Ekspert KİVDF-dəki dəyişikliklərlə bağlı DANIŞDI


Ekspert KİVDF-dəki dəyişikliklərlə bağlı DANIŞDI

“Qəzetlərin dövlət büdcəsindən maliyyələşməsi məsələsinə və KİVDF-nin bu sahədəki mövcud siyasətinə bir sıra ekspertlərlə dəfələrlə münasibət bildirmişdik”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

O bildirib ki, heç bir müzakirə aparılmadan yeni maliyyələşmə siyasəti irəli sürülür:

“Fikrimcə, bu yanaşma qüsurludur. Bütün bu ləngimələr, qüsurlu yanaşmalar və səhvlər sahə ilə əlaqəli konseptual bir sənədin olmaması ilə bağlıdır. Ölkənin strateji maraqları baxımından, informasiya sahəsində milli maraqlarımız baxımından konsepsiya hazırlanmalıdır. Bütün qərarlar isə bu strategiyaya uyğunlaşdırılmalıdır.

Dövlət büdcəsindən maliyyələşmə ilə bağlı köhnə və yeni yanaşmalarla bağlı hazırda bəzi dostlarımızın istinad etdikləri sənəd, 2008-ci ildə qəbul edilib. Üstündən 10 il keçib. 10 ildə dünyanın və Azərbaycanın informasiya infrastrukturu kökündən dəyişib. İctimai rəyə təsir baxımından, informasiya mənbəyi və informasiya yayımı baxımından, kütləyə təsir baxımından tam yeni bir informasiya mühiti formalaşıb. Həmin sənəddə istinad olunan "kütləvi" termini artıq tamamilə ayrı bir media sahəsinə aiddir.

İnformasiya və media sahəsində yeni çağırışlar hər gün qapını döyür. Son dövrlərdə prezident tərəfindən innovasiyalarla və rəqəmsallaşma ilə bağlı qəbul edilən sənədlər də bu çağırışlara yönəlib. Amma media siyasətini müəyyən edənlər hələ də 2008-ci ilin konsepsiyasına müraciət edirlər. Düşünürəm ki, bu yanaşmanın özü qüsurludur və bütün digər səhvlər, yanlış addımlar da buradan qaynaqlanır. Bir neçə gün öncə TV-lərin dövlət büdcəsindən maliyyələşməsində də bu cür yanaşmanın şahidi olduq. Ümid edirəm ki, ölkədə KİV siyasətini müəyyən edənlər dünyanın müasir çağırışlarına uyğun olan, informasiya sahəsində milli maraqlarımıza uyğun olan bir yanaşma ortaya çıxartmaq üçün qısa bir zamanda ciddi işlərə başlayacaqlar”.

Xatırladaq ki, KİVDF Müşahidə Şurasının yanvarın 31-də keçirilən toplantısında qəzetlərin maliyyələşdirilməsinin yeni qaydaları müəyyənləşdirilib. Bundan sonra 2019-cu ilin ikinci rübündən etibarən, yalnız tirajı 5 min nüsxə, satış tirajı isə 2 min nüsxədən az olmayan qəzetlər KİVDF-dən maliyyə yardımı ala biləcəklər.

Qeyd edək ki, bir müddət əvvəl “Ekspress” qəzeti də çap variantından imtina etmişdi. Bundan sonra isə "Bizim yol", “Unikal” qəzetlərinin baş redaktorları da çap versiyasının dayandırılması barədə məlumat vermişdi. Amma “Bizim yol” və “Unikal” onlayn versiyada davam edəcəklər.


Tarix: 2-02-2019, 12:38
Xəbəri paylaş





Xəbər lenti