“Belə sərxoş qədəmlərlə Qarabağa çətin gedib çıxa bilək...”

 Sultan Laçın 

“Korrupsiya “külüngləri” ilə qazdığımız quyulara özümüz düşürük və belə getsə, hələ çox düşəcəyik...”
(7 cümlədə 7 dərd...)



 

Hörmətli Elmira Axundovanın parlamentin  fevralın 1-dəki plenar iclasında dəm qazı səbəbindən baş verən faciələrdən danışarkən hər bir evdə təhlükəsizlik sisteminin quraşdırılması təklifini verməsini eşidən Qədimalı kişi deputatdan bir xahiş edib: “ Başınıza dönüm, Elmira xanım, o “təhlükəsizlik” sözünü işlətməyin, yadıma “MTN”-in “badval”ı düşür...”  

 

***

 

Ölkədə alkoqolizmə, narkotikə meyillilik artıb –  biri küçədə yıxılır, yatıb donur, o biri televiziyaya sərxoş vəziyyətdə çıxır,  başqa biri nə isə iyləyib arvadını eyvandan atır, içib keflənmiş qızlar gecə saat 4-5-də küçədə qəza törədir, son bir  ildə iki deputat da  dəm halda yaxalanıb; xülasə,  heç ağlım kəsmir ki,  belə sərxoş qədəmlərlə Qarabağa gedib çıxa bilək...

 

*** 

 

Bu xalqa quyunu təkcə ermənilər, imperiyalar, mason, sionist-filanlar, qazmır: Bakıda, Sumqayıtda və külli-məmləkətdə korrupsiya “külüngləri” ilə qazdığımız quyulara özümüz düşürük(və hələ çox düşəcəyik), özümüz -özümüzü çökürdürük, batırırıq...

 

***

 

Deyirlər, Amerikada bir vətəndaş bankdan 1 dollar “yediyi”nə görə həbs edilib; bu hesabla görün, Azərbaycanda neçə həbs olunası adam(!) var, hələ neçəsi də milyonlar, milyardlar “yeyə-yeyə” evində, kreslosunda  rahat oturub...

 

***

 

Paytaxtımızın Yasamal rayonunda yerləşən “ASAN xidmət”in yaxınlığından keçən və Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni çəkilmiş yoldakı asfaltdan pul, üzr istəyirəm, su bulaq kimi qaynayır...

 

***

 

Azərbaycanda adi bir kənd məktəbinin direktoru  vəzifəsinə təzəcə başlayan şəxsə qohum-əqrəbasının, dost-tanışının ilk sualı adətən belə olur: “... “Çak-çuk”un varmı, yoxdusa, day quru maaşa nəyə işləyirsən hökumətə?..”

 

***

 

Nə qədər ki, arxivlər açılmayıb, kimin kim olduğu bilinməyib, siyasi meydanda köhnə “KQB” oyunçularının təzə oyunları davam edəcək...

 

Sultan Laçın

Tarix: 1-02-2019, 22:36
Xəbəri paylaş





Xəbər lenti