Hesablama Palatasının yoxlamaları niyə nəticəsiz qalır?

Natiq Cəfərli: “Qanunvericilik Palataya yetərincə səlahiyyət verib, amma...”

Azərbaycanda Hesablama Palatasının apardığı audit tədbirləri demək olar ki, nəticəsiz qalmaqdadır. Hər il onlarla dövlət qurumunda yoxlamalar aparan Palata aşkarladığı qanun pozuntularına dair materialların bir qismini hüquq-mühafizə orqanlarına göndərsə də, bir müddətdən sonra faktlar unudulur, real tədbirlər görülmür. Hətta bir çox hallarda məlum olur ki, Palatanın aşkarladığı nöqsanlarla bağlı tövsiyələrinə də dövlət qurumları tərəfindən əməl olunmayıb.

Hesablama Palatasının nəticələrini hüquq-mühafizə orqanlarına göndərdiyi son audit tədbiri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılıb. Qurumun bununla bağlı yaydığı məlumatdan aydın olur ki, dövlət vəsaitləri təyin olunmuş yerə xərclənməyib. 

Palata indiyədək bir neçə dövlət qurumu haqda qanunvericilikdə   nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, son illərdə Hesablama Palatası tərəfindən xeyli sayda audit tədbirlərinin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib. Onların bəziləri ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olsa da, faktlar üzrə istintaq hərəkətlərinin nəticələri cəmiyyətə açıqlanmayıb.

Natiq CÉfÉrli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan qanunvericiliyində Hesablama Palatasına yetərincə səlahiyyətlər nəzərdə tutulub: “Palatanın göndərdiyi materiallar hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin açılması və daha ciddi araşdırmaların aparılması üçün əsas olmalıdır. Bunun müşahidə olunmaması göstərir ki, burada ciddi maraq toqquşmaları baş verir. Çünki Hesablama Palatasının əsas işi büdcə vəsaitlərinin necə xərcləndiyini yoxlamaq, bunun monitorinqini aparmaqdır. Azərbaycanda da uzun illərdir həlli müşkülə çevrilən ən böyük problem büdcə korrupsiyasıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda məişət korrupsiyasının aradan qaldırılması sahəsində böyük irəliləyiş var:““ASAN Xidmət”in yaradılması bu sahədə problemi kifayət qədər azaltdı. Bu xidmət qeyri-leqal ödənişləri leqallaşdıraraq büdcəyə xeyli əlavə vəsait daxil olmasını təmin edə bildi. Bu isə məişət korrupsiyasının səviyyəsini aşağı saldı. Hesablama Palatası isə büdcə korrupsiyası ilə məşğuldur. Görünən odur ki, burada çox yüksək rütbəli məmurların maraqları toqquşur. Çünki belə mərmurların əli olmadan büdcə korrupsiyasında iştirak etmək mümkün deyil. Bu baxımdan, bəlkə də qanunvericilikdə Palataya başqa səlahiyyətlərin verilməsi üçün dəyişikliklər də lazımdır. Amma reallıq budur ki, indiki səlahiyyətləri ilə də Palatanın əldə etdiyi nəticələr cinayət işlərinin başlanması üçün çox ciddi əsaslardır”.

N.Cəfərli bildirir ki, Hesablama Palatasının audit tədbirlərinin nəticəsiz qalması büdcə korrupsiyasının səviyyəsinin artmasına gətirib çıxarır: “Cəzasızlıq mühiti problemi daha da dərinləşdirir. Törədilən əmələ görə cəza olmadıqda qanunsuzluq halları daha da artır. Buna görə də düşünürəm ki, korrupsiya əməlinə görə cəzalar və cəzalandırmalar artırılmalıdır”.


“Yeni Müsavat”

Tarix: 1-02-2019, 09:42
Xəbəri paylaş





Xəbər lenti