Cəmiyyətin ciddi problemi: “Hamı mənim kimi düşünsün...”


Əhməd Qəşəmoğlu: “Bu, bəlkə də Azərbaycanda təsəvvür edilməyəcək dərəcədə aktual bir problemdir”

Azərbaycanda baş verən siyasi və ya sosial hadisələr fonunda öz fikrini başqasına yeridən insanlar üstünlük təşkil edir. Xüsusilə də siyasi sferada bu cür hallara tez-tez rast gəlirik. Hətta demokratiya və azad fikir uğrunda mübarizə aparan, çıxışlar edən insanlarda belə öz fikrini başqasına yeritmə hallarını müşahidə edirik. Sosial şəbəkələr insanların həyatına daxil olduqdan sonra bu hal daha qabarıq şəkildə özünü büruzə verir. Məsələ ilə bağlı dəfələrlə müxtəlif ictimai şəxslər çıxışlar edib bildiriblər ki, ölkə cəmiyyətində, ictimaiyyət arasında alternativ fikrə qarşı dözümsüzlük var.

Ekspertlər bildirirlər ki, cəmiyyətdə bu cür halların yaşanması insanların inkişafına birbaşa maneə yaradan amildir. Çünki başqasının fikri ilə hərəkət edən cəmiyyətdə alternativ təkliflər çox olmur. Bu isə cəmiyyətin illərlə eyni yerdə qalması, inkişaf etməməsi ilə nəticələnir.

“Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu halın kifayət qədər mənfi təsirləri var:

“Sovet cəmiyyəti dövründə müəyyən qədər nizam var idi. Həmin nizamda da sanki hər kəs  öz düşüncəsi, yeri barəsində təsəvvürə malik idi. İnsanlar bilirdilər ki, kim, nəyə səlahiyyətlidir. Ən despotik bir rejim olsa da, orada müəyyən bir nizam olur. Nizamin daxilində isə hər kəs özünə aid sahədə qərarlaşır və bununla qənaətlənir. Nəticədə olduğu sahədə fəaliyyətinə davam edir. 1980-ci illərdən sonra ölkədə vəziyyət dəyişdi. Həm SSRİ-nin dağılması ilə yaşanan xaotik proseslər,  həm də dünyada qloballaşma ilə bağlı baş verən dəyişikliklər, texnologiyanın inkişafı və digər bu kimi halların hamısı insanları müəyyən qədər informasiyaya yaxınlaşdırdı. Nəticədə adamlar daha çox informasiya almağa başladılar və azadlıq, iş barəsində meyarlar konkretləşmədiyi zamanda hər kəs sanki özünü bir qədər də yuxarıda hiss etdi. Bu prosesi mən də müşahidə edirəm. Ömrümü sosiologiyaya həsr etmiş adamam. Bir də görürsən ki, heç cəmiyyətdən, sosiologiyadan məlumatı olmayan bir adam başlayır sənə fikir yürütməyə ki, filan şey belədir. Deyirsən ki, ay qardaş, sən bunları indi düşündün. Ancaq bu məsələnin arxasında yüz illik elmi tədqiqatlar, nəticələr, tövsiyələr var. Baxırsan ki, yenə də dediyini deyir. Ona görə də bu gün təcrübəli filosofa, sosioloqa baxırsan ki, öz fikrini təqdim edir ki, belə düşünürəm, ixtiyarım var və sairə. Bunların hamısı sosioloji təhlil edəndə, çox təəssüf ki, yarımçıqlıq kompleksini ifadə edir.

Ä°lgili resim

1990-cı illərdə xaotiklik yarandı və insanlar lazımi təhsil alıb, intellektual olaraq püxtələşmədikləri üçün özlərini tez bir zamanda hər sahənin bilicisi hesab edirlər.  İnsanlarda da belə bir xüsusiyyət var ki, hər kəs çalışır özünü digərlərinə göstərsin. Bildirsin ki, mən də varam və belə bir üstünlüyə sahibəm. Cəmiyyət inkişaf etmiş olanda, insanlar təhsil alanda bu şeylər də bir qədər təmkinli olur. Yarımçıqlıq içərisində isə qarışıqlıq yaranır. Bu, bəlkə də Azərbaycanda təsəvvür edilməyəcək dərəcədə aktual bir problemdir. Azərbaycanın inkişafında bu kompleks çox neqativ bir rol oynayır”

FÉrqanÉ Mehmanqızı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a mövzu ilə bağlı fikir bildirən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, sosial şəbəkənin gücünü nəzərə alarsaq, qeyd edilən problemlə doğrudan da qarşılaşırıq: “Hər kəs qarşı tərəfin fikrini qəbul etmək istəmir. İnsanlarda sanki mənəmlik xəstəliyi özünü göstərir. Bu da daxili problemlərdən, uşaqlıqdan gələn özgüvənsizlikdən, dinlənilməməkdən xəbər verir. Problemin qarşısını almaq üçün ilk növbədə buna zəmin yaradan səbəbləri aradan götürmək lazımdır. Uşaqlıqdan dinlənilməyən, fikri ciddi alınmayan insanlar böyüdükcə daha da aqressivləşirlər. Nəticədə onlar öz eqolarına sadiq olurlar. Bu səbəbdən də qarşı tərəfin fikrini dinləməyib, əzməyə çalışırlar. Daha çox bu cür insanlar qarşı tərəfin şəxsiyyətinə toxunurlar. Bu gün baxırıq ki, heç sağlam debat da yoxdur. Əgər qarşılıqlı fikrə gəlinmirsə, o dəqiqə qarşı tərəfin şəxsiyyətini təhqir edirlər. Bir şəxs öz şəxsiyyətinə güvənirsə, fikrinə sadiqdirsə, lakin düşündüyünü müəyyən nüanslarla çatdıra bilmirsə, qarşı tərəfin şəxsiyyətinə toxunub, təhqirə keçəcək. Çünki fikrini faktlarla bildirə bilmir və başqa yolu qalmır. Ancaq bir insan ki, öz fikrinə güvənir, qarşı tərəfin də düşüncəsinin səhv olduğuna əmindir və faktları da var ki, bunu sübut etsin, o zaman həmin şəxs təhqirə keçməyəcək. Sadəcə olaraq, faktlarla, nüanslarla fikrini söyləyəcək. Əslində bu kimi məsələlərlə bağlı məktəbdən təməli qoyulmalı olan hallar var. Məktəbdə şagirdlərin fikirləri açıq şəkildə müzakirə olunmalıdır. Əgər bir uşaq dərs oxumayıbsa, ”nə üçün sən dərs oxumamısan" deyə, qabartmaq olmaz. Bunun səbəbi araşdırılsa, uşaq dinlənilsə, o zaman hər bir uşağın dinlənilmə problemi aradan qalxar. Nəticədə uşaq müzakirə əsnasında qarşı tərəfindən fikrinə hörmətlə yanaşmağı öyrənəcək. Bu uşaq elə də böyüyəcək və gələcəkdə cəmiyyət üçün sağlam şəxsiyyət olacaq. Sağlam şəxsiyyət isə qarşı tərəfin öz düşüncəsinə əks olan fikrini də normal qəbul edəcək. Cəmiyyətdə şəxsiyyətə toxunma hallarını çox görürəm. Əgər fikri bəyənmirsə, şəxsiyyətinə toxunur. Eyni zamanda cəmiyyətdə insanlar bilmədikləri mövzu haqqında belə fikir yürüdürlər. Bu, ya fantaziyalar olur, ya da kənardan doğru-yanlış eşitdikləri. Bu məlumatı ortaya atıb, inadlı şəkildə müdafiə edirlər. Cəmiyyətdə bu, əsas problemlərdəndir. İnsanlar dinləmək istəmirlər. Hamısı deyir ki, mən haqlıyam. Əgər o, fikrinin yanlış olduğunu boynuna alarsa, bunu əziklik kimi qəbul edir".


Tarix: 29-01-2019, 08:50
Xəbəri paylaş





Xəbər lenti