “Belə aksiyaların keçirilməsi ölkədə konfrontasiya mühiti yarada, mənasız həbslərə yol aça bilər. Nəticə etibarı ilə ölkədə gərginliyin ehtimalları artar. Hazırda Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların intensivliyi artıb. Müəyyən qədər ümidverici işartılar görünür. Kütləvi tədbirlərin azadlığı məsələsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Hər zaman da kütləvi tədbirləri keçirməyə adətən icazə verilib. 26 yanvar mitinqi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mövqeyi başadüşülən olmasa da, polis təhlükəsizlik məsələləri ilə bağlı öz üzərinə öhdəliklər götürmək istəmir, bir növ boyun qaçırır. Belə olan təqdirdə mitinqlərə icazə verilməsi təhlükəli tendensiyalar yarada bilər. Mənə elə gəlir ki, bu uzun da sürməməlidir. Mitinqlər insanların əhval-ruhiyyələrinin idarə edilməsində bir vasitədir. Cəmiyyətdə gərginliyi azaltmağın yollarından biri də icazəli mitinqlərdir. Bu bir növ insanların özünü idarə etmələrinin bir formasıdır. Güman edirəm ki, Azərbaycan dövləti xüsusilə, Avropa Birliyi ilə yaxınlaşma ilə əlaqədar olaraq, Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş yarana biləcəyini nəzərə alaraq, mitinq tələbləri ilə ehtiyatlı davranacaq, bir müddətdən sonra mitinqlərin keçirilməsinə icazə verəcək. İcazəsiz mitinqlərə, xüsusilə, ciddi qarşıdurmalara yol aça biləcək aksiyalara müsbət yanaşmıram. Burada insanların taleyi ilə yanaşı, ölkədə sabitliyin qorunmasının zəruriliyini də ön plana çəkmək istəyirəm - amma kütləvi tədbirlərin azad surətdə keçirilməsi məsələsi diqqətdə saxlanılmaq şərti ilə”.

Ä°lgili resim

Politoloq ölkə daxilində əhval-ruhiyyənin dəyişdiyini də qeyd etdi: “Dəyişən əhval-ruhiyyədə siyasi qüvvələrin iştirakında heç bir qəbahət görmürəm. Güman etmirəm ki, mitinq keçirmək istəyən adamlar Azərbaycanın strateji dövlət maraqlarını nəzərə almaq istəmirlər. Onların da hamısının güman edirəm ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi qayğıları var. Bu məsələdə yetərincə ehtiyatlı bir taktikanın yeridilməsinə riayət edirlər, yaxud da etməyə borcludurlar. Mitinqlər, kütləvi tədbirlər insan haqları məsələsinin bir qoludur. Bunun reallaşdırılması istiqamətində Azərbaycanın siyasi rəhbərliyinin indiyə qədər yeritdiyi xətti məqbul hesab edirəm. Güman edirəm ki, bu xətt də bundan sonra davam etdiriləcək. Sadəcə olaraq, hakimiyyət də ölkədə əhval-ruhiyyələrin məcrasından çıxmamasını proqnozlaşdıraraq mitinqlərlə taktikalar həyata keçirir. Bu taktika mütləq qadağalarla müşahidə olunmur, yaxud da mütləq müşahidə olunmayacaq. Çox uzaq olmayan bir zamanda mitinqlərin, kütləvi tədbirlərin  keçirilməsinə icazə veriləcək”.(“Yeni Müsavat”)


Tarix: 26-01-2019, 11:20
Xəbəri paylaş





Xəbər lenti